Satışa çıxarılan Ermənistan - dəllallıq edən rusiyalı erməni iş adamı

Satışa çıxarılan Ermənistan - dəllallıq edən rusiyalı erməni iş adamı Ermənistan iqtisadiyyatı ianələrin hesabına mövcuddur.
Analitika
359
14 Sentyabr , 2021 15:36
Satışa çıxarılan Ermənistan - dəllallıq edən rusiyalı erməni iş adamı

Ermənistan iqtisadiyyatı ianələrin hesabına mövcuddur. Bu ölkəyə xarici sərmayələrin qoyulması çox risklidir. Bunu regiondakı siyasi vəziyyətdən, Ermənistanı az-çox tanıyan istənilən ekspert təsdiqləyir.

Deməli, regiondakı pozuculuq fəaliyyəti, Cənubi Qafqazda müharibənin, gərginliyin olmasının səbəbkarı, ölkədə siyasi qruplar arasında xarici maraqların təmini ilə müşayiət edilən qarşıdurma, qonşu ölkələrə ərazi iddiası, təbii sərvətlərin hasilatında yaranan çoxsaylı problemlər, hər an gözlənilən vətəndaş qarşıdurması, daha çox xarici maraqların girovuna çevrilmə, iqtisadiyyatın xarici yardımdan asılılığı və s. bu ölkəyə investisiya qoyuluşunu çətinləşdirir, riskli edir. Belə olan halda Ermənistan erməni diasporunun marafonlardan topladığı ianəyə, lobbisinin dəstəyi ilə edilən maliyyə yardımlarına, Rusiyadakı erməni iş adamlarının insafına ümid edir. Əslində, ölkə iqtisadiyyatı daha çox Rusiyadan asılıdır. Hətta Rusiyadan göndərilən pulların hesabına əhalinin müəyyən hissəsi dolanır.

Yeri gəlmişkən, ötən ilin payızında Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələb edilirdi. Bu kampaniyaya ölkə daxilindəki siyasi, qeyri-siyasi qüvvələr, xarici maraqları təmsil edənlər də qoşulmuşdu. Onlardan biri də rusiyalı məşhur erməni iş adamı, “Taşir” qrupunun başçısı, milyarder Samvel Karapetyan idi. O, Ermənistanın baş naziri Nikol Paşinyanı təcili olaraq istefa verməyə çağırırdı. Müstəqil sayılan bu erməni iş adamı Ermənistanın keçmiş Prezidenti Robert Koçaryanın girovluq pulunu ödəyənlərdən biri olub. Qeyd edək ki, məhkəmə 4 mln ABŞ dolları məbləğində girov qarşılığında Robert Koçaryanın azadlığa buraxılması barədə qərar qəbul etmişdi. Özü də girovu Samvel Karapetyanla yanaşı, Rusiyadakı “Monarx” şirkətinin başçısı Sergey Ambarsumyan, “Sistema” Aksioner Maliyyə Şirkətinin başçısı (Robert Koçaryan bu şirkətin Direktorlar Şurasının üzvüdür) Vladimir Yevtuşenko və Rusiyanın erməni sahibkarı “Stinkom qrupu”nun qurucusu və sahibi, Moskvadakı “Yerevan plaza”nın sahiblərindən biri Gennadi Stepanyan ödəmişdi.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar. O vaxtkı Prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunmuşdu.

Bu ilin yayında Nikol Paşinyan Samvel Karapetyanla İrəvanda görüşmüşdü. Onlar Ermənistana sərmayə qoyuluşunu müzakirə etmişdilər. Nikol Paşinyan iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində yenidən qalib gəldi. Bu, “Taşir” prezidentinin planlarının reallaşması üçün fürsət yaratdı. Bildirilib ki, rusiyalı erməni milyarder “Ermənistan” hava şirkətini bütövlükdə, yaxud onun səhmlərinin bir hissəsini almaq istəyir. Qeyd edək ki, şirkətin səhmlərinin 51 faizi erməni iş adamı Robert Ohanesyana, 49 faizi isə gürcüstanlı Tamaz Qayaşviliyə məxsusdur. Karapetyan hazırda gürcüstanlının payına sahib olmaq istiqamətində danışıq aparır.

Qeyd edək ki, 2018-ci ilin mayında Ermənistanın Energetika Nazirliyi “Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ”Tashir Kapital” şirkətinə verilməsi barədə müqaviləni ləğv etmişdi. Şəbəkə 2017-ci il avqustun 24-də “Tashir”in idarəçiliyinə verilmişdi. 2019-cu ilin noyabrında isə Rusiyanın “RusQidro” şirkəti Sevan-Razdan Su Elektrik Stansiyasının kaskadını rusiyalı erməni iş adamı, “Taşir” şirkətinin sahibi Samvel Karapetyana satdığına dair xəbərlər yayılmışdı. Bildirilib ki, kaskadın qiyməti 173 milyon rubldur (təxminən 3 milyon dollar). Sövdələşmə başa çatdıqdan sonra Rusiyanın bu şirkətinin aktivləri Ermənistanın elektrik enerjisi təchizatı sahəsində yalnız Razdan İstilik Elektrik Stansiyasının 5-ci blokunda qalacaqdı. Sevan-Razdan kaskadı 1930-1965-ci illərdə mövcud olub. Xatırladaq ki, Rusiyanın energetika şirkəti “RusQidro” dünyada stansiyaların quraşdırılması üzrə üçüncü yerdədir. Şirkət 2004-cü ildə Krasnoyarskda qeydiyyata alınıb. Mənzil-qərargahı Moskvada yerləşir. “RusQidro” aksiyalarının 60 faizinə Rusiya Federasiyası nəzarət edir.

“Taşir” vasitəsilə Ermənistanın havadarları işğal altında olmuş Azərbaycan torpaqlarındakı erməni separatçılarına da ötən ilin oktyabrında 3 milyon dollar məbləğində “humanitar” yardım etmişdi. Bundan əvvəl Samvel Karapetyan Xankəndində müxtəlif layihələr həyata keçirmişdi. O, Qarabağda olan hər erməni ailəsinə 4 min dollar məbləğində yardım etmişdi və s.

Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılan araşdırma nəticəsində müəyyən olunub ki,“Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan, Ermənistanda "boz biznesmen" kimi tanınan və “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyan, “KOMEX” şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviç və qeyriləri Ermənistan Respublikasının silahlı qüvvələrinin qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz edilməsi üçün 2001-2021-ci illər ərzində müxtəlif vaxtlarda hava yolu ilə “Beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının, “Avropada Adi Silahların Məhdudlaşdırılması” haqqında müqavilənin tələblərinə zidd olmaqla müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə Ermənistan Hərbi Hava Qüvvələrinin İL-76 TD tipli yük təyyarəsi, eləcə də Ara Abramyan tərəfindən alınmış “İLYUSHİN-76TD” tipli yük daşıma təyinatlı təyyarə ilə ayırdıqları maliyyə vəsaiti hesabına hərbi təyinatlı iri çaplı odlu silah, döyüş sursatı, hərbi təyinatlı partlayıcı maddələr və qurğular, o cümlədən raketləri qanunsuz əldə edib Ermənistan Respublikasına və Ermənistanın işğalına məruz qalmış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarına qaçaq yollarla daşınmasını təşkil ediblər. Faktla bağlı 2021-ci il aprelin 28-də Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Azərbaycan onlar barəsində axtarış elan edib.

Nəhayət, sentyabrın 20-də İrəvanda “Erməni biznes forumu” keçiriləcək. Tədbirin təşkilatçısı “Taşir”in dəstəyi ilə erməni iş adamları assosiasiyasıdır. Bu birlikdə Samvel Karapetyanın təşəbbüsü ilə yaradılıb. Adıçəkilən qurum Rusiyadakı erməni iş adamları tərəfindən 2018-ci ildə Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra yaradılıb. Bu birlik Nikol Paşinyan hökumətini boykot edir, ölkəyə sərmayə qoyuluşuna mane olurdu. Bununla da yeni hakimiyyəti boykot edir, Rusiya iş adamlarının ölkəyə sərmayə qoyluşunun qarşısını alırdı.

Nikol Paşinyan Rusiyaya sədaqətli olacağını açıq və ya qapalı şəkildə bəyan etdikdən sonra “Taşir” və başqa bu kimi şirkətlərin Ermənistana münasibəti dəyişib. Qərbin, ABŞ-ın adamı sayılan Nikol Paşinyanı istefaya çağıran, Rusiyanın dostu və adamı sayılan Robert Koçaryanın həbsdən çıxması üçün girov pul qoyan Samvel Karapetyan müstəqil iş adamından çox yuxarıların tapşırığını həyata keçirən funksionerə oxşayır. Belə ehtimal etmək olar ki, Rusiya karapetyanlar vasitəsilə Ermənistan iqtisadiyyatına nəzarət və onu idarə etməyə çalışır. “Taşir”in başçısının davranışı, fəaliyyəti, bəyanatları də buna əsas verir. Başqa sözlə, Ermənistan iqtisadiyyatını başqa dövlət erməni iş adamlarının əli ilə idarə edir. Həmin dövlət görünməyən ələ oxşamağa çalışır. İqtisadiyyatının rusiyalı erməni iş adamlarının əlinə keçməsi həm də Ermənistanda siyasi hakimiyyətin başının üstündə ağanın duracağı anlamına gəlir. Beləliklə, “Taşir” bu ölkənin satılmasında alətə çevrilir. Satışa çıxarılan Ermənistanın dəllalı isə Samvel Karapetyandır.

Son xəbərlər

Orphus sistemi