“Taliban”a təhvil verilən Əfqanıstan - Qərb əfqan xalqını satdımı?

 “Taliban”a təhvil verilən Əfqanıstan - Qərb əfqan xalqını satdımı? “Taliban” 20 ildən sonra yenə Əfqanıstanı ələ keçirdi. ABŞ, Rusiya, Çin, Avropa İttifaqı, başqa ölkələr, beynəlxalq təşkilatlar bu qruplaşmanı terrorçu təşkilatla siyahısından çıxartmadan onunla əməkdaşlıqdan bəhs edildi.
Analitika
18 Avqust , 2021 15:02
 “Taliban”a təhvil verilən Əfqanıstan - Qərb əfqan xalqını satdımı?

“Taliban” 20 ildən sonra yenə Əfqanıstanı ələ keçirdi. ABŞ, Rusiya, Çin, Avropa İttifaqı, başqa ölkələr, beynəlxalq təşkilatlar bu qruplaşmanı terrorçu təşkilatlar siyahısından çıxarmadan onunla əməkdaşlıqdan bəhs edildi. Görünür, belə vəziyyətdə, yaxud razılaşdırılmış aksiyalarda sanksiyalar, “qara siyahı” da öz gücünü itirir. “Taliban” ABŞ və NATO-dakı müttəfiqlərinin qoşunlarını Əfqanıstandan çıxarmağa başlayandan fəallaşmağa başladı. Sanki onların yerinə Əfqanıstanın rəsmi dövlət qurumları, ordusu deyil, qruplaşma hazırlıq keçirmiş.

Deməli, ABŞ 20 il ərzində Əfqanıstanda demokratiyanın inkişafı üçün 2 trilyon dollarlıq vəsait xərcləyib. Belə çıxır ki, əldə edilən bütün uğurlar yenidən “Taliban” tərəfindən məhv ediləcək, etnik azlıqlar, o cümlədən türklər - özbək, türkmən, hezarilər (xəzərilər) yenidən “Taliban”ın puştunlar şovinizminin qurbanına çevriləcək. Pentaqon 2001-ci ildən qruplaşmaya qarşı mübarizədə 193 milyard dollar xərcləyib.

Yeri gəlmişkən, 1996-2001-ci ildə hakimiyyətdə olduğu müddət ərzində “Taliban” dövləti orta əsrlərdən qalma metodla dövləti idarə edib. İlk növbədə qadın və gənclərin hüquqları pozulub. Onlar qadınları insan saymır. Eyni təfəkkürün daşıyıcıları yenidən ölkəyə nəzarət edir. Onlara ABŞ-ın hərbi texnikası, silah-sursatı, azı 20 milyard dollar həcmində iqtisadiyyat qaldı. Əslində, “Taliban”ın Əfqanıstanı sürətlə ələ keçirməsi İŞİD-in İraqda Səddam Hüseyndən qalma ordunu məğlub edib bütün hərbi texnikanı, silah-sursatı ələ keçirməsinə çox oxşayır. Qeyd edək ki, ABŞ başda olmaqla beynəlxalq koalisiya 2014-cü il iyunun 13-dən 2019-cu il martın 23-dək İraq və Suriya ərazisində bu terrorçu qruplaşmaya qarşı mübarizə apardı. Bu hadisələr fonunda Suriya və İraq ərazisində yeni bir dövlət yaratmaq cəhdi hələ ki boşa çıxıb. “Taliban”la İŞİD-in Əfqanıstanın nüfuz dairəsi uğrunda mübarizə apardığına dair xəbərlər də yayılırdı. Əfqanıstandakı İŞİD hara getdi? Onun Əfqanıstanda saxlanıldığını ehtimal etmək olar. Bir gün onu da “Taliban”a və daha başqa kimə qarşı istifadə edə bilərlər.

Əslində, ABŞ və müttəfiqlərinin Əfqanıstanı belə sadəliklə keçmişi bəlli “Taliban”a təhvil verməsi inandırıcı görünmür. Ağ Ev, yaxud qərb indi Əfqanıstanda baş verənləri əvvəlcədən təxmin etdiyi halda niyə bu addımı atdı? Belə ehtimal etmək olar ki, ABŞ Əfqanıstandan çıxmaqla regionu Çin və Rusiya kimi rəqiblərinə təhvil verib. Nəzərə almaq lazımdır ki, Kabilin girişinə yaxınlaşanda rəsmi Moskva və Pekin “Taliban”la əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişdilər. Rusiya XİN rəsmisinin Əfqanıstan Prezidenti Əşrəf Qani hakimiyyətini tənqid etməsi də təsadüf sayıla bilməzdi. Xatırladaq ki, Rusiya terrorçu olaraq tanıdığı “Taliban”ın liderlərini Moskvaya buraxmış, Əfqanıstandaxili məsələlərin müzakirəsində onlara şərait yaratmışdı.

ABŞ və NATO-dakı müttəfiqlərindən ibarət koalisiya 2001-ci ilin məlum 11 sentyabr hadisəsindən sonra “taliban” hakimiyyətini devirmişdi. Onda Rusiya və Çin hadisələrə demək olar müşahidəçi olmuşdu. Bu dəfə isə onların hakimiyyətə gəlişinə az qala yardım etmiş də sayılırlar. Belə ehtimal etmək olar ki, Moskva və Pekin ABŞ-ın və NATO-dakı müttəfiqlərinin regiondan çıxmasını alqışlayır, bu səbəbdən bir nəfəs də alırlar. “Taliban” özünü antiqərb göstərməyə çalışsa da, Əfqanıstandaxili danışıqların başlıca təşəbbüskarı və əsas vasitəçi ABŞ idi. Deməli, belə çıxır, Birləşmiş Ştatlar Əfqanıstanı bilərəkdən Çin və Rusiyanın nəzarətinə verib, yaxud onlara güzəşt edilib? Bu, elə də inandırıcı görünmür. Çünki “Taliban” hərəkatının qurucuları bir zamanlar keçmiş SSRİ işğalına qarşı mübarizədə iştirak edənlərdir. Bu baxımdan onlar qərbə qarşı olduqlarını iddia etsələr də, cinin canı olan şüşənin ABŞ-da qaldığından xəbərdardırlar.

Bu arada daha bir məsələyə diqqət etmək yerinə düşər. Hadisələrin gedişindən belə anlaşıldı ki, hakimiyyət qüvvələrinin döyüş qabiliyyəti qruplaşmanınkından zəifdir. Yaxud 20 ildə ABŞ Əfqanıstan üçün ordu formalaşdıra bilməyib? Hakimiyyətin topu-topxanası, qırıcı təyyarələri, hava hücumundan müdafiə sistemi və başqa hərbi texnikası var idi. Niyə hakimiyyətin deyil, ABŞ-ın təyyarələri “Taliban”ın mövqeyini bombaladı? Belə məlum olur ki, Əfqanıstanın siyasi elitası və tayfa başçıları hakimiyyətə etibar etməyib. O, cəmiyyətdə nüfuzdan düşdüyündən hərbi qüvvələr arasında belə əlaqə zəif olub. Bunu marşal, keçmiş vitse-prezident Əbdül Rəşid Dostum hakimiyyətə çağırışında bildirmişdi.

Beləliklə, Əfqanıstanda qanuni hakimiyyətin yerini dünyanın aparıcı gücləri tərəfindən terrorçu kimi tanınan “Taliban” qruplaşmasına təhvil verildi. Əfqanıstan xalqı yenidən repressiya ilə üz-üzə qalıb. Qruplaşma isə əhaliyə ümidverici vədlər vermir. Onlar bəyan ediblər ki, çadra geyinəcəkləri halda qadınlar dövlət orqanlarında işləyə bilərlər. Yaxud onların yerinə qohumlarındakı kişilər banklarda çalışa bilərlər. Qızların təhsil alması da yenə çadra geyinməkdən asılıdır. 20 il əvvəl olduğu kimi ictimai davranış qaydalarında dəyişiklik yoxdur. “Taliban” ölkəni şəriət qaydaları əsasında idarə etdiyini iddia edir.

Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri, Türkmənistan-Əfqanıstan-Pakistan elektrik xətti layihəsi ilə bağlı qruplaşmanın hələ ki açıqlaması yoxdur.

Belə görünür, Əfqanıstanda yeni siyasi texnologiya sınaqdan çıxarılır. Çünki “Taliban”ın yenidən dirilməsi və hakimiyyətə gəlməsində çoxlu sayda təzadlar var. Təəssüf ki, 30 milyonluq Əfqanıstan əhalisinin sərgərdan həyatı nə hakimiyyətdən gedənləri, nə də gələnləri düşündürür. Ölkə əhalisi yenidən qaçqınlıq həyatı yaşamağa məcbur olacaq. Bu həm də Əfqanıstan əhalisinin etnik tərkibinin dəyişməsinə də təsirsiz ötüşməyəcək. ABŞ və qərblilər əfqan xalqını satdı? Yoxsa, əfqan xalqı ABŞ və qərblilərin mayasını batırdı? Hadisələrin əsasında dayanan cavabsız iki suala zaman da aydınlıq gətirəcək.

Son xəbərlər

Orphus sistemi