Yuxarı
    Bağlamaq

    "Report" 2017-ci il üçün maliyyə proqnozlarını açıqlayıb

    Neftin qiymətinin 35-65 dollar/barel diapazonunda hərəkət edəcəyi, dolların isə 2,10 AZN/USD səviyyəsində sabitləşəcəyi gözlənilir

    Bakı. 26 dekabr. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu 2017-ci il üçün əsas valyuta cütlükləri, fond birjaları, əmtəələr üzrə proqnozlarını açıqlayıb.

    2017-ci ildə dollar/avro cütlüyünün paritetdən aşağı enəcəyi və 0,92-1,06 USD/EUR diapazonunda hərəkət edəcəyi gözlənilir. Buna səbəb kimi ABŞ-da faizlərin artırılması prosesinin davam etməsi, Avrozonada monetar ekspansiyanın müddətinin artırılması, Avropa İttifaqına üzv ölkələrdə siyasi problemlər göstərilir.

    Rubl/dollar məzənnəsinin neft qiymətləri nəzərə alınmaqla 58-68 RUB/USD diapazonunda olması ehtimal edilir.

    Lirə/dollar məzənnəsinin inkişaf etməkdə olan ölkələrdən kapital axınının davam etməsi səbəbindən 3,45-4,05 TRY/USD diapazonunda hərəkət edəcəyi proqnozlaşdırılır.

    Yuan/dollar məzənnəsinin isə D.Trampın Çinlə bağlı proteksionist siyasət qərarlarından asılı olaraq 7,00-7,50 CNY/USD diapazonunda dalğalanacağı gözlənilir.

    "Fond birjalarında isə kəskin azalma ehtimal edilir. Buna səbəb Çin iqtisadiyyatındakı yavaşlama, inkişaf etməkdə olan ölkələrdən kapital axını səbəb olacaq. ABŞ fond birjalarının 2016-cı ildə ciddi artımla üzləşməsi bu ölkədə birjaların kəskin düşməsi ehtimallarını artırır. Donald Trampın fiskal ekspansiya və vergiləri azaltmaqla bağlı qərarlarından asılı olaraq birjaların azalma dərəcəsi müəyyən olunacaq. "Dow-Jones" indeksinin 2017-ci ildə 10-15% azalacağı ehtimal edilir", - deyə analitiklər qeyd ediblər.

    Neftin qiymətinin 2017-ci ildə 35-65 dollar/barel kimi böyük diapazonda hərəkət edəcəyi gözlənilir. İlin ikinci yarısında neftin ucuzlaşması ehtimal edilir. Neft Çin iqtisadiyyatının yavaşlaması fonunda ucuzlaşacaq.

    Qızılın qiymətinin isə 980-1150 dollar/unsiyada dalğalanması proqnozlaşdırılır. Qızıl ABŞ-da uçot dərəcəsinin artması və Çin ilə Hindistan kimi ölkələrdə qızıla tələbatın azalması ilə dəyərdən düşəcək.

    Bununla yanaşı, Azərbaycanda manat/dollar məzənnəsinin 2017-ci ildə 1,77-2,50 AZN/USD diapazonunda hərəkət edəcəyi və 2,10 AZN/USD-yə yaxın səviyyədə sabitləşəcəyi ehtimal edilir.

    "Report"un analitik qrupu dünya iqtisadiyyatında mənfi proseslərin mümkün qədər tez və kəskin baş verəcəyi təqdirdə, inkişaf prosesinin də daha tez başlayacağını düşünür. Əks halda, bədbin əhval-ruhiyyənin 2020-ci ilə qədər davam etməsi mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi