Türkiyədə keçirilən bələdiyyə seçkilərindən sonra türk lirəsinin ucuzlaşması müşahidə edilir.
“Report”un Analitik qrupu bildirir ki, ötən həftə TRY/USD nisbəti 0,2 bənd artaraq 5,49-dan 5,69-a yüksəlib.
Türkiyənin milli valyutasına inamın azalması seçkilərin investorlarda yaratdığı qeyri-müəyyənliklə bağlı ola bilər. Amma səbəb təkcə bu deyil. Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarının azalmasına dair söz-söhbət var. Qurum seçkidən əvvəl lirənin məzənnəsini sabitləşdirmək üçün müəyyən addımlar atsa da, investorlar bu addımların davamlı olacağına şübhə ilə yanaşırlar.
Niderlandın “Rabobank”ının inkişaf etməkdə olan bazarlarda valyuta mübadiləsi üzrə strateqi Piotr Matys hesab edir ki, Türkiyə hökumətinin addımları investorlarda heyrət hissi doğurmaqdadır: “Ölkə üçün həyati əhəmiyyət kəsb edən seçkilərdən əvvəl lirənin məzənnəsinin sabitliyi təmin edildi. Amma Türkiyə hökuməti marja ticarətinə müdaxilə etdi. Buna dəyərdimi?!”
Bu arada, mətbuatda Türkiyənin dövlət büdcəsi xərclərinin artması barədə xəbərlər yayılmaqdadır. Bu ilin I rübündə seçkilərlə bağlı birbaşa və dolayı xərclərin 650 mln. lirə (təxminən 115 mln. ABŞ dolları) olduğu bildirilir. Son nəticədə bu ilin fevral ayında Türkiyənin büdcə kəsri 16,8 mlrd. lirə təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,85 dəfə çoxdur.
“Report”un Analitik qrupu hesab edir ki, rəsmi Ankara büdcə xərclərinin artmasına baxmayaraq, lirəyə dəstəyini davam etdirəcək və TRY/USD nisbətinin azı 5,3-də qərarlaşmasına çalışacaq.