Yuxarı

Paşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRH

Qarabağdakı ermənilər Ermənistanın əsiridir
Ermənistan hakimiyyəti sələflərindən fərqlənməyərək Qarabağdakı erməni icmasını bazara çıxarıb

Ermənistanda bir-birini əvəzləyən hakimiyyətlərə ölkəni yaşatmaq üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonu işğal altında saxlamaq vacibdir. Dağlıq Qarabağdakı erməni icması isə Ermənistan hakimiyyətinin girovudur. Rəsmi Yerevan Qarabağdakı ermənilərlə terrorçu kimi davranır. Onları girovluqda saxlayıb ABŞ, Avropa ölkələri və Rusiyadan maliyyə vəsaiti toplayır. Son aylarda isə bu daha aşkar şəkildə təkrarlanır.

Bu günlərdə Rusiya mətbuatı yazıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı separatçı rejimi maliyyələşdirməkdən imtina edib. Buna səbəb kimi isə separatçıların yaratdığı sistemdə kadr dəyişikliyi göstərilir. Bildirilir ki, rəsmi Yerevan separatçılara artıq iki aydır maliyyə yardımı etmir. Səbəb kimi separatçıların silahlı dəstəsinin Paşinyana tabe olmaq istəməməsi göstərilir. Belə ehtimal edilir ki, onların atəşkəsi pozması Ermənistanın hökumət başçısına təzyiqlərin artmasına səbəb olur. Əvvəllər separatçı rejimlərin başçıları Arkadi Qukasyan və indiki Bako Saakyan Ermənistanın keçmiş prezidenti Robert Koçaryana tabe id. Onlar Koçaryanın əmrlərini sözsüz icra edirdilər. Ancaq Bako və onun dəstəsi Ermənistana itaətsizlik göstərir. Bunun səbəblərindən biri Paşinyanın separatçıların indiki başçılarını dəyişməyə cəhd göstərilir. Qeyd edək ki, ötən il və cari ilin əvvəlində Azərbaycanın işğal altında olan Xankəndi şəhərində ermənilər Saakyana və onun dəstəsinə qarşı etiraz aksiyası keçirdilər. Paşinyan Qarabağdakı erməni icmasının üzvlərini küçələrə çıxaraq Bakoya etiraz etməyə çağırmışdı.

Bu yaxınlarda Paşinyan-Saakyan qarşıdurması daha sərt xarakter alıb. Ermənistanın baş naziri iddia edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesi barədə sənədlərlə separatçı rejim də tanış olur. Onun sözlərinə görə, indiyədək Ermənistandakı hakimiyyətlər Qarabağdakı ermənilərə bu barədə heç bir məlumat vermirdilər. Paşinyan bildirib ki, Saakyan öz aralarında olan məxfi danışığı yayır: “O “Facebook” səhifəsində yazdırır ki, Paşinyan torpaqları satır. Halbuki Serj Sarqsyan, onun əziz dostu hakimiyyətdə olanda Saakyanı heç kim saya salmırdı. Ona danışıqlar prosesi barədə məlumat verməyi vacib bilmirdilər”. Göründüyü kimi, Ermənistanda daxili və xarici siyasət Qarabağdakı erməni icmasının üzərində qurulur. Bu icma Ermənistan üçün yem, yaşamaq, mövcud olmaq, beynəlxalq və bölgədə marağı olan qüvvələr tərəfindən istifadə edilən təzyiq alətidir. Nikol Paşinyan separatçılara maliyyə dəstəyini dayandırmaqla Saakyanın dəstəbaşılığından getməsinə çalışmaqla yanaşı, həm də Rusiyaya öz etirazını bildirir.

Məlum olduğu kimi, Ermənistanda hakimiyyətə gələn bu qüvvəyə Kreml etibar etmir. Son iki həftədə Rusiya prezidenti Vladimir Putin Nur-Sultan və Sankt-Peterburqdakı toplantılarda Nikol Paşinyanla cəmi 30 dəqiqə görüşüb. Yeri gəlmişkən, Moskva-Yerevan münasibətlərindəki gərginliyi Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Facebook” səhifəsində vəziyyəti belə xarakterizə edib: “Bir-birinin maraqlarının nəzərə alınması əsasında bütün məsələlərdə uyğun qərar qəbul edilməlidir. Paşinyan Piterdəki forumda: Yaranmış şəraitə görə vəziyyət heç kimi qane etmir, hamı narazıdır, ancaq elə etmək lazımdır ki, hamı razı olsun”. Bu qeyddən sonra ondan yazdığını şərh etməsi istənilib. Sözçü bildirib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu güzəştdir: “Güzəştlərlə bağlı işləmək lazımdır. Kompromis əldə etmək üçün qarşılıqlı hörmətə ehtiyac var. Vladimir Putinin dediyi kimi, bir-birinin maraqlarını başa düşüb, bu maraqlara hörmət etmək lazımdır”. Belə qənaətə gəlmək olar ki, Paşinyan hakimiyyəti hələ də Rusiyanın maraqlarını başa düşmədiyindən ona Kremldə hörmət etmirlər. Bu baxımdan, Yerevan və Moskva qarşılıqlı olaraq Qarabağdakı erməni icmasından və onun keçmiş nümayəndəsi olan Robert Koçaryan məsələsindən istifadə edir.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və onun Yerevandakı həmkarı Sergey Kopırkin də uyğun olaraq, Bakı və Yerevanda keçirdikləri mətbuat konfranslarında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibət bildiriblər. “Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin tərəfdarıdır və danışıqlar prosesinin davam etməsini alqışlayır”, - deyə Boçarnikov vurğulayıb. Kopırkin isə deyib: “Qarabağ münaqişəsinin tənzimlənməsinin yalnız Rusiyadan asılı olduğu düşüncəsi doğru deyil”. Bu yerdə qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərinin dayandırılmasında Moskvanın əsas rol oynadığı da yaddan çıxmayıb. Səfirlərin çıxışlarındakı söz yığını ilə Qarabağın işğal altında saxlanılması müddətinin uzanmasında məsuliyyəti təkcə Rusiya deyil, başqalarının da daşıdığını çatdırmağa səy göstərilib. Bu məsələdə Ermənistan hakimiyyətinin də məsuliyyət daşıdığı istisna edilmir. Çünki işğal faktı və təcavüzkarlıq onun adına bağlıdır. O, bu rolda Rusiyanın oyuncağına çevrilib. Ancaq hadisələr göstərir ki, Nikol Paşinyan hökumət bu rola yarasızdır. Ona qərbin də etimadının azalmasına isə Rusiyaya yaxınlaşmağa cəhdləri təsir göstərir. Belə qənaətə gəlmək olar ki, rəsmi Yerevan Qarabağdakı erməni icmasına maliyyə və s. kimi təzyiqlərlə eyni zamanda Avropa ölkələri və ABŞ-dan da vəzifə qoparmağa cəhd edir.

Başqa sözlə, Ermənistan hakimiyyəti sələflərindən fərqlənməyərək Qarabağdakı erməni icmasını bazara çıxarıb. Qeyd edək ki, separatçı rejimin başçısı Saakyan bu günlərdə Ernekyan qrupunun Ermənistandakı filialının direktoru Xoorxe Del Aqila Ernekyanla görüşüb. Bu şirkətin mərkəzi ofisi Argentinada yerləşir. Ona görə belə ehtimal etmək olar ki, Saakyan xaricdəki erməni diasporunun maliyyə dəstəyini qazanmaq istəyir. Ancaq Paşinyan və Saakyan bir həqiqəti anlaya bilmir: Xankəndinə bütün yollar Azərbaycan ərazisindən keçir. Bunu anlayıb qəbul etsələr, xarici qüvvələrdən asılı qalmayacaqlar. Onda Qarabağdakı erməni icması da bölgədə alətə çevrilən paşinyanların, koçaryanların, sarqsyanların, saakyanların və daha neçə-neçə -yanların girovuna çevrilməyəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi