Yuxarı
    Bağlamaq

    ​Türkiyə baş nazirinin Tehrana səfərindən gözləntilər - ŞƏRH

    Türkiyəyə mehriban düşmən deyil, xoşməramlı qonşu olmaq üçün İrana daha bir fürsət verilir

    Bakı. 4 mart. REPORT.AZ/Bu gün Türkiyənin baş naziri Əhməd Davudoğlu İrana gedəcək.

    Suriya və İraqdakı hadisələrə tərəflərin fərqli yanaşması həm bölgədə, həm də ikitərəfli münasibətlərdə problemlərin yaranmasına səbəb olub.

    Düzdür, Tehran və Ankara rəsmiləri çıxışlarında bir sıra məqamları ört-basdır edib, bəzilərini ictimaiyyətə sızdırsalar da gizli, həllini və müzakirəsini gözləyən problemlərin qaldığı da sirr deyil.

    Ötən il avqustun 9-da İranın xarici işlər nazirinin Türkiyəyə səfərinin gözlənilmədən və əsaslandırılmadan təxirə salınması sirli məqamlardan sayıla bilər.

    Rusiyanın Suriyada hərbi əməliyyatlarda açıq-aşkar iştirakı da İranın Türkiyəyə münasibətinə göstərilən mənfi təsirlərdəndir. Türkiyənin sərhədini pozduğu üçün Rusiyanın hərbi təyyarəsinin vurulmasında İslam Respublikasının Kremli müdafiə etməsi də ölkələrarası əlaqələrə təsirsiz ötüşmədi.

    Bu sayaq ziddiyyətli və qarşıdurma yaradan halların sayını artırmaq da olar.

    Bununla belə vəziyyəti yumşaltmaq üçün hər iki tərəf addım atdı.

    İndki şəraitdə İranın Türkiyəyə müttəfiq olduğunu söyləmək çətindir.

    Düzdür, Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən sonra İranı "Türkiyəyə təhlükə yaradacaq dövlətlərin" siyahısından çıxararaq, onu dost dövlətlər sırasına daxil etdi. Hətta, rəsmi Ankara qonşulara münasibətdə "sıfır variantı"nı da irəli sürdü. Ancaq sonradan Ermənistan və İranın Türkiyəyə qarşı çıxışları, davranışları bu planın uğrusuz olduğunu təsdiqlədi.

    Yüzilliklər boyu bu iki dövlətin biri-birinə münsaibəti enişli-yoxuşlu olub.

    İranla Türkiyə qonşudur. Bölgədəki mövcud vəziyyət onların ortaq hədəflərinin olduğunu da şərtləndirir.

    Əhməd Davudoğlunun İranda aşağıdakı önəmli məsələləri müzakirə edəcəyi istisna edilimir:

    - Türkiyənin İrana sərmayə qoymasının şərtləri: Rəsmi Tehran sanksiyalar dövründə Türkiyənin İrana etdiyi yaxşılıqları unutmadığını bildirərək, qonşu dövlətin iş adamlarını ölkəsinə dəvət edir.

    - İrandan alınacaq təbii qazın TANAP (Trans Anadolu Təbii Qaz Kəməri layihəsi) vasitəsi ilə Türkiyədən keçməklə Avropaya çıxarılması:

    Türkiyə İrandan təbii qazın min kub metrinin 487 dollara alırdı. Məhkəmədən sonra bu məsələnin öz həllinin tapdığı bildirilir.

    İslam Respublikası hasil etdiyi təbii qazın 90 faizini Türkiyəyə, 5 faizə yaxınını isə Ermənistana satır. Ermənistan isə İrandan aldığı təbii qazın min kubmetrinə 250-300 dollar ödəyir.

    Türkiyə ilə İran arasında gündəlik 30 milyon kubmetr təbii qazın Türkiyəyə nəqli ilə bağlı 25 illik müqavilə var. Bu baxımdan enerji daşıyıcıları məsələsi də müzakirəyə çıxarılacaq. Rəsmi Ankara bildirmişdi ki, İran Türkiyəyə satdığı təbii qazın qiymətini aşağı saldığı halda qarşı tərəf idxal etdiyi təbii qazın həcmini artıracaq. Çünki Rusiya ilə Avropa arasında mövcud şəraitdə anlaşılmazlıq var. Avropa əlavə enerji qaynaqları axtarır.

    Bu məqamda qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehrana son səfəri çərçivəsində keçirdiyi görüşlərdə də TANAP və bu kimi iqtisadi layihələr müzakirə edilib. Odur ki, Azərbaycan, İran və Türkiyə iqtisadi sahədə belə layihələri həyata keçirməklə bölgənin təhlükəsizliyinə də töhvə verə bilər. Bu həm də TANAP, tranzit-nəqliyyat layihələrinin səmərəliliyinin artmasına, tərəflərin maraqlarının təmin olunmasına xidmət edər.

    - Bu ölkə ilə bağlı ortaq mövqelərin yaxınlaşdırılması: İki ölkə arasında ən ziddiyyətli məsələ Suriyaya münasibətdir. Ankara Suriyadakı Bəşşar Əsəd rejiminin siyasətdən getməsini, Tehran isə onu müdafiə etdyini bildirsə də, İran və Türkiyə başqalarından, özəlliklə Rusiya və ABŞ-dan fərqli olaraq, bu ölkənin ərazi bütövülüyünü dəstəkləyir.

    - İraq və Suriya ərazisində fəaliyyət göstərən terrorçu PKK qruplaşması və onun qollarına münasibət: Əhməd Davudoğlunun səfəri öncəsi İranın Suriyada fəaliyyət göstərən terrorçu PKK qruplaşmasının qollarına hərbi sursat və texnika ilə yardım etdiyi haqda məlumat yayılıb. Məlumata əsasən, İran İnqilab keşikçiləri Qvardiyasının Cavad adlı general rütbəli komandanı PKK-nın Suriyadakı qollarından biri "PYD"nin komandiri Sipan Hemo ilə görüşərək, ona 3,5 milyon dollarlıq raket verib.

    Kürdlərin İraqda etdikləri, yaxud onlar vasitəsi ilə törədilənlərin perspektivdə İranda da baş verəcəyi ehtimalı az deyil. Odur ki, Davudoğlu İran prezidenti Həsən Ruhani ilə PKK, PYD, PJAK (əsasən İranda fəaliyyət göstərir) və s. bu kimi terrorçu təşkilatların hədəflərində hər iki ölkənin olduğu diqqət mərkəzində olacaq.

    -İraqın və Suriyanın gələcəyinə ortaq mövqe sərgilənməsi və s.

    İki ölkə arasında ticarət dövriyyəsi 13-15 milayrd dollar çərçivəsindədir. Tərəflər bu rəqəmin 30 milyard dollara çatdırmaq niyyətindədir.

    Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin Türkiyə-İran Yüksək Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün aprelin ortalarında Türkiyəyə səfər edəcəyi gözlənilir.

    Beləliklə, İranla Türkiyəni indiki şərait daxilində birləşdirən məqamlar az deyil. Hesab etmək olar ki, tərəflər bu üstünlüyü və maraqları kənar qüvvələrin istəyinə qurban verməyəcəklər.

    Nəhayət, Tehrana Türkiyəyə mehriban düşmən deyil, xoşməramlı qonşu olmaq üçün daha bir imkan verilir. İran bununla etibarlılığını da təsdiqləyər. Çünki İslam Respublikası sanksiyalar dövründə ona yardım edənləri unutmadığını bildirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi