Bakı. 2 oktyabr. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən həftə uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 1,75-2%-dən 2-2,25%-ə çatdırmasından sonra ABŞ dolları digər aparıcı xarici valyutalar qarşısında bahalaşsa da, Türkiyədə əks proses baş verdi – Amerika valyutası türk lirəsi qarşısında ucuzlaşdı. FED-in qərarından 1 gün əvvəl 6,1-6,2 olan TRY/USD nisbəti hazırda 5,95 ətrafındadır.
“Report”un analitik qrupu hesab edir ki, buna səbəb Türkiyənin milli valyutasının məzənnəsinin güclənməsi istiqamətində atdığı addımlar və bunun lehinə işləyən beynəlxalq proseslərdir.
Hələ sentyabrın 20-də qonşu ölkənin Maliyyə Nazirliyinin təqdim etdiyi yeni iqtisadi proqram lirənin məzənnəsinin sabitləşməsi ilə bağlı fəaliyyətin bünövrəsi rolunu oynayıb. Çünki proqram inflyasiya ilə mübarizə, maliyyə intizamının gücləndirilməsi, məşğulluğun artırılması, makro iqtisadi göstəricilərin yaxşılaşdırılması və digər vacib məsələləri əhatə edir. Bundan başqa, bankların türk lirəsi ilə kredit verməsinin təşviq olunması da böyük əhəmiyyət kəsb edir. Həmçinin həyata keçirilən sosial layihələr, sənədsiz evlərin və torpaq sahələrinin sənədləşdirilməsi Türkiyə əhalisinin milli valyutaya inamının artmasına, lirənin bahalaşmasına səbəb olub.
“Report”un analitik qrupu yaxın 10 gün ərzində lirənin, təxminən, 4% də bahalaşacağını, Türkiyədə dolların məzənnəsinin 5,7 lirəyə düşəcəyini proqnozlaşdırır. Oktyabrın 12-də ABŞ-dan olan rahib Endryu Bransonun məhkəməsi olacaq. Əgər o, azadlığa buraxılarsa, qonşu ölkədə Amerika valyutası daha sürətlə ucuzlaşacaq.