Donald Trampa impiçment - demokratiyanın göstəricisi - ŞƏRH

Donald Trampa impiçment - demokratiyanın göstəricisi - ŞƏRH İmpiçmenti üçillik etirazların məntiqi davamı kimi dəyərləndirmək olar
Analitika
19 Dekabr , 2019 15:23
Donald Trampa impiçment - demokratiyanın göstəricisi - ŞƏRH

ABŞ Konqresinin Nümayəndələr palatasının impiçment məsələsi ilə bağlı mövqeyi demokratiyanın gücünü bir daha təsdiqlədi. ABŞ xalqı küçələrə çıxmadan, dükan və bankları dağıdıb sahibkarlara ziyan vurmadan ən ciddi problemi belə 635 nəfərin səsi (Nümayəndələr palatası və Senat üzvlərinin sayı 535, 100) ilə həll edə bilir. Səsvermədən sonra qərara hamı hörmət edir. Bu da seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin hamıya səmərəli ola biləcəyini göstərir.

Dekabrın 18-də ABŞ-ın Nümayəndələr palatasında (aşağı palata) prezident Donald Trampa impiçment barədə qərar qəbul olunub. 535 konqresmenin 230-u məsələ ilə bağlı qanun layihəsinin lehinə, 197-si isə əleyhinə səs verib. Səsvermə zamanı partiya mənsubiyyətinə görə cəbhələşmə özünü aydın göstərib. Respublikaçılar Partiyasından olan konqresmenlərin hamısı sənədin əleyhinə, demokratların isə, demək olar, hamısı lehinə səs verib. Demokratlardan biri impiçmentin birinci hissəsinin, 3-ü isə ikinci hissəsinin əleyhinə çıxıb. Donald Tramp iki maddə üzrə ittiham olunur: birincisi, prezident hakimiyyətindən sui-istifadə. Aşağı palatanın komitələrinin hesabatına əsasən, Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə 2020-ci ildə keçiriləcək prezident seçkisində Demokratlar Partiyasından olan başlıca rəqibi Co Baydenlə bağlı kompromatlar verməsi üçün təzyiq edib. ABŞ Ukraynaya 391 mln. dollar məbləğində yardım edib. İddia olunurdu ki, telefon danışığı zamanı Tramp bu məsələyə Baydenlər ailəsinin nə dərəcədə iştirak etdiyini soruşub. Bayden seçkiqabağı mitinqdə çıxışı zamanı bildirib ki, ölkə prezidenti andını pozaraq milləti satıb: “Buna görə də impiçment olunmalıdır”. Ukrayna məsələsi 2020-ci ildə keçiriləcək prezident seçkisinin gedişinə müdaxilə cəhdi adlanır. Qeyd edək ki, Donald Trampın sentyabrın 25-də Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı dünya mediasının gündəmini zəbt etmişdi. Bu danışıq Zelenski prezident seçiləndən sonra Trampla onun arasında keçirilən ilk rəsmi söhbət olub. ABŞ-ın Ədliyyə Nazirliyi həmin danışığın beşsəhifəlik xülasəsini açıqlayıb. Bildirilib ki, Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskidən ABŞ-ın keçmiş vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə iddiaçı Co Baydenin oğlunun işini araşdırmağı istəyib. İkinci ittiham isə Konqresin impiçment üzrə araşdırmasına Donald Trampın mane olmasıdır. Demokratlar iddia edir ki, prezident məsələ ilə bağlı ifadə verməkdən imtina edib və uyğun sənədləri təqdim etməyib. Konqres Donald Trampın bu hərəkətini ABŞ-ın milli təhlükəsizliyinə zərbə kimi qiymətləndirirlər. Demokratlar konstitusiyanı müdafiə etdiklərini və Donald Trampı hakimiyyətə getməklə cəzalandırmaq istədiklərini bildirirlər. Respublikaçılar isə qarşı tərəfi cinayət izi axtarmağa cəhddə ittiham edir: “Ancaq bunu tapmayıblar”. ABŞ konstitusiyasına əsasən, “dövləti xəyanət etdikdə, rüşvət aldıqda və ya başqa ağır cinayətlər, addımlar atdıqda” prezidentə impiçment tətbiq edilir. 

Əslində, Donald Trampa etimadsızlıq göstərilməsi hələ onun tutduğu vəzifədən uzaqlaşdırılması demək deyil. Məsələ bundan sonrakı mərhələdə Senatda həll ediləcək. 2020-ci ilin yanvar ayında ABŞ Ali Məhkəməsi başçısının sədrliyi ilə Senatda məhkəmə prosesi keçiriləcək. Senatın bütün üzvləri hakim rolunda çıxış edəcəklər. Senatda respublikaçılar üstünlük təşkil edir. Aşağı palataya 2019-cu il yanvarın 3-də keçirilən 116-cı çağırışın nəticələrinə əsasən, 535 yerdən 235-ni demokratlar, 197-ni isə republikaçılar qazanıb, 3 yer isə boşdur. Bu çağırışın səlahiyyət müddəti 2021-ci il yanvarın 3-də bitir. Senatdakı 100 yerdən 53-nü Respublikaçılar Partiyası, 45-ni isə Demokratlar Partiyası qazanıb, 2 yer isə bitərəflərə məxsusdur. Senatorların üçdə ikisinin lehinə səs verdikləri halda impiçment qəbul oluna bilər. İndiki halda demokratların iddialarını gerçəkləşdirmək üçün daha 18 səsə ehtiyacları var. İmpiçmentə 18 respublikaçı, yaxud 16 respublikaçı və 2 tərəfsizin səs verəcəyi o qədər də inandırıcı görünmür. Bu baxımdan, Donald Trampın öz vəzifəsinin icrasını davam etdirəcəyi ehtimalı daha böyükdür.

Yeri gəlmişkən, ABŞ tarixində ilk impiçmentin 1868-ci ilin mart ayında 17-ci prezident Endrü Consona tətbiq edilməsi gündəliyə çıxarılıb. Demokratlar Partiyasından olan Conson 1864-cü ildə vitse-prezident kimi Avraam Linkolnun ölmündən sonra prezident səlahiyyətlərini icra edib. 1867-ci ildə onun prezidentliyi dövründə Alyaska yadımadası Rusiyadan satın alınıb. Consonun bu addımı zamanında müasirləri tərəfindən lazımi dərəcədə qiymətləndirilməmişdi. O vaxt prezident hərbi nazir Stentonu tutduğu vəzifədən azad edərək onun yerinə müvəqqəti olaraq general Toması təyin etmişdi. Stenton bu əmri icra etmək istəməyib. Bundan sonra prezidentə qarşı etimadsızlıq məsələsi gündəliyə çıxarılıb. Senat və Nümayəndələr palatasındakı səsvermədən sonra Consona impiçmentlə bağlı qanun layihəsi həyata keçməyib. Növbəti impiçment 106 il sonra 1972-ci il iyunun 17-də Demokrat Partiyasının Vaşinqtondakı məşhur “Uotergeyt“ otelində yerləşən qərargahında danışıqları dinləmək məqsədilə oraya dinləmə cihazları yerləşdirmək istəyən beş nəfərin ələ keçməsi ilə gündəmə gəlib. Araşdırmalar zamanı onların Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları olduğu və bu məsələnin arxasında hakimiyyətdə olan Respublikaçılar Partiyasının dayandığı üzə çıxıb. Bundan sonra prezident Riçard Niksona etimadsızlıq göstərilib. Nəticədə o, 1974-cü ildə istefa verib. Bundan başqa, 1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildəki intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd edilən məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb olmuş, bu isə ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələnmişdi. Ancaq Senat sonda impiçment tələbini rədd edən qərar qəbul etmişdi.

Bu arada Donald Tramp səsvermədən əvvəl demokratları 2016-cı ildə keçirilən prezident seçkisinin nəticələrini “deviriliş yolu ilə” ləğv etməyə cəhd göstərməkdə ittiham edib: “Demokratlar Amerikaya, Respublikaçılar Partiyasına hücum edir”. Prezident həmçinin impiçmentə səsverməni demokratların “siyasi intihar"ı adlandırıb. Onu da qeyd edək ki, 2016-cı il noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasından namizəd, milyarder Donald Tramp Seçicilər Kollegiyasının 276 səsini toplayaraq qalib gəlib. Onun əsas rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton 218 səs toplayıb. Hilları Klinton seçici səslərinin say nisbətinə görə Donald Trampdan 1,5 milyon çox səs toplayıb. Keçmiş dövlət katibi 63 mln. 390 min 669 səs, rəqibi isə 61 569 824 səs toplayıb. Xatırladaq ki, ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 276, Hillari Klinton isə 218 səsini toplayıb. Eyni zamanda Ağ Ev aşağı palatanın qərarına ilk açıqlamasında bildirib: “Nümayəndələr palatası millətimizin və dövlətimizin tarixinə ən utancverici siyasi qurumlardan biri kimi qalıb”.

Nəhayət, 2020-ci ildə ABŞ-da prezident seçkisi keçiriləcək. Bu kampaniyada Donald Tramp namizəd olaraq yenidən iştirak edəcəyini bildirmişdi. Nəzəri cəhətdən Senat ona qarşı impiçmenti qəbul etməyəcək. Bu isə prezidentə seçkiqabağı kampaniya və səsvermədə əlavə xal qazandıra bilər. Əslində, Donald Trampa qarşı bu addımın atılması gözlənilən idi. Prezident elan olunduğu ilk aylardan ona qarşı etimadsızlığın göstərilməsi ilə bağlı çıxışlar edilirdi. ABŞ-ın Avropadakı müttəfiqləri də Trampa qarşı birbaşa və dolayı yolla açıqlama verirdi. Ancaq üçillik prezidentliyi dövründə Donald Tramp bir sıra məsələlərlə yadda qalıb. O, Avropadakı müttəfiqlərindən təhlükəsizlikləri ilə bağlı ABŞ-a əlavə pul vermələrini istəyib. Tramp sanksiyaları sərtləşdirməklə İranda maliyyə-iqtisadi böhran yaradıb. Bununla belə, İran rəhbərliyi ilə müzakirələrə hazır olduğunu bildirib. Şimali Koreya lideri Kim Çen Inla görüşən ilk ABŞ lideri olub. Ştatlara miqrasiyanı sərtləşdirib. Meksika ilə sərhəddə beton divar hördürüb. Donald Tramp 1915-ci il aprelin 24-də baş verənləri “böyük fəlakət” adlandırıb. O, "soyqırım" ifadəsini işlətməyib. Türkiyə ilə münasibətləri normallaşdırmaq xəttini müdafiə edib. ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürdüb. Komandasının üzvlərini tez-tez istefaya göndərməklə də ABŞ tarixində özünəməxsus yer tutub. Donald Tramp terrorçu İŞİD qruplaşmasının ləğv olunduğunu elan edib. Suriyadakı hərbçilərinin sayını azaldıb. Çinə qarşı sərt mövqe tutub. Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyib. Latın Amerikası ölkələrində, o cümlədən Venesuelada sol siyasi-ideologiya daşıyıcıları olan hakimiyyətlərin dəyişdirilməsini müdafiə edib. Əfqanıstanda "Taliban" hərəkatı ilə danışıqlara üstünlük verib. Rusiyaya qarşı sanksiyaları genişləndirib və s. Donald Tramp ölkə və dünya ictimaiyyətində bir sıra gözlənilməz addım atan prezident kimi tanınır. Bu baxımdan, ona qarşı impiçmenti də üçillik etirazların məntiqi davamı kimi dəyərləndirmək mümkündür. 

Son xəbərlər

Orphus sistemi