Yuxarı

​Ekspertlər: Rusiya Xəzər dənizindəki gəmilərdən raket zərbələri endirməklə açıq mesaj göndərib - ŞƏRH

Xəzər dənizi ölkələrinin liderləri hücum barədə Moskva tərəfindən xəbərdar edilmişdilər və bu onlarla tam razılaşdırılmışdı

Bakı. 9 oktyabr. REPORT.AZ/ Ekspertlər hesab edirlər ki, Rusiya Xəzər dənizi akvatoriyasındakı gəmilərdən raket zərbələri endirməklə, Yaxın Şərq regionunda onun maraqlarını nəzərə almayan qüvvələrə açıq mesaj göndərib.

Xatırladaq ki, oktyabrın 7-də Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri Suriya ərazisində İŞİD mövqelərinə qanadlı raketlər vasitəsilə zərbələr endirib. Raket zərbələri yüksək dəqiqliyi ilə seçilən "Kalibr NK" silah komplekslərindən həyata keçirilib.

ABŞ-Azərbaycan “İnkişafa dəstək” Fondunun baş eksperti Aleksey Sinitsin "Report"a bildirib ki, beynəlxalq hərbi və siyasi elita bu məsələyə çox mənfi reaksiya verib, bəziləri isə hətta əsəblərini gizlədə bilməyiblər. "ABŞ konqresmenləri öz kəşfiyyat nümayəndələrini senatda izahat verəyə çağırıblar, NATO baş katibi Yens Stoltenberg gözlənilməz və mənim fikrimcə yersiz olaraq "NATO Türkiyə daxil olmaqla bütün müttəfiqlərini hər hansı bir təhdiddən qorumağa hazırdır və qoruya bilər" qeydini edib", - ekspert bildirib.

A.Sinitsin xatırladıb ki, Xəzərin hüquqi statusu hələ müəyyən edilməyib, ona görə də, beş Xəzəryanı ölkədən hər birinin hərbi dəniz donanması su hövzəsindən istifadə edə bilər.

"Amma ən əsası odur ki, ölkələrin rəhbərləri Moskva tərəfindən Suriya ərazisinə endiriləcəyi gözlənilən zərbələr barədə xəbərdar edilib və çox güman ki, onlarla razılaşdırılıb. Ona görə də, Xəzəryanı ölkələrin hakimiyyət orqanları Rusiyanın hərbi demarşı ilə bağlı heç bir narahatlıq ifadə etmədilər", - ekspert bildirib.

Onun sözlərinə görə, Rusiya uzun məsafələrə yüksək dəqiq silahı tətbiq etdikdən sonra Qərb susmaq niyyətində deyil.

A.Sinitsin həmçinin xatırladıb ki, neçə illərdir ABŞ və Rusiya bir-birini orta və qısa mənzilli raketlərin ləğv edilməsi ilə bağlı müqaviləni pozmaqda ittiham edir.

Analitik bildirib ki, Müqavilənin mətnində amerikalıların "Tomahavk" raketlərinə bərabər tutmağa çalışdıqları dənizdəki deyil, yalnız yerüstü qanadlı raketlər və yaxud hərbi pilotsuz uçan aparatlardan söhbət gedir.

"Amerika Birləşmiş Ştatları özləri dəniz və hava hərbi qüvvələrinə aid silahları müqavilə mətnindən çixarıblar. İndi Rusiya tərəfini günahlandırmaq çox çətin olacaq. Axı, onlar gəmilərdə yerləşdirilmiş dəqiq silah sistemlərindən istifadə ediblər və beləliklə də beynəlxalq hüquq normalarını pozmayıblar", - ekspert bildirib.

Yaxın Şərq üzrə mütəxəssis, iranşünas gürcü eksperti Vasili Papava öz növbəsində "Report"a bildirib ki, Suriya münaqişəsində Moskvanın bir neçə əsas strateji məqsədləri nəzərə çarpır. 

"Bu, regionda öz mövcüdluğunu qoruyub saxlamaq və ABŞ-ın dünyadakı hegemonluğuna etiraz etmək, həmçinin Suriya prezidenti Bəşşar Əsəd rejiminə radikal islamçılarla mübarizədə kömək etməkdir", - ekspert bildirib.

Onun sözlərinə görə, artıq Suriya sahilləri yaxınlığında Rusiya donanmasının gəmilərinin növbə çəkməsi faktını nəzərə alaraq, Xəzər dənizindən Suriyadakı İŞİD hədəflərinə raket zərbələrinin endirilməsi bir neçə məqsədə xidmət edib -  uzaq məsafədən Rusiya Hərbi Dəniz qüvvələrinin imkanlarını nümayiş etdirib, Yaxın Şərq regionunda onun maraqlarını nəzərə almayan qüvvələrə açıq mesaj göndərib.

"Bir sözlə, Rusiya Federasiyası dünyaya onu göstərdi ki, əgər kimsə "qırmızı xətti" keçərsə, Moskva onun milli və geostrateji maraqlarına təhlükə yaratmağa cəhd edən təhdidlərə və çağırışlara adekvat cavab verəcək", - V.Papava qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi