Bakı. 21 sentyabr. REPORT.AZ/ Türkiyə hökuməti ötən gün elan etdiyi yeni iqtisadi proqram hesabına gələn il dövlət büdcəsi xərclərinə 60 mlrd. lirə (təxminən, 9,5 mlrd. ABŞ dolları) qənaət edəcəyini, əlavə olaraq 16 mlrd. lirə (təxminən, 2,5 mlrd. dollar) gəlir əldə edəcəyini, ümumilikdə 76 mlrd. lirə (təxminən, 12 mlrd. dollar) irəli düşəcəyini proqnozlaşdırır.
“Report”un analitik qrupu bildirir ki, proqram ölkə iqtisadiyyatının müxtəlif sahələri arasında balansın qorunmasını, maliyyə intizamının gücləndirilməsini, müsbətə doğru dəyişiklikləri nəzərdə tutur.
Hökumət qarşıdakı 3 il ərzində qiymət artımı ilə mübarizəni gücləndirəcək, xarici ticarət balansındakı kəsiri azaltmağa, məşğulluq səviyyəsini artırmağa, daşınmaz əmlak bazarını inkişaf etdirərək büdcəyə əlavə gəlirlər qazandırmağa, ümumilikdə, makroiqtisadi vəziyyəti yaxşılaşdırmağa çalışacaq, bir sıra sosial layihələr həyata keçirəcək.
Yeni iqtisadi proqramın icrası üçün Xəzinə və Maliyyə Nazirliyində İctimai maliyyə şöbəsi yaradılıb. Bu şöbə proqramın Türkiyənin müxtəlif bölgələrində necə reallaşdırıldığına nəzarət edəcək, bu barədə raportlar qəbul edəcək.
Proqram elan edildikdən sonra türk lirəsi xarici valyutalar, o cümlədən ABŞ dolları qarşısında bir qədər dəyər qazanıb. TRY/USD nisbəti 6,3-dən 6,1-ə düşüb, hazırda isə məzənnə 6,3 lirə civarındadır.
“Report”un analitik qrupu hesab edir ki, yeni iqtisadi proqramın reallaşdırılmasına başlandıqdan sonra Türkiyədə dolların qiyməti 6 lirə ətrafında sabitləşəcək.