Yuxarı
    Bağlamaq

    Separatçılara hərbi yardımın yeni adı - Rusiyadakı ermənilərin Qarabağa "avtobus" hədiyyəsi- ŞƏRH

    Yaxın zamanlarda Ermənistana da buna bənzər yeni yardımların ediləcəyi istisna olunmur

    Bakı. 20 aprel. REPORT.AZ/ Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında yaşayan ermənilərə müxtəlif ad altında və nəzarət olunmadan humanitar yardım göndərilir.

    Ermənistan KİV-inin məlumatına görə, Rusiyada yaşayan erməni icması bu istiqamətdə daha fəallıq göstərir. Ötən gün Rusiyanın Orenburq şəhərindəki ermənilər Dağlıq Qarabağda yaşayan ermənilərə bir maşın, ermənilərin Tatarıstanın Almetyevsk şəhərindəki təmisilçiləri isə bir sərnişin avtobusu və "UAZ" markalı təcili tibbi yardım avtomobili hədiyyə ediblər.

    Həmin avtomobillər Dağlıq Qarabağa gətirilən zaman yoxlanılmadığından onların içində silah-sursat olmadığına təminat yoxdur.

    Əslində, Ermənistan Dağlıq Qarabağı havadarlarının hərtərəfli yardımı ilə işğal altında saxladığından burada qeyri-adi heç nəyin olmadığı qənaətinə də gəlmək mümkündür. Ancaq ötən illərin təcrübəsi göstərir ki, əvvəllər də Rusiyadan bu sayaq, "humanitar" adı altında Qarabağdakı ermənilərə silah-sursat yardımı edilib. Halbuki həmin vaxtlar Azərbaycan Dağlıq Qarabağı ov tüfəngləri ilə qoruyurdu.

    Belə yardımlar indiki durumda Azərbaycan üçün ciddi problemlər yaratmasa da, ancaq əhəmiyyət verilməyəcək məsələ də deyil. Başqa sözlə, Rusiyadakı ermənilərin bu aksiyası adamı üşəndirir.

    Qeyd edək ki, ermənilər son günlər Yerevanda Rusiyaya qarşı müxtəlif xarakterli etiraz aksiyası keçirirlər.

    Onların Moskvadan daha çox yardım alması üçün bu çıxışların razılaşdırılmış olduğunu söyləmək mümkündür. Çünki aksiyaların xarakteri və orada verilən bəyanatlar bunu sübut edir...

    Belə aksiyalardan biri də Rusiyanın Azərbaycana silah satışını dayandırması ilə bağlı Moskvanın Yerevandakı səfirliyinin binası qarşısında keçirilib.

    Ona görə ehtimal etmək olar ki, ermənilərin etirazını yumşaltmaq üçün Moskvanın razılığı ilə bu sayaq humanitar yardım "avtobusu", "təcili tibbi yardım maşını" göndərilir.

    Yeri gəlmişkən. Ermənistan parlamentinin Müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə komissiyasının üzvləri Rusiyanın Gümrüdəki 102 saylı hərbi hissəsinə gedəcəklər. Onlar Rusiyanın bu bazanı müasir silahla təchiz etməsini yoxlayacaqlar. Çünki 1994-cü ildə tərəflər arasında əldə edilən razılıqda belə bir müddəa var. Müqaviləyə əsasən, Rusiya Ermənistanı da qoruyacaq bu hərbi bazanı müasir silahla təchiz edəcəyi öhdəliyini götürüb.

    Beləliklə, Ermənistanın və onun Qarabağdakı silahlılarının hərbi texnika, silah-sursatla yenidən təchizi davam etməkdədir. Elə Orenburq və Tatarıstandan Azərbaycanın işğal altındakı ərazilərinə gətirilən hədiyyələr kimi. Odur ki, yaxın zamanlarda Ermənistana da buna bənzər yeni yardımların ediləcəyi istisna olunmur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi