Söz azadlığı və ya Fransada qiyamın növbəti dəfə “əzilməsi”: “sarı jiletlilər” geri qayıdıb

Söz azadlığı və ya Fransada qiyamın növbəti dəfə “əzilməsi”: “sarı jiletlilər” geri qayıdıb Fransada 2018-ci ilin payızında ortaya çıxan “sarı jiletlilər” hərəkatı iki illik susqunluqdan sonra koronavirusa yoluxma hallarının sayının artması bəhanəsi ilə yenidən Paris küçələrinə çıxmışdı. Bəs bu dəfə Fransa hökumətindən narazı xalqı dayandırmaq ü
Analitika
9 Yanvar , 2023 16:51
Söz azadlığı və ya Fransada qiyamın növbəti dəfə “əzilməsi”: “sarı jiletlilər” geri qayıdıb

Fransada 2018-ci ilin payızında ortaya çıxan “sarı jiletlilər” hərəkatı 2 illik susqunluqdan sonra koronavirusa yoluxma hallarının sayının artması bəhanəsi ilə yenidən Paris küçələrinə çıxmışdı. Bəs bu dəfə Fransa hökumətindən narazı xalqı dayandırmaq üçün nə gözləmək lazımdır?

“Report” xəbər verir ki, bugünlərdə “sarı jiletlilər” Parisdə inflyasiyanın artmasına və yaşayış bahalaşmasına qarşı nümayişə çıxıblar. Nümayiş iştirakçılarından birinin sözlərinə görə, Fransada ölkənin yoxsul sakinləri üçün çox çətin vəziyyət hökm sürür. Onların müalicə almaq, elektrik enerjisi xərclərini ödəmək və keyfiyyətli ərzaq almaq imkanları yoxdur.

Oxşar iqtisadi problemlər 2018-ci ildə hərəkatın yaranmasına təkan vermişdi. Son illərin ən böyük üsyanlarından biri olan “sarı jiletlilər” hərəkəti yüksək yanacaq qiymətlərinə və əyalət yollarında sürət məhdudiyyətlərinə qarşı reaksiya idi. Etirazçıların şüarları tədricən hökumət əleyhinə şüarlara çevrildi - iqtisadi tələblər və yanacağın ucuzlaşması ilə yanaşı, fəallar prezident Emmanuel Makronun istefasını da tələb edirdilər.

Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron da etirazları yatırmaq üçün köhnə üsula - zorakılığa əl atdı. RFI-nin məlumatına görə, polis zorakılığının görüntüləri bütün dünyaya yayıldı - hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdi. Hərəkatın qeyri-rəsmi liderlərindən biri Jerom Rodriges gözünü itirdi.

Paris Administrasiyasının etirazlara “demokratik” münasibətini Fransanın keçmiş daxili işlər naziri Kristof Kastaner açıq şəkildə ifadə edərək nümayişçiləri “bədheybətlərlər” ilə müqayisə etmişdi. İnsan haqları, “azadlıq, bərabərlik, qardaşlıq” deyə ən yüksək səslə qışqıran ölkənin elementar hüquqlarını tələb edən öz xalqını belə gurultulu epitetlə mükafatlandırması gülməlidir.

Etirazçılar hökumətdən ciddi güzəştlər ala bildilər. Ancaq ən maraqlısı o idi ki, etirazlar 2020-ci ildə, bütün dünya pandemiya ilə mübarizə aparmağa başlayan zaman dayandı. Əlbəttə, lokdaunların bunda rolu oldu. Lakin Fransa hökumətinin təkcə pandemiyaya görə deyil, həm də etirazçıların fəaliyyətini məhdudlaşdırmaq üçün xüsusilə sərt məhdudiyyətlər tətbiq etdiyi deyilirdi.

ATƏT-in 2022-ci il üzrə “COVID-19 pandemiyasının dinc toplaşmaq azadlığına təsiri” adlı hesabatı da Fransa hökumətinin bu istiqamətdə müxtəlif addımlar atdığını açıq şəkildə nümayiş etdirir: “16 mart 2020-ci ildə Fransa hökuməti pandemiya ilə bağlı bir sıra məhdudiyyətlər, o cümlədən də toplaşmaq hüququ ilə bağlı məhdudiyyətlər tətbiq edib”. Dövlət Şurasının sayəsində bu sərt tədbirlər qeyri-mütənasib olduğuna görə ləğv edildi. Amma hökumət yenidən “vintləri bərkitməyin” yollarını tapdı.

Fransanın həqiqətən də pandemiyadan qəzəbli nümayişçilərin dalğasını dayandırmaq üçün bir vasitə kimi istifadə edib-etmədiyi məlum deyil. Bununla belə, Fransa prezidentinin 2022-ci ildə yenidən seçildiyini nəzərə alsaq, ölkədə yeni “koronavirus dalğaları”nın gözlənilməli olub-olmadığını, yoxsa bu dəfə xalqın öz hüquqlarından istifadə etməməsi üçün başqa tədbirlərin görülüb-görülməyəcəyini götür-qoy lazım gəlir.

Son xəbərlər

Orphus sistemi