Azərbaycanın xarici siyasət kursu çoxşaxəli və əhatəlidir. Rəsmi Bakı ABŞ, Avropa İttifaqı, Rusiya, MDB-nin digər respublikaları, "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələr, NATO, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər davamlı əlaqələr saxlaması bunu təsdiqləyir. Dünya birliyinin Azərbaycana diqqəti onun beynəlxalq hüququn prinsip və normalarına, eləcə də BMT nizamnaməsinə əməl etməsi, bu istiqamətdə pozuntulara qarşı çıxması ilə bağlıdır. Bu amillər onun beynəlxalq arenada nüfuzunun artmasına təkan verir. Azərbaycan həmin prinsipləri və BMT Nizamnaməsini əsas götürərək torpaqlarını işğaldan azad etməklə bunu təsdiqləyib.
Ötən müddət ərzində Prezident İlham Əliyevin qlobal və regional təhlükəsizliyin təmini, beynəlxalq hüququn qorunması və əməkdaşlıq təklifləri əsasında yürütdüyü xarici siyasi kurs ölkəyə diqqəti daha da artırıb. Azərbaycan bu müddətdə ABŞ, Avropa İttifaqı, Rusiya, ərazi bütövlüyü pozulan Moldova, Ukrayna, Gürcüstan liderləri, NATO, Türkiyə, İran ərəb dövlətləri, Çin, Pakistan rəsmiləri ilə müxtəlif səviyyədə danışıqlar aparıb. Bakıda NATO-nun bir sıra görüşlərinin keçirilməsi Alyansın Azərbaycana etimadından irəli gəlir. Bu istiqamətdə rəsmi Moskva da başqaları ilə müqayisədə Azərbaycana daha etibarlı tərəfdar kimi yanaşır. Bu baxımdan, Bakı NATO və ABŞ hərbi rəhbərlərinin Rusiya Silahlı Qüvvələrinin başçıları ilə danışıqların aparıldığı azsaylı yerlərdəndir.
Son aylar Qərb bloku ilə Kreml arasında gərginlik Rusiya-Ukrayna müharibəsinə səbəb olub. Dünyadakı münaqişə ocaqlarından biri yenidən alovlanıb. Rusiya Ukraynada hərbi əməliyyatlar keçirməyə başlayıb. Rəsmi Bakı beynəlxalq hüquq və normalara əsaslanaraq bu silahlı toqquşmada ortaq mövqe tutub. Hər iki tərəflə yaxşı münasibətləri qorumaqla yanaşı, obyektivliyini göstərib. Rusiyanın hərbi əməliyyatlara başladığı ilk günlərdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlaması Azərbaycana etimadın böyük olduğunu təsdiqləyir. Dövlət başçısı bir gün sonra Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada hadisələrin eskalasiyası ilə əlaqədar vəziyyəti, həmçinin Rusiya-Azərbaycan münasibətlərini müzakirə edib. Azərbaycan silahlı münaqişə, separatçılıq, ərazi bütövlüyünün pozulması, bu məsələyə xarici müdaxilənin edilməsi kimi halları yaşadığı üçün Ukraynada baş verənləri beynəlxalq hüquq normaları və BMT-nin Nizamnaməsi çərçivəsində həllini ən doğru və düzgün sayır. Hər iki tərəfin etimadını nəzərə alan rəsmi Bakı tərəflərə vasitəçiliyini təklif edib. Qeyd edək ki, rəsmi Bakı 2008-ci ilin avqust hadisələri zaman Gürcüstanla Rusiya arasında uğurlu vasitəçilik etmişdi. Azərbaycan Ukraynaya humanitar yardım edərək insanlıq borcunu yerinə yetirib. Son bir ayda Prezident İlham Əliyevin keçirdiyi görüşlər, telefon danışıqları rəsmi Bakının mövqeyinin doğruluğunu sübut edir.
Postsovet məkanındakı münaqişələrdə NATO-nun da adı tez-tez hallanır. Elə Rusiyanın əsas tələblərindən biri Ukraynanın neytrallığı, Alyansa üzv olmamasıdır. Bu baxımdan, ötən ay NATO rəhbərliyinin rəsmi Bakı ilə danışıqları diqqətçəkicidir. Ötən ay dövlət başçısı ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb. Bununla ən nüfuzlu hərbi-siyasi birlik Azərbaycana verdiyi dəyər və diqqəti nümayiş etdirib. Ukraynadakı vəziyyətin İlham Əliyevlə müzakirəsi Azərbaycanın beynəlxalq arenadakı etibarının, nüfuzunun göstəricisidir.
Postsovet məkanında ərazi bütövlüyü pozulan dövlətlərdən biri də Moldovadır. Azərbaycan lideri Ukrayna ilə qonşuluqda yerləşən Moldovanın Prezidenti Maya Sandu ilə telefon söhbəti zamanı regional məsələlər barədə fikir mübadiləsi aparıb. Bu, Azərbaycanın keçdiyi çətin və uğurlu yola münasibətin göstəricisidir. Münaqişəni həll etmək, Rusiya və Qərb dövlətləri ilə münasibətləri normal saxlamaq rəsmi Bakının yürütdüyü siyasətin nəticəsidir. Moldova və Azərbaycan liderlərinin danışıqları bu baxımdan da qiymətləndirilə bilər. Rusiya-Ukrayna müharibəsində Polşa rəsmi Kiyevi dəstəklədiyi sirr deyil. Bu ölkənin Azərbaycanla da çox sıx münasibət və əlaqələri var. Son hadisələr fonunda Polşa Prezidenti Andjey Dudanın dövlət başçısı ilə telefon danışığı Azərbaycanın nüfuz və beynəlxaq aləmdəki nüfuzunun göstəricisidir. Prezident polşalı həmkarı ilə telefon danışığı zamanı iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
Azərbaycanın Böyük Britaniya ilə siyasi, ticarət əlaqələri də inkişaf etməkdədir. 2021-ci ilin ilk 9 ayında Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 550,655 mln. dollar təşkil edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 90,5 faiz çoxdur. Hesabat dövründə ixracın həcmi 336,737 mln. dollar təşkil edib. Bu da illik müqayisədə 4,6 dəfə çoxdur. Nəticədə 2021-ci ilin ilk doqquz ayında 122,818 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. Bu ilin yanvar ayında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin həcmi 145,963 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin yanvar ayı ilə müqayisədə 6,1 dəfə çoxdur. Bu münasibətlər başqa dövlətlərlə də artan xətt üzrə inkişaf etməkdədir. Britaniyanın dünya siyasəti və ticarətində tutduğu yeri nəzərə alaraq nümunə kimi onu göstərdik. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consondan Böyük Britaniya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı təbrik məktubu da tərəflər arasında əlaqələrin genişlənməsi və qarşılıqlı etimadın artmasını göstərir.
Azərbaycanla Avropa İttifaqı arasında da normal münasibətlər var. Düzdür, 44 günlük müharibə zamanı qurumun aparıcı üzvləri öz tərəfsizliklərini qoruya bilmədi. Onlardan biri də Fransa və onun Prezidenti Emmanuel Makron idi. Ancaq son zaman onun Azərbaycana münasibətində müsbət istiqamətdə dəyişikliyin baş verməsi müşahidə olunur. Bunu da rəsmi Bakının beynəlxalq arenada tutduğu obyektiv mövqeyin nəticəsi kimi qiymətləndirmək mümkündür. Prezident fransalı həmkarı Emmanuel Makronla telefon danışığında Ukraynadakı böhranı və bu ölkəyə humanitar dəstəyin göstərilməsi məsələlərini müzakirə edib.
Martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Cənubi Qafqazda postmünaqişə dövrü, Ermənistanla Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib. Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi, sülhü və çiçəklənməni dəstəkləməkdə davam edəcək. Söhbət zamanı həmçinin Ukraynadakı son hadisələrin inkişafı və bunun Cənubi Qafqazda regional təhlükəsizliyə mümkün təsiri məsələləri də müzakirə olunub.
Rusiya-Ukrayna müharibəsi Avropada bir sıra sahələrlə bağlı narahatlığın yaranmasına səbəb olub. Qitə dövlətləri liderlərinin yaranmış vəziyyəti rəsmi Bakı ilə müzakirə etməsi onun artan nüfuzundan və genişlənən təsir dairəsindən xəbər verir. Münaqişə bölgəsində baş verənlərin və ora humanitar yardımın edilməsi kimi məsələlərin Prezident İlham Əliyevlə müzakirə olunması Azərbaycanın beynəlxalq arenadakı etibarının, nüfuzunun artdığını isbatlayır. Avropada qitə dövlətlərinin liderləri rəsmi Bakı ilə hesablaşır, onun tutduğu obyektiv mövqeyə hörmətlə yanaşır.
Azərbaycanın uğurlu xarici siyasəti Türkiyə ilə qarşılıqlı əlaqələrin genişlənməsində də özünü bir daha göstərir. 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış şərait Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni vəziyyət yaradıb. Şuşa bəyannaməsinin icrası həm də regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün təminatdır. Azərbaycan, bu baxımdan, regional təminatçılardan biridir. Odur ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar Türkiyə ilə münasibətləri də yeni müstəvidə formalaşdırıb. Dövlət başçısı bu günlərdə Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb. Bu, Azərbaycanın etibarlı tərəfdar olduğuna çoxsaylı nümunələrdən olmaqla yanaşı, həm də eyni etnosa aid dövlətlərin münasibətlərinin göstəricisidir. İki dövlət arasında belə münasibət beynəlxalq hüquqa aid ən yaxşı örnəklərdən sayıla bilər.
Rəsmi Vaşinqtonla Tehran arasında 43 illik gərginlik hər kəsə bəllidir. Ancaq rəsmi Bakı heç birinə üstünlük vermədən bu barışmaz tərəflərlə əlaqələri qoruyub, inkişaf etidirə bilir. Azərbaycan yürütdüyü uğurlu xarici siyasətlə İranı da əməkdaşlığa cəlb edib. Qeyd edək ki, bu ölkənin rəsmiləri 44 günlük müharibə zamanı, ondan sonra Azərbaycana qarşı çox sərt mövqe tutmuşdular. Onlar Azərbaycana qarşı böhtan kampaniyasının iştirakçısı belə olmuşdular. Ancaq martın 11-də iki ölkə arasında tarixi memorandumun imzalanması rəsmi Bakının qonşu dövlətlərlə dinc yanaşı yaşamaq və əməkdaşlıq etmək taktikasının doğruluğunu təsdiqləyib. Qeyd edək ki, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan hökuməti ilə İran hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan-ABŞ münasibətləri də genişlənməkdədir. Bu günlərdə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Azərbaycanın dövlət başçısı ilə telefonla danışıb. Tərəflər Cənubi Qafqazda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparıb, eləcə də bölgənin təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Dövlət başçısının bu və başqa əlaqələri Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna, müsbət imicinə aid çoxsaylı nümunələrdəndir. Nəzərə almaq lazımdır ki, Azərbaycan enerji daşıyıcıları xəttinin keçdiyi ərazilərdəndir. O, dünyanın karbohidrogen daşıyıcıları ilə təhlükəsiz təmin olunmasında aparıcı yerlərdən birini tutur. Odur ki, bu istiqamətdə də əlaqələr və əməkdaşlıq Azərbaycanın artan nüfuzuna təkan verəcək. Dünyada baş verənlərə əsasən demək olar ki, yaxın zamanda ölkəyə diqqət daha da artacaq. Azərbaycan da qlobal və regional siyasi səhnənin bacarıqlı, etibarlı oyunçusu olduğunu yenidən sərgiləyəcək.