Bakı. 18 may. REPORT.AZ/ Mayın 17-də Trans-Adriatik Qaz Kəmərinin (TAP) təməlqoyma mərasimi keçirilib.
Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç tədbir çərçivəsində Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, energetika naziri Natiq Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovla görüşüb.
Azərbaycan xarici işlər nazrinin müavini Mahmud Məmmədquliyev Bakıda keçirilən Avropa günlərində bu layihəni belə dəyərləndirib: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfələrini verməkdə davam edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığa dair imzalanmış memorandumun indi nəticələrini görürük".
Azərbaycan Avropanın enerji ilə təmin olunmasında çoxşaxəli layihələrin aparıcı ölkələrindən biridir və qoca qitənin enerji asılılığından xilas olmasına yardım göstərib və bu proses davam edir. Rəsmi Bakı bununla da Avropa İttifaqının strateji maraqlarının təmin olunmasına, siyasi təzyiqlərdən qurtulmasına, habelə sosial-iqtisadi problemlərin həllinə öz töhfəsini verir.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev "Report"a açıqlamasında bildirib ki, TAP layihəsi Avropa üçün çox geniş geosiyasi əhəmiyyəti olan layihədir. O qeyd edib ki, bu layihənin reallaşması, yəni Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın Avropaya daxil olması bu qitənin ümumi enerji xəritəsində çox ciddi dəyişikliklərə səbəb olacaq: "TAP layihəsi Avropanın eneji təhlükəsizliyinin təmin olunmasına, eyni zamanda qitənin cənub-şərq hissəsinə daxil olan ölkələrin enerji təhlükəsizliyinin təmin olunması üçün əlavə böyük dividentlər verəcək".
Ekspert qeyd edib ki, Avropanın qaz portfelində Rusiya boru kəmər qazının xüsusi çəkisi yaxın 5 ildə aşağı salınacaq. Onun fikrincə, Rusiyanın "Cənub axını","Türk axını", daha sonra "Şimal axını-2" layihələrinin fiaskoya uğramasından sonra Avropanın cənub-şərq hissəsinin enerji təhlükəsizliyinin təmin olunmasında TAP-ın müstəsna əhəmiyyəti olacaq: "Şərqi Avropa ölkələrinin böyük əksəriyyətinin, o cümlədən Yunanıstan, Bolqarıstan, Rumıniya, Slovakiya, Macarıstan, Çexiya, Polşa və digər dövlətlərin Rusiya qazından yüksək səviyyədə asılılığı var. Azərbaycan qazının Avropanın enerji bazarına daxil olması o deməkdir ki, gələcəkdə Avropanın Rusiya qazından asılılığı azaldılacaq. Avropanın cənub-şərq hissəsinin ümumi illik qaza olan tələbatı təxminən 60-65 mlrd. kubmetr təşkil edir. Azərbaycanın həyata keçirdiyi bu layihə tammiqyaslı ilə işə düşəndə həmin kəsirin müəyyən hissəsi aradan qaldırılacaq. Bu layihə tam miqyasda həyata keçiriləndən sonra layihə boyu müxtəlif birləşdirici qaz kəmərlərin, interkonnektorların şahidi olacağıq".
Z.Vəliyev, həmçinin "Cənub Qaz Dəhlizi" layihəsinə İran və Türkmənistan qazının da daxil olacağını istisna etməyib: "Bu layihə İran və Türkmənistan qazının da Avropanın qaz bazarlarına daxil olmasına münbit şərait yaradacaq. Türkmənistan hazırda öz ixrac imkanlarını şaxələndirmək siyasəti yürüdür. Azərbaycan dövlətinin ixrac imkanları Mərkəzi Asiyanın karbohidrogenlə zəngin dövlətlərinin neft-qazını Avropaya çatdırmağa tam şərait yarada bilər. Həmin ölkələr Azərbaycanın aktivində olan ixrac gücləri vasitəsilə karbohidrogen ehtiyatlarını Avropa bazarına çıxara bilərlər. Bu təcrübə artıq mövcuddur. Artıq bir neçə ildir ki, Türkmənistan və Qazaxıstan öz yataqlarından hasil etdiyi xam nefti Azərbaycanın ixrac kəməri vasitəsilə Avropa bazarlarına çıxarır. Gələcəkdə türkmən qazının da Azərbaycanın
ixrac gücündən istifadə edəcəyi gözlənilir. Azərbaycanın ixrac imkanlarından gələcəkdə həm İranın, həm də Türkmənistanın istifadə etməsi qaçılmaz olacaq".
O, həmçinin layihənin həm kommersiya cəhətdən, həm də geosiyasi tərəfdən etibarlı layihə olduğunu vurğulayıb. Ekspert qeyd edib ki, kəmərin keçdiyi istiqamətdə böyük təhlükəsizlik zolağı formalaşacaq: "Gələcəkdə Azərbaycan həm əlavə siyasi dividentlər qazanacaq, həm də neft hasilatının aşağı düşməsi fonunda iqtisadi imkanlarını Cənub Qaz Dəhlizi layihəsindən gələn gəlirlər hesabına həll edəcək".
Bu layihənin həyata keçməsində iqtisadi maraqların təmin olunması ilə yanaşı, Azərbaycanın siyasi istəklərinin ödənilməsi də əsas amillərdəndir.
Təməlqoyma mərasimindən bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq üçün Vyanaya səfərə getmişdi və səfər çərçivəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Maroş Şefçoviçin təməlqoyma mərsimində iştirakı, Federika Moqerinin Prezident İlham Əliyevlə görüşü Avropa İttifaqının Azərbaycana böyük marağının göstəricisi sayıla bilər. Lakin ikitərəfli əlaqələrin inkişaf tarixinə və mərhələlərinə nəzər salsaq məlum olar ki, Azərbaycan hələ də Avropanın enerji təhlükəsizliyin təmin olunmasına verdiyi dəstək və töhfənin qarşılığını ala bilməyib və Brüsseldən xeyli gözləntiləri var.
Rəsmi Bakının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak etdiyi danılması mümkün olmayan faktdı. Amma qarşı tərəf Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün hələ də əməli addım atmayıb.
Təbii ki rəsmi Bakı iqtisadi əməkdaşlığı genişləndirməklə Avropadan haqqı çatmayan, əsası olmayan nəsə tələb etmir. Azərbaycan əməkdaşlıq etdiyi bütün dövlətlərdən və beynəlxalq təşkilatlardan ölkənin ərazi bütövlüyünün təmin olunması kimi haqlı, ədalətli mövqeyinin dəstəklənməsini və bu istiqamətdə real addımların atılmasını gözləyir.
Beləliklə, Azərbaycan təbii qazın Avropaya nəqli layihələrində oynadığı rolla və enerji kəmərləri vasitəsilə Asiyanı da bu qitəyə birləşdirə bilər.
TAP layihəsinin təməli qoyulduğu ərəfədə baş verən bir məsələni də diqqətdən qaçırmaq olmaz: Mayın 28-də Rusiya prezidenti Vladimir Putin Yunanıstana rəsmi səfər edəcək. Səfər zamanı Rusiya təbii qazının Yunanıstan-İtaliya kəməri vasitəsi ilə Avropa İttifaqına üzv dövlətlərə nəqli məsələsinin müzakirə ediləcəyi gözlənilir.
Məlum olduğu kimi Krımı ilhaq etdiyi üçün Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib. TAP-ın təməlqoyma mərsimindən sonra Vladimir Putinin Yunanıstana səfəri başqa mətləbərdən də xəbər verir. Ən azından Yunanıstan indi düşdüyü vəziyyətə görə Avropa İttifaqının "zəif bəndi" sayıla bilər.
Bütün hallarda Avropa İttifaqı ilə Azərbaycanın qarşılıqlı maraqlarını təmin edəcəyinə ümidlər çoxdur.