Rusiya ilə Ermənistan arasında rəsmi, siyasi, diplomatik söz savaşı davam edir.
Moskva rəsmi İrəvanı Qərbin diktəsi ilə fəaliyyət göstərməkdə, regional maraqları qərb blokuna satmaqda, 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanatın müddəalarına sadiq qalmamaqda, ikitərəfli müqavilələrə, razılaşmalara əməl etməməkdə qınayır.
İrəvan Moskvanı nədə günahkar sayır? Əslində onun Kremlə qarşı iddiaları məntiqi sayılmır. Mövcud olduğu dövrdən indiyədək bu ölkə RF-nin hesabına ayaq üstə qalıb, özünü saxlayıb. Hətta, indi malik olduğu ərazilər də Rusiyanın, keçmiş SSRİ-nin sayəsində formalaşıb. Baş nazir Nikol Paşinyanın iddia etdiyi 29,8 min kv. km əraziyə də Moskvanın himayəsi ilə nail olub.
Yaxud İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Azərbaycanı pisləməməkdə ittiham edir. Təşkilatdan isə açıq-aşkar şəkildə bildirilib ki, iki ölkə arasında sərhədlər müəyyənləşmədiyindən, habelə müharibə Ermənistan ərazisində aparılmadığından onun tələbləri təmin oluna bilməz. Paşinyan hökuməti KTMT-yə qarşı iddialarını hələ də formalaşdıra bilmir. Ancaq gah fəaliyyətlərinin dondurduqlarından, gah da məlum olmayan tələbləri təmin olunmayacağı halda təşkilatdan çıxacaqlarını bildiriblər.
Ermənistan hakimiyyəti başqa sahələrlə bağlı iddia irəli sürmür. Məsələn, Rusiya neft-qazından, elektrik enerjisindən, ticarət əlaqəsindən imtina, 102 saylı hərbi bazanın çıxarılması, MDB-dən, Avrasiya İqtisadi İttifaqından çıxmaq və başqa bu kimi məsələləri İrəvan dilinə gətirmir.
KTMT, NATO deyil. Yəni, onun siyasi, hərbi gücü həm üzv ölkələrə, həm də qərbə yaxşı məlumdur. Ermənistanın bu təşkilatla bağlı mübahisələri, mövzuları gündəliyə gətirməsi isə süni görünür. Qərb Ermənistan hakimiyyətinə də bu səbəbdən axıradək etibar etmir. Bu günlərdə ölkə parlamentinin sədri Alen Simonyan Rusiya hərbçilərinin İrəvanda “Zvartnos” hava limanından çıxmasını istədiklərini gizlətməyib.
İrəvan Gümrüdəki Rusiyanın 102-saylı hərbi bazanın çıxarması ilə bağlı heç bir iddia irəli sürə bilmir. Hava limanı və bu hərbi baza ilə bağlı iki tərəf arasında 1992-ci il sentyabrın 30-də dövlətlərarası müqavilə imzalanıb. Bu sənəd 2040-ci ilədək qüvvədədir.
Rusiya rəsmiləri isə Ermənistanın KTMT və “Zvartnos” hava limanı ilə bağlı rəsmi müraciət etmədiyini bildiriblər.
Paşinyan hökuməti sənədlərlə deyil, işini açıqlamalarla bitmiş sayır. Bu isə ona etibar edilməsməsinə və etimad göstərilməməsinə səbəb olur. Rusiya ilə bağlı verdikləri bəyanatları hələ Ermənistan hakimiyyətinin anti-Rusiya olması demək deyil. Məsələn, 2023-cü ilin mayında “Rusiya Ukraynada müharibəni uduzarsa, Ermənistanın başına nələrin gələcəyini təsəvvür edə bilmirəm”, deyən Nikol Paşinyan bu ilin fevralında müharibədə Rusiyanın yanında olmadıqlarını bildirib.
Bu da rəsmi İrəvanın xüsusən Rusiya ilə bağlı sabit, davamlı xarici siyasət yürütmədiyinin göstəricisi sayıla bilər.
Ermənistan hakimiyyətinin səbatsız davranışı və çıxışları RF-nin də sərt açıqlamalar verməsinə səbəb olub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində keçirilən Üçüncü diplomatiya forumu çərçivəsində keçirdiyi brifinqdə bildirib ki, Moskva Ermənistanla münasibətlərə yenidən baxa bilər. Belə hesab etmək olar ki, Moskva nazirin açıqlaması ilə İrəvana xəbərdarlıq ismarışını göndərib.
Erməniəsilli Rusiya vətəndaşı Marqarita Simonyan isə az qala Ermənistan cəmiyyətinə barmaq silkələyib. O bildirib ki, erməni gəncliyi bilməlidir ki, Nikol Paşinyan satqındır: “Gənclik və yaşlı sakinlər onu dəstəkləməyə davam etdirsə, Ermənistan tamamilə məhv olacaq”.
Bu nədir? Simonyanın dili ilə Ermənistana xəbərdarlıq, yaxud avantüra? Hər halda Rusiyanın Ermənistanla güc dili ilə danışmağa hələ ki hər cür imkanı var. Gürcüstan da İrəvan kimi Rusiyaya çox yaxın sayılırdı. Ancaq ərazi bütövlüyünün bərpası cəhdi Tbilisi üçün xoş olmayan şəraitlə nəticələnib. Bu baxımdan Simonyan Ermənistan dövlətçiliyini itirməsini, onun Rusiyanın bir vilayətinə çevrilməsi ismarışını da verə bilər. Odur ki, İrəvan Rusiyadan nə uzaqlaşır, nə də yaxınlaşır. İndiki şəraitdə vəziyyəti belə saxlamağa çalışır. KTMT üzvlüyündən çıxmaq, yaxud təşkilatda fəaliyyət müəyyən müddət dondurmağa axıradək nail olandan və “Zvartnos” hava limanından rusiyalı hərbçilərin çıxması məsələsi öz həllinin tapandan sonra rəsmi İrəvan yeni planını açıqlayacağını ehtimal etmək olar. Çünki İrəvanın Moskvadan kəskin dönüşlə uzaqlaşmağa ifadə edilməyəcək, müqayisə olunmayacaq dərəcədə gücü yoxdur. Ona görə də yaxın aylarda İrəvanın yenə oxşar açıqlamalar verəcəyi, Moskvanında uyğun şəkildə Simonyan, Mariya Zaxarova səviyyəsində onların iddialarını cavablandıracağını proqnozlaşdırmaq olar. İrəvan bununla vaxt udaraq Rusiyanın Ukraynada məğlubiyyətini gözləmək niyyətindədir. Hadisələr indiki şəkildə davam edərsə, o vaxtadək Ermənistanın KTMT, MDB, Aİİ ilə müqavilələri rəsmi olaraq pozacağı hələ ki gözlənilmir. Çünki İrəvan Moskvadan istəsə belə nə qopa, nə də imtina edə bilmir.