Sarqsyanın Qarabağa gəlməsi - beynəlxalq vasitəçilərin vəziyyətinin göstəricisi - ŞƏRH

Sarqsyanın Qarabağa gəlməsi - beynəlxalq vasitəçilərin vəziyyətinin göstəricisi - ŞƏRH Beynəlxalq vasitəçilərin iştirakı ilə gerçəkləşəcəyi gözlənilən Məmmədyarov-Nalbandyan görüşü nəticəsiz olacaq
Analitika
4 Dekabr , 2017 16:38
Sarqsyanın Qarabağa gəlməsi - beynəlxalq vasitəçilərin vəziyyətinin göstəricisi - ŞƏRH
Sputnik / Илья Питалев

Bakı. 4 dekabr. REPORT.AZ/ Beynəlxalq vasitəçilər Azərbaycana işğal olunan torpaqlarını azad etməyə imkan vermirlər və buna müxtəlif maneələr yaradırlar. Ötən ilin aprelində Ermənistanın atəşkəs rejimini pozmasına cavab olaraq başlayan döyüşlər də bunu təsdiqlədi. Həmin hadisədən sonra beynəlxalq vasitəçilər, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin rəsmiləri Azərbaycanı eskalasiyanı azaltmağa, atəşkəs rejiminə əməl etməyə çağırmağa başladılar. Ancaq aprel döyüşlərindən əvvəlki 24 ildə olduğu kimi, ötən 1 il 8 ay ərzində beynəlxalq vasitəçilər Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində heç bir ciddi addım atmayıblar, yaddaqalan iş görməyiblər. Onlar boş vədlər və “atəşkəsə əməl edilməsi, gərginliyin azaldılması” kimi növbətçi, artıq diplomatik deyimə çevrilən ifadələr işlədiblər. Bu müddət ərzində Ermənistanın işğalçı kimi tanınıb Azərbaycanın ərazilərindən çıxarılması üçün heç bir sanksiya tətbiq olunmayıb. Nəticədə münaqişənin, işğalın başa çatdırılmasına məsuliyyət daşıyan beynəlxalq vasitəçilərin belə davranışından arxayın olan Ermənistan hakimiyyəti Dağlıq Qarabağda istədikləri vaxt səfər edir, orada müxtəlif tədbirlər keçirirlər.

Ötən həftənin sonunda Ermənistan prezidenti Serj Sarqsyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib. O, buraya özü ilə Yerevandan bir qrup yüksək rütbəli hərbçi də gətirib. S.Sarqsyan işğal olunmuş ərazilərdəki separatçılarla ilin yekunlarına dair toplantı keçirib. Tədbirdə Ermənistan Silahlı Qüvvələrinin yüksək rütbəli hərbçiləri, o cümlədən müdafiə naziri Vigen Sarkisyan da iştirak edib. O, Azərbaycan torpaqlarındakı işğalçı qüvvələrin hərbi hissələrinə baş çəkib. S.Sarqsyan Ermənistan hərbçilərinin Dağlıq Qarabağda qanunsuz silahlılarla birlikdə keçirdikləri təlimləri də müşahidə edib. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı bu təlimlərin nəticələrindən razı qaldıqlarını bildirib. Özü də rəsmi Yerevan Dağlıq Qarabağda hərbi təlimləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı Edvard Nalbandyanla nəzərdə tutulan yeni görüşü ərəfəsində keçirib. Qeyd edək ki, dekabrın 7-8-də Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 24-cü sessiyası olacaq. Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün bu toplantı çərçivəsində keçirilməsi planlaşdırılıb. Yeri gəlmişkən oktyabrın 16-da Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyan arasında görüş keçirilib. Bu tədbir ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil edilib. Həmin tədbir çərçivəsində nazirlər də görüşüb. Ancaq bu hay-küylü görüşlərdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya və Yerevana səfərlər edib. 

Bəs Serj Sarqsyanın Qarabağa səfəri Vyanada keçiriləcək görüşün nəticələrinə indidən kölgə salmırmı?! Ona görə də indidən ehtimal etmək olar ki, beynəlxalq vasitəçilərin iştirakı ilə gerçəkləşəcəyi gözlənilən Məmmədyarov–Nalbandyan görüşü nəticəsiz olacaq. Sarqsyanın Qarabağa gəlməsi də Ermənistanın münaqişənin həllinə münasibətidir. Elə bu yanaşmanın nəticəsində beynəlxalq vasitəçilər ötən illərdə olduğu kimi, bu il də yalnız səfərlər, ezamiyyətlərlə yadda qalıblar. Bu görüşlərdə də bir qayda olaraq Azərbaycan tərəfini sakitləşdirməyə çalışıblar. Çox heyrətedici haldır. Ermənistan prezidenti işğal altında saxladıqları Dağlıq Qarabağa hərbi geyimdə gəlir, müşavirə keçirir, hərbi təlimi müşahidə edir. Bu vəziyyətdə Azərbaycandan atəşkəs və s. tələb olunur. Ermənistan Dağlıq Qarabağdakı separatçıların düzəltmə qurumunu tanımadıqlarını, Azərbaycana qarşı ərazi iddiası etmədiklərini bildirirlər. S.Sarqsyan isə hərbi geyimdə istədiyi vaxt Dağlıq Qarabağa gəlir. Heç şübhəsiz, onun Dağlıq Qarabağa bu sayaq gəlməsi bütün beynəlxalq hüquq normalarına, beynəlxalq vasitəçilərin fəaliyyətinə, ifadəyə görə üzr istəyirəm, tüpürməkdir. Bu münasibəti isə həm beynəlxalq vasitəçilər, həm də büynəlxalq hüququn qorunmasını müdafiə edən təşkilatlar qəbul edirlər. Bir anlığa təsəvvür edək ki, Azərbaycan torpaqlarında Serj Sarqsyanla bağlı bir hadisə baş verib. O zaman ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Rusiya, ABŞ və Fransa necə davranardı? Bunun hay-küyü təsəvvüredilməz dərəcədə qalmaqala səbəb olardı. Ən azından bu beynəlxalq vasitəçilər Azərbaycanı danışıqlar prosesinə mane olmaqda qınayarlar. Ancaq həmin dövlətlər Ermənistan prezidenti Serj Sarqsyanın işğal altında saxlanılan Azərbaycan torpaqlarına gəlməsinə, orada hərbi təlimləri müşahidə etməsinə münasibət bildirmirlər. O, Dağlıq Qarabağda dəfələrlə buna oxşar tədbirlər keçirib və mərasimlərdə iştirak edib.

Ermənistanın bu addımları danışıqlar prosesinə maneədir. Çünki ermənilər və onun havadarları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməsinə imkan vermirlər. 

Görəsən, bu münasibəti necə adlandırmaq olar? İkili standart? Bu ifadəyə artıq beynəlxalq vasitəçilər öyrəşiblər. Bu davranışı erməni tərəfkeşliyi adlandırmaq daha doğru olar. O zaman qarşı tərəfdə duran qüvvələr daha aydın görünər. Azərbayacan torpaqlarında Serj Sarqsyanın belə görünməsi bunu təsdiqləyir. Ermənistan hakimiyyəti kimə arxayındır? Onların şəklini də artıq çəkdik. Məsələnin, heç şübhəsiz, Ermənistanın indiki hakimiyyəti, Qərb və Rusiya üçün təbliğat tərəfi də var. Gələn il ölkədə yeni seçkilər keçiriləcək. Ermənistanın yeni konstitusiyasına görə, ölkədə parlament idarəetmə üsulu tətbiq ediləcək. Serj Sarqsyanın ötən illərdə nüfuzu daha da azalıb və hakimiyyətini baş nazir kimi davam etdirməsi üçün ona Dağlıq Qarabağ kartı ilə yardım olunur. Çünki Ermənistan hakimiyyəti Avropa və ABŞ-a qərbə inteqrasiyanı boyun alıb. Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməyə çalışır. Qərb Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması üçün rəsmi Yerevanla münasibətləri korlamaq istəmir. Bu səbəbdən beynəlxalq vasitəçi kimi missiyasını səfərlər və “atəşkəs” bəyanatları ilə yola verir.

Son zamanlar Ermənistanda anti-Rusiya çıxışları artır. Bu prosesin davam etməsi isə Moskvaya bütövlükdə Qafqazdakı ən yaxın müttəfiqinin itirilməsi ilə nəticələnə bilər. Dağlıq Qarabağın işğal altında saxlanılmasını Kreml üçün həm də Ermənistanın əldə saxlanılması kimi dəyərləndirmək olar. Beləliklə, Dağlıq Qarabağın işğal altında qalması, Serj Sarqsyanın Azərbaycanın bu bölgəsinə gəlməsi Rusiya, ABŞ, Fransa və başqalarının da maraqlarının təmin olunmasıdır. Bu, beynəlxalq vasitəçilərin vəziyyətinin, məsələnin həllində tutduğu mövqeyin göstəricisidir.  

Son xəbərlər

Orphus sistemi