Qarakənd terror aktı: erməni separatizminin cinayətlərinə təkan
- 20 noyabr, 2026
- 16:53
Yeniliklərdən dərhal xəbərdar olun!
İllər ötsə də, fərqli şərait yaransa da, Azərbaycan xalqına qarşı törədilən cinayətlər unudulmur. Bu gün Qarakənd faciəsinin 35-ci ildönümüdür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində yerləşən qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan helikopteri vurulub.
300 metr yüksəklikdə uçan "Mİ-8 N72" helikopterinin vurulması nəticəsində Azərbaycanın Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstanın daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev şəhid olublar. Bu terror hadisəsi nəticəsində ümumilikdə 22 nəfər ölüb.
Faciənin başvermə səbəbini, onun hazırkı bir sıra hadisələrə təsirini göstərmək məqsədilə bəzi məlumatları yada salmağa ehtiyac var;
1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan rəsmi nümayəndələrinin görüşü keçirilib. Bu tədbiri keçirməkdə məqsəd Qarabağda azərbaycanlılar və ermənilərin vəziyyətini öyrənmək, onlardan hansının sıxışdırıldığını müəyyən etmək olub. Ona görə də nümayəndələr vəziyyəti yerində görmək üçün Xankəndiyə getmək qərarına gəliblər.
Noyabrın 18-də hələ dağılmayan SSRİ-nin prezidenti Mixail Qorbaçovun şəxsi köməkçisi Bakıya zəng edərək Təhlükəsizlik Şurasının növbəti iclasının Qarabağda keçirilməsini xahiş edib. Çünki torpaq iddiasında olan erməni separatçıların başçıları və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulurdu. Bundan sonra Bakıda siyahı tərtib olunur. Nümayəndələr ancaq güc strukturları və Təhlükəsizlik Şurasının rəhbərlərindən ibarət olmalı idi. Siyahıya isə vaxtilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko rəhbərlik etməli idi.
O, vaxtilə SSRİ-nin Əfqanıstanda aparıcı fiquru, prezident Məhəmməd Nəcibullanın (1987–1992) müşaviri olmuşdu. 1988–1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi vəzifəsində çalışır. 1990-cı ildə Qarabağda təşkil olunan xüsusi komitənin başçısı təyin olunur.
O, komitəyə rəhbərlik etdiyi dövrdə birmənalı olaraq erməni separatçıların mövqeyini müdafiə edib. 1991-ci ilin avqustunda Moskvada baş vermiş məlum uğursuz hakimiyyət devrilişinə cəhddən sonra V.Polyaniçko bütün vəzifələrindən məhrum edilərək Moskvaya qayıdır.
Həmin ilin noyabrında isə keçmiş komitə sədri kimi nümayəndə heyətinin başçısı olaraq Xankəndiyə getməli imiş. Ancaq onun vurulan helikoterdə olmaması hələ də müəmma olaraq qalır.
Sonradan Polyaniçko, daha dəqiq desək 1993-cü il avqustun 1-də Şimali Osetiyada öz xidməti maşınında inquş döyüşçülərinin rəhbərləri ilə görüşə gedərkən hücuma məruz qalıb və güllələnərək öldürülüb.
Bu terror aktı ilə bağlı cinayət işi üzrə Xankəndidəki rus qarnizonunun hərbi prokuroru İqor Lazutkin Rusiya Cinayət Məcəlləsinin "Uçuşun düzgün idarə olunmaması və insan tələfatı" maddəsi ilə istintaqa başlayıb. Mütəxəssislərin rəyinə əsasən, o, ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən hadisədən heç nə anlamaq mümkün olmayıb. Lazutkin teraktdan dörd gün sonra İrəvanda telekanala müsahibəsində saxtakarlıq edərək təhriflərə yol verib. O bu terror aktını "adi qəza" kimi soyuqqanlılıqla şərh edib.
Rusiyanın prokuroru helikopterin "qara qutusu"nu da ələ keçirərək ona toxunmağı qadağan etmişdi. Onun sözlərinə görə, qara qutu "istidən", "yanğından" və "partlayışdan" sıradan çıxıb və əriyib. Bundan başqa, o bildirib ki, guya həlak olan azərbaycanlılara ilkin yardımı "ermənilər göstərib". Halbuki orada ölənlərin bəzilərinin meyiti tanınmaz halda olub. Jurnalist Salman Alıoğlunun sözlərinə görə, Mərzilini keçəndə Rusiya hərbçiləri jurnalistləri saxlayıb, əraziyə bir sutka heç kəsi buraxmayıblar. O qeyd edib ki, jurnalistlər əraziyə gedəndə rusiyalı hərbçilər və ermənilər ərazidə ciddi "təmizləmə" işi aparmışdılar. İddia olunur ki, helikopter vurularaq yerə düşəndən sonra onun göyərtəsindəki insanların meyitləri yerdə yandırılıb.
"Time" jurnalının 2009-cu il iyulun 20-si tarixli sayında "Qara qutular və qısa tarix" məqaləsində "Mİ-8 N72" helikopterlərində olan qara qutuların yanma ehtimalının 0-a bərabər olduğu qeyd edilib.
Bəzi araşdırmalara görə, "Mİ-8 N72" hərbi helikopterinə ABŞ istehsalı olan "Barret M81A1" və "Barret M82-A1" silahından atəş açılıb. Bu zaman daha bir sual yaranır, erməni separatçılarının bu silahı əldə etməsinə kimlər şərait yaradıb? Çünki həmin dövrdə SSRİ qanunları işləyirdi. İrəvandakı beynəlxalq hava limanına sovet sərhədçiləri nəzarət edirdi və s. Bu baxımdan, belə qənaətə gəlmək olar ki, Kremlin xüsusi xidmət orqanları hadisədə Moskvanın izini itirmək üçün separatçıların ABŞ silahı ilə təchiz olunmasına şərait yaradıblar.
Hadisə baş verən tarixdən bir ay əvvəl Azərbaycan müstəqilliyinin bərpası istiqamətində mühüm bir addım atmışdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilmişdi. Bununla belə, Azərbaycanın Qarabağdakı rayonlarına Rusiya hərbçiləri nəzarət etməklə yanaşı, Moskva bölgələrə komendantlar təyin edirdi. Ona görə birmənalı şəkildə demək olar ki, ərazi sovetlərdən qalma Rusiya hərbçiləri, onların dəstəyi ilə separatçı erməni silahlıların nəzarəti altında idi. Ov tüfəngləri olan, bəzi hallada isə silahsız azərbaycanlı könüllülərə isə rusiyalı hərbçilər ermənilərin sifarişi ilə təzyiq edirdilər.
Separatçıların törətdikləri bu terakt vasitəsilə Moskva Azərbaycanı müstəqillik yolundan döndərməyə çalışırdı. Çünki bundan əvvəl Kremlin törətdiyi 20 Yanvar hadisəsi Azərbaycanının müstəqillik uğrunda mübarizəsinin qarşısını ala bilməmişdi.
Moskva ona görə də Qarabağ və ətraf rayonları separatçılarla birlikdə nəzarət altında saxlamaqla rəsmi Bakıya təzyiq edirdi.
Azərbaycan 2020-ci ildə Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməklə 20 noyabr Qarakənd faciəsinin günahsız qurbanlarının da qanını alıb. Həmin hadisələrdən sonra Azərbaycan ərazisində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğu maliyyələşdirmə, soyqırım, qanunsuz silahlı birləşmələr yaratma, onların fəaliyyətində iştirak, dinc sakinlərə işgəncə vermək və dövlət sərhədini qanunsuz keçmə maddələri ilə 17 erməni separatçı-terrorçu barədə cinayət işi başlandı. Onlar barəsində ömürlük və müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzaları elan edildi.
Həmin cinayətkarlar Qarakənd teraktı törədilən zaman separatçılarla bir sırada Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxıblar. Helikopteri vuran terrorçularla eyni düşərgədə olduqlarından nəticə etibarilə həmin cinayətin dəstəkçisi, yaxud iştirakçısı olublar. Çünki Qarakənddəki teraktın hədəfi Azərbaycanı zəiflətmək, torpaqların itirilməsi ilə razılşadırmaq olub. 17 erməni cinayətkar da həmin istiqamətdə fəaliyyət göstərib.
Odur ki, Qarakənd faciəsi Azərbaycan torpaqlarında terror törətmiş və separatçılıq etmişlərin cinayətkar əməlinin nəticəsidir. Bu cinayətin bəzi fəalları həllə də sərbəstdir. Onların bir neçəsi hələ də Ermənistanda cəzasız yaşayır. Məsələn, Robert Koçaryan 1988-ci ilin fevralından "Qarabağ" hərəkatının liderlərindən biri olub. Hərəkat Qarabağın Azərbaycanın tərkibindən çıxaraq Ermənistana birləşdirilməsi üçün silahlı fəaliyyət göstərir, müxətlif teraktlar törədir, yaxud təşkil edir. Koçaryan bu məqsədlə fəaliyyət göstərən "Miatsyum" ("Birləşmə") təşkilatına rəhbərlik edib. Saxta qurumun "müdafiə komitəsinin sədri və baş naziri" olub. Xocalı soyqırımının təşkilatçılarından sayılır.
Serj Sarqsyan " DQR" "özünümüdafiə qüvvələri komitəsinin sədri" olub. Levon Ter-Petrosyan Ermənistranın 1991-1998-ci illərdə prezidenti olub. Qarabağdakı erməni separatçılarla eyni mövqeydən çıxış edib. Onları müdafiə edib.
Seyran Ohanyan Rusiyanın 366-cı motoatıcı alayının mayoru olub. Qondarma qurumun "özünümüdafiə" adlı qanunsuz silahlı qruplaşmasına rəhbərlik edib.
Beləliklə, hadisələr deməyə əsas verir ki, Azərbaycan torpaqlarında separatçıların törətdikləri bütün cinayətlər bir mərkəzdən idarə edilib. Ona görə bu hadisələrin təşkilatçıları və iştirakçıları da eyni cinayətkar ideyanın daşıyıcılarıdır.
Bu gün isə bəzi "hüquq müdafiəçiləri" Azərbaycanda törətdikləri cinayətkar əməllərə görə həbs edilənlərin "hüquqlarının müdafiəsinə" qalxıblar. Həmin qruplar, yaxud "hüquqçular", "deputatlar", "konqresmenlər" və başqaları sonrakı illərdə Qarabağ və ətrafında törədilən çoxsaylı cinayətlərə Qarakənd teraktının təkan verdiyini görməzlikdən gəlirlər. Halbuki bunlar Azərbaycanda törədilən erməni terror cinayəti zəncirinin halqalarıdır. Həmin caniləri müdafiə etmək həm də Qarakənd teraktının günahsız qurbanlarının hüquqlarının pozulmasıdır.