Paşinyanın BMT-dəki tərbiyəsizliyi - işğalçının dəyişməyən mahiyyəti - ŞƏRH

Paşinyanın BMT-dəki tərbiyəsizliyi - işğalçının dəyişməyən mahiyyəti - ŞƏRH İdeya boşluğuna düşən hökumət başçısı öz cəmiyyətinin dəstəyini qazanmaq üçün belə əsassız çıxışlar edir
Analitika
27 Sentyabr , 2018 14:16
Paşinyanın BMT-dəki tərbiyəsizliyi - işğalçının dəyişməyən mahiyyəti - ŞƏRH
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ Karlo Kollodinin yazdığı “Pinokkionun macəraları: Taxta kuklaların hekayələri” adlı nağılda yalan danışanda Pinokkionun burunu uzanır. Təəssüf ki, bu, yalnız nağıllarda və ya cizgi filmində olur.

Əgər bu real həyatda da baş versəydi, heç şübhəsiz Ermənistanın baş naziri Nikol Paşinyanın burnu yəqin Nyu-Yorkdan Yerevana qədər uzanmışdı.

O, BMT Baş Assambleyasının 73-cü sessiyasında dünyanın 192 dövlətinin prezidenti, baş naziri və rəsmiləri qarşısında gözlərini qırpmadan yalan danışdı. Onlar da bu yalanı alqışladılar. Yəqin yalana inanlar haqqında cizgi filmi çəkilsə, yaxud nağıl yazılsaydı belələrinin də qulağı Dağlıq Qarabağa və Naxçıvana qədər uzanardı.  

BMT-nin Nizamnaməsində dövlətlərin ərazi bütövlüyünü qorunması və ona hörmət edilməsi aydın şəkildə yazılıb. Bundan başqa, BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasına dair 4 qətnamə qəbul edib. Həmin sənədləri Nikol Paşinyana və BMT-də ona qulaq asanlara bir daha xatırladırıq:

822 saylı qətnamə Kəlbəcərin işğalından sonra - 1993-cü ilin aprelin 30-da qəbul olunub. Sənəddə bölgədəki hərbi əməliyyatlara son verilməsi, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi tələb olunur.

853 saylı qətnamə 1993-cü ilin iyulun 29-da qəbul edilib. Sənəddə bölgədəki hərbi əməliyyatlara son verilməsi ilə yanaşı erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edilir, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsi tələb olunur. 

1993-cü ilin oktyabrın 14-də qəbul olunan 874 saylı qətnamədə atəşkəs razılaşmasının imzalanması, Ermənistanın hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (1993-cü il avqustun 23-ü), Cəbrayıl (1993, avqust 26), Qubadlı (1993, sentyabr 30 ) və başqa ərazlərdən geri çəkilməsi tələb edilir. Sənəddə əvvəlki 822 və 853 saylı qətnamələrə əməl olunması da öz əksini tapıb. 

1993-cü ilin noyabrın 12-də təsdiqlənən 884 saylı sənəddə son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələbi əksini tapıb. Sonda isə əvvəl qəbul olunmuş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi istənlir. 

Dünyanın ən böyük və nüfuzlu təşkilatı sayılan BMT-nin hələ də qüvvədə olan qətnamələrinin mövcudluğuna baxmayaraq, Nikol Paşinyan elə BMT tribunasından Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmamasına görə Azərbaycanı “ittiham” edib: ”Azərbaycan hakimiyyəti Naxçıvanda olduğu kimi, Dağlıq Qarabağı da ermənilərdən təmizləmək niyyətindədir”.

Vəziyyətin heç də belə olmadığını BMT Təhlükəsizlik Şurasın 15, o cümlədən 5 daimi üzvü yaxşı bilir. Onlardan 3-ü - ABŞ, Fransa və Rusiya isə ATƏT-in Minsk Qrupunun həmsədridir. Yalan isə beynəlxalq vasitəçilərin təmsilçilərinin iştirak etdiyi toplantıda Ermənistanın baş naziri səviyyəsində söylənilir.

Bu çıxışdan bir gün sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş olub.

Yeri gəlmişkən, E.Məmmədyarov danışıqların maraqlı keçdiyini deyib: “Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi aparıldı. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq".

Məlumata görə, diplomatlar bölgəyə oktyabrda gələcəklər.

N.Paşinyan yuxarıda qeyd etdiyimiz məlum çıxşı ilə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlı olmadıqlarını göstərdi. Çünki bu ölkədə siyasət əsasən, Dağlıq Qarabağla bağlı ermənilərin uydurduqları və onların tərbiyə edildikləri sərsəm fikirlər üzərində qurulub. Nə qədər gülünc və acınacaqlı olsa da, beynəlxalq vasitəçilər açıq bildirməsələr də, münaşiqənin həlli ilə bağlı tutduqları mövqedə dolayı yolla ermənilərin bu “xəstə düşüncəsini” dəstəkləyirlər. 

N.Paşinyan Azərbaycan və Ermənistanın XİN başçılarının Nyu-york görüşünə bir neçə saat qalmış etdiyi çıxışla başçılıq etdiyi hökumətin danışıqlara hazır olmadığını ortaya qoydu. Habelə sələfləri kimi o da BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını göstərdi. 

Özlərini demokrat adlandıran may çevirlişçilərinin işğal edilmiş Azərbaycan ərazilərində hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşları keçirməsi də onların təcavüzkar düşüncənin göstəricisidir.

Baş verənlər onu deməyə əsas verir ki, Ermənistanın yeni siyasi elitası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ideyaya malik deyil. Bu səbəbdən də Nikol Paşinyan saxta və köhnəlmiş fikirləri təkrarlamaqla məşğuldur. İdeya boşluğuna düşən hökumət başçısı öz cəmiyyətinin dəstəyini qazanmaq üçün belə əsassız çıxışlar edir. 

Habelə siyasi risq aradan qalxmadığı üçün Ermənistan hökuməti ölkə iqtisadiyyatına yeni sərmayə cəlb edə, sosial vəziyyətin yaxşılaşdırılacağı ilə vətəndaşlara verdikləri vədi yerinə yetirə bilmir. 2008-ci il martın 1-də baş vermiş hadisənin əsas təşkilatçılarından sayılan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan hələ də azadlıqdadır. Bu azmış kimi R.Koçaryan baş nazir N.Paşinyanı şərəf və ləyaqətini təhqir etidiyi üçün məhkəməyə verir. Bütün bunlar xaricin təsiri ilə müəyyənləşən daxili siyasətdə qarmaqarışlığın mövcudluğunu təsdiqləyir. 

Nikol Paşinyanın başçılıq etdiyi yeni hökumət ölkənin qarşısında duran köklü məsələlərinin həllini real addımlar atmaqda deyil, sanki avantürst çıxışlar etməkdə görür. 

O, xarici siyasət kursunda dəyişikliklər etmədiklərini bildiriməklə, ilk növbədə Rusiyanı aldatmağa çalışır. Ancaq əlaltdan erməni lobbisi ABŞ Prezidenti Donlad Trampla Nikol Paşinyanın görüşünü təşkil etmək üçün dəridən, qabıqdan çıxır.

Rusiya Prezidenti Vladimir Putinin Yerevana rəsmi səfərinin qeyri-müəyyən müddətə reallaşacağı isə Ermənistanın risqlilik dərəcəsini artırır. 

Nəhayət, bəziləri paşinyançıları demokrat sayırlar. Demokrat olmaq həm də ədalətli olmağın və doğruçuluğun göstəricisi sayılır. Demokrat qanunun aliliyinə hörmət edər, təcavüzkar olmaz, başqa dövlətin ərazisinə göz tikməz və s. 

Azərbaycan heç bir halda N.Paşinyanı və onun tərəfdarlarını demokrat hesab edə bilməz. Əvvəla, bu siyasi qruplaşmanın başçısı Ermənistanın baş naziri kimi dəfələrlə Azərbaycanın işğal altında olan torpaqlarına gəlməklə beynəlxalq hüququ pozub. Bununla qanunun aliliyini ayaqlar altına atığını təsdiqləyib. İşğal altında olan Azərbaycan torpaqlarında təlim keçirməklə təcavüzkar olduqlarını sübuta yetirib. BMT Baş Assambleyasının sessiyasında yalan danışmaqla heç bir dövlətə, beynəlxalq ictimaiyyətə və onun rəyinə hörmət etmədiyini nümayiş etdirib. 

Keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçova Nobel Sülh mükafatı verilib. Ancaq o, 20 Yanvar hadisəsinə, Dağlıq Qarabağın işğalına zəmin hazırladığına görə məsuliyyət daşıyır. Bu və başqa əməllərinə görə, Mixail Qorbaçov Azərbaycan üçün cəlladdır, Xocalı soyqırımın törədənlərin yardımçısıdır. Yavnar hadislərində və Qarabağda şəhid olmuş azərbaycanlı qocaların, qadınların və körpələrin qatildir. 

Bir məsələyə toxunaq. BMT-nin 73-cü sessiyasna toplananlar ABŞ Prezidenti Donald Trampın 2 il ərzində əldə etdiyi uğrulara sələflərinin nail olmadığını deməsini, zaldakılar gülüşlə qarşılayıb. Çünki oradakılar Ağ evin indiki sahibinin gördüyü işləri şişirtdiyini bilirlər. Nikol Paşinyan isə çıxışında vəziyyəti şişirtməyib, ağ yalan danışıb. Oradakılar Ermənistan baş nazirinin onlara hörmətsizlik edib, yalan danışdığını bilsəydilər, yəqin ona ayaqqabı atardılar...

Azərbaycan Ermənistanda sağlam düşüncəyə üstünlük verən, xəstə erməni təfəkküründən uzaq siyasi qüvvələrin hakimiyyətə gəlməsində təkcə maraqlı deyil, həm də bunu arzulayır. Ancaq 5 ay ərzində bunların əksinin sübut etmiş Nikol Paşinyanla Qorbaçovun Azərbaycan üçün elə bir fəqri yoxdur. O hansı donu geynirsə geyinsin, yamağı görünür. Çünki yalan ayaq tutur, ancaq yermir. Yerisə belə uzağa gedə bilmir. Çünki onun geydiyi papışların altı cırıqdır.

Son xəbərlər

Orphus sistemi