Yuxarı

Ermənilərin Qarabağa əsassız iddiası - Ermənistanın müstəqilliyinin təhdid mənbəyi - ŞƏRH

"Qarabağ ermənisi" Ermənistan cəmiyyətini parçalayır
Nikol Paşinyan və Ermənistan erməniləri vəziyyətə nəzarət etməsələr, yeni sürpriz hadisələrin baş verəcəyi ehtimalı az deyil

Ermənistan bölgənin araqarışdıran, sabit olmayan ölkəsidir. Mövcudluğunu belə davam etdirməsi, qonşu dövlətlərə qarşı əsassız və istinadsız olaraq ərazi iddiası onun pozuculuq fəaliyyəti ilə məşğul olmasını da təsdiqləyir. Belə vəziyyəti ilə Ermənistan Cənub Qafqazın Qərbə inteqrasiyasını əngəlləyir, üçüncü qüvvələrin bölgədə maraqlarının təmin olunmasına, sabitliyi pozmasına, regionun təhlükəsizliyinin təhdid olunmasına yardım edir.

Yeri gəlmişkən, Ermənistanın işğalçı və soyqırım törədən dövlət kimi tanınmasında başlıca rol oynayan, bölgədə başqa dövlətlərin maraqlarının təmin olunmasının əsas ifaçısı keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğvi ölkədəki vəziyyəti bir daha ifşa etdi. Məlum oldu ki, Ermənistanın məhkəmə orqanları xarici dövlətin nəzarəti altındadır və onun tapşırıqlarını icra edir. 

Məhz 2016-cı ilin aprel döyüşü bu ölkənin hərbi qüdrəti barədə yaradılan mifi dağıtdı. Bu, Ermənistan cəmiyyətində və hakimiyyətində parçalanma yaratmışdı. 2018-ci ilin hakimiyyət dəyişikliyi ilə nəticələnən hərəkat parçalanmış erməni cəmiyyətini toparlamağa müəyyən mənada nail ola bilmişdi. Məhkəmə binalarının qarşısında keçirilən piketlər isə Ermənistan cəmiyyətinin parçalanmış halını göstərdi. Etiraz aksiyasında iştirakçıların azlığı, Avropaya inteqrasiyaya qarşı çıxışlar, Ermənistanda və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki ermənilər arasında maraqların toqquşması, ziddiyyətlərin artması erməni cəmiyyətinin birliyi mifinin dağılmasını təsdiq edən faktlardır. Məlum oldu ki, Qarabağda yaşayan ermənilər Ermənistanda başlıca güc sahibidirlər. Koçaryanın zaminə buraxılması bunu göstərdi. Ermənistanın müstəqilliyi 28 ilə yaxındır bərpa olunub. Bu müddətin 20 ilində hakimiyyətə Azərbaycan vətəndaşı olmuş ermənilər başçılıq edib. Robert Koçaryan 1998-2008-ci illər, Serj Sarqsyan isə 2008-2018-ci illərdə Ermənistanın prezidentləri olublar. İkincisi 2018-ci ilin 17-23 aprelin beşgünlük baş nazir vəzifəsini də icra edib. Sarqsyan hətta Ermənistanın milli təhlükəsizlik naziri də olub. Qarabağdan olan keçmiş Azərbaycan vətəndaşları Ermənistanda müxtəlif vəzifələrdə olublar. Məsələn, keçmiş müdafiə naziri Seyran Ohanyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan və s. Bu siyahını uzatmaq da olar. Belə çıxır ki, Ermənistanda dövləti idarə etmək üçün kadr olmayıb, yaxud ən etibarlı kadrlar Azərbaycanın keçmiş vətəndaşlarıdır.

Əslində, Ermənistan cəmiyyəti “qarabağlı” ermənilərdən xilas olmaq üçün 2018-ci ildə hakimiyyət dəyişikliyi elədi. Görünür, onların bundan artığına gücləri çatmadı. Azərbaycanın keçmiş vətəndaşları Ermənistanda əsas söz sahibi olaraq fəaliyyət göstərirlər. Onların fəaliyyəti isə erməni cəmiyyətinin parçalanmasını dərinləşdirir. Bunu artıq hakimiyyətdə olanlar da etiraf etməyə başlayıblar. Ermənistanda çıxan “Past” qəzetinin yazdığına görə, baş nazir Nikol Paşinyan ermənilər arasında parçalanmanın yaranmasını araşdırmaq üçün güc strukturlarına tapşırıq verib. Bildirilib ki, Qarabağda ermənilər arasında Ermənistan hakimiyyətinin “Qarabağ ermənisi” və “Ermənistan ermənisi” yarlığı vurduğuna dair söz-söhbət dolaşır. Bunun da yersiz olmadığı təsdiqlənir. Məlum olub ki, “Qarabağ erməniləri” də Ermənistan ermənilərini sevmir. Nikol Paşinyan ermənistanlıdır. “Jamanak”ın yazdığına görə, Qarabağdan olan “generallar” Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istəyirlər: “Bir neçə gün əvvəl Ermənistanın tanınmış oliqarxları və Qarabağdan olan "generallar" bir villaya toplaşıblar. Görüşü Samvel Karapetyan (separatçı rejimin “müdafiə nazirinin keçmiş müavini” - red.) təşkil edib. İştirakçılar Nikol Paşinyan hökumətini devirmək üçün əllərindən gələni edəcəklərinə and içiblər. Görüşdə Samvel Aleksanyan (sahibkar, keçmiş hakim Respublikaçılar Partiyasından deputat, Ermənistana qənd və bitki yağlarının idxalı ilə məşğuldur - red.) da iştirak edib”.

Deməli, Nikol Paşinyan və Ermənistan erməniləri vəziyyətə nəzarət etməsə, yeni sürpriz hadisələrin baş verəcəyi ehtimalı az deyil. Bu həm də onu göstərir ki, Qarabağın işğalında oynadığı rol Ermənistanın müstəqil dövlət olmasına qarşı işləyib. Başqa sözlə, bu ölkədəki hakimiyyət, Qarabağla bağlı erməni iddiaları Ermənistanın müstəqilliyinə əngəl olub. Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığı, ölkəyə edilən yardımlara “Qarabağ ermənilərinin” şərik çıxması, xarici siyasət kursunda problemlər, ölkə əhalisinin daim vahimə və xof içində yaşaması, ictimai, siyasi və iqtisadi sabitliyin olmamasının başlıca amili ermənilərin Azərbaycan torpaqları ilə bağlı iddiası, işğalçılığıdır.

ABŞ-ın məşhur “Gallup” beynəlxalq sosial araşdırma şirkətinin apardığı (“Gallup International Association”) sosial araşdırmadan bəlli olub ki, Ermənistanda vətəndaşların vacib problemi Qarabağ məsələsi deyil, işsizlikdir. Rəyi soruşulanların 45 faizi işsizliyi Ermənistanın başlıca problemi olduğunu söyləyib. Respondentlərin 40,5 faizi ölkədəki iqtisadi vəziyyətin düzəlməsinə üstünlük verib. Rəyi soruşulanların 26,8 faizi isə təqaüd və əməkhaqlarının az olmasından şikayət edib. Respondentlərin 26,1 faizi isə Qarabağ məsələsini Ermənistanın vacib problemi sayır. Rəyi soruşulanlar emiqrasiya, korrupsiya və terroru da ölkənin başlıca məsələləri sırasında qeyd ediblər. Araşdırma nəticəsində o da məlum olub ki, ölkə əhalisi psixoz vəziyyətdədir. “Gallup” şirkəti müəyyən edib ki, sakinlərin 45 faizi sorğunu kin, qıcıq və streslə cavablandırıb.

Nəhayət, Nikol Paşinyan və onu dəstəkləyən siyasi qüvvələr daha çox qərbyönlülərdir. “Qarabağ erməniləri” isə birmənalı olaraq, Rusiyasevər və Rusiya təmayüllüdürlər. Onda sorğunun nəticələrindən belə çıxır ki, Ermənistan erməniləri Qərbə inteqrasiyaya üstünlük verir və onlar üçün Azərbaycan torpaqlarının işğalı elə də prioritet deyil. Habelə ölkədə sabitliyi pozanlar isə “Qarabağ erməniləri”dir. Onlar həm də Ermənistanın inkişafının qarşısını alır. Son bir ildə baş verənlər onu da sübut edib ki, Dağlıq Qarabağın işğal altında saxlanması Ermənistanın beynəlxalq nüfuzuna da zərbə vurur. Artıq bu reallığı havadarları da inkar etmir. Deməli, Qarabağ məsələsi və “Qarabağ erməniləri” Ermənistanın müstəqilliyinin təhdid edilməsi üçün əsas alətə çevrilib. Çıxış yolu da yox deyil. Bu yol Ermənistanın Qarabağın işğalından əl çəkməsindən, qonşulara yersiz və əsassız ərazi iddiaları irəli sürməkdən imtinasından, başqalarının əlində alət olmaqdan qurtulmasından, hikkə və kindən xilas olmasından keçir. Bu yolu tutan Ermənistan isə, ilk növbədə, bölgə üçün dövlətin, əlin pozuculuq fəaliyyəti ilə məşğul olmasının qarşısını alar, Cənubi Qafqazın Qərbə inteqrasiyasını sürətləndirər. Hələlik isə Ermənistan bu yoldan uzaqdır. Dağlıq Qarabağın işğalı və “Qarabağ erməniləri” ölkənin müstəqilliyini, suverenliyini təhdid edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi