Bulanıq suda balıq tutmaq istəyən amerikalı siyasətçilər - sülh gündəliyinə mane cəhdləri - ŞƏRH

Bulanıq suda balıq tutmaq istəyən amerikalı siyasətçilər - sülh gündəliyinə mane cəhdləri - ŞƏRH Artıq Cənubi Qafqazda sülh dövrü başlayıb. Azərbaycan Ermənistanla sülhün əldə olunması, regionda əməkdaşlıq mühitinin təmin olunması üçün bütün səylərini ortaya qoyur. Ermənistanın ritorikası da onu deməyə əsas verir ki, Bakının atdığı addımlar nəticə ve
Analitika
8 Dekabr , 2023 15:56
Bulanıq suda balıq tutmaq istəyən amerikalı siyasətçilər - sülh gündəliyinə mane cəhdləri - ŞƏRH

Artıq Cənubi Qafqazda sülh dövrünə qədəm qoymaq üzrədir. Azərbaycan və Ermənistan sülhün əldə olunması, regionda əməkdaşlıq mühitinin təmin olunması üçün bütün səylərini ortaya qoyurlar.

Ermənistanın dəyişən ritorikası da onu deməyə əsas verir ki, Bakının atdığı addımlar nəticə verir. Belə ki, bir vaxtlar “Qarabağ Ermənistandır, nöqtə” deyən Ermənistan baş naziri Nikol Paşinyan artıq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə elan edib. Bu, Azərbaycanın hərbi-diplomatik addımlarının nəticəsidir.

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edərkən Azərbaycanla Ermənistanın birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb.

Amma təəssüf ki, İkinci Qarabağ müharibəsindən 3 il keçməsinə baxmayaraq, hələ də sülh əldə olunmayıb. Bunun bir neçə səbəbi var. Əsas məqamlardan biri də ABŞ-dəki erməni lobbisi və diasporunun fəaliyyəti ilə bağlıdır. Belə ki, ABŞ-dəki erməni lobbisi bir çox hallarda ölkədəki konqresmen və senatorların qərarlarına təsir etməyə nail olur. Nəticədə Konqresdəki bir çox siyasətçilər zaman- zaman qərəzli bəyanatlar səsləndirirlər. Bir neçə gün əvvəl, dekabrın 6-da senator Ben Kardin ABŞ-ın Dövlət katibi Antoni Blinkenə məktub göndərərək Qarabağda həyata keçirilən 19-20 sentyabr tarixli antiterror tədbirlərinə görə Azərbaycana qarşı sərt tədbirlər görməyə çağırıb. Bundan başqa məktubda anklav kəndlər məsələsi də təhrif edilmiş formada təqdim edilib.

Maraqlıdır ki, rəsmi İrəvan həmin anklavları Azərbaycanın ərazi bütövlüyünün tərkibində olduğunu bildirib. Konqresmen və senatorlar bunu bilməmiş deyillər. Bildikləri halda belə açıqlama vermək isə heç bir halda hansısa xoş niyyətin təzaharü kimi qiymətləndirilə bilməz.

Görünən odur ki, Konqresdə təmsil olunan bir çox amerikalı siyasətçi “papadan daha çox katolik olmaq istəyir”. Məsələ ondan ibarətdir ki, Ermənistan sülh müqaviləsinə hazır olduğunu dəfələrlə bəyan edib. Həmçinin rəsmi Vaşinqton da sülh quruculuğu prosesinə töhfə verməyə hazır olduğunu müxtəlif səviyyələrdə bildirib. Elə isə bu siyasətçilərə nə düşür? Məqsəd aydındır: qarşılıqlı etimad mühitinin yaranmasına zərbə vurmaq, regionda “suları yenidən bulandırmaq”. Sözsüz ki, bu cəhdlər əbəsdir. Senator və konqresmenlər nəyəsə nail ola bilməzlər. Ayrı-ayrı hadisələr, o cümlədən sülh istiqamətində atılan addımlar onu deməyə əsas verir ki, prosesin nəinki rəsmi Bakının, ümumilikdə Cənubi Qafqazın maraqlarına uyğun inkişaf edir. Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar vasitəsilə əldə edilmiş razılaşma da bunu göstərir.

Bəzi ABŞ siyasətçiləri hər nə qədər “bulanıq suda balıq tutmağa” çalışsalar da, bu, əbəsdir. Onların prosesə təsir imkanı da çox deyil.

Dediyimiz kimi, nə rəsmi İrəvan, nə də vasitəçilik iddiasında olan rəsmi Vaşinqton belə radikal bəyanatlarla çıxış etmir. Rəsmi Bakının tərəf müqabili isə hansısa siyasətçi yox, dövlətlər özləridir.

Düşünmək olar ki, Bakı ilə İrəvan arasında normallaşma prosesi bundan sonra da davam edəcək. Bu, Azərbaycanın iradəsi sayəsində mümkün olacaq. Hətta ilin sonuna qədər sülh müqaviləsinin imzalanması da mümkündür.

Qərbi Azərbaycan İcması da dekabrın 8-də ABŞ konqresmen və senatorlarının məktubuna cavab verib.

Qeyd olunub ki, Azərbaycanı “Qarabağa təcavüz etməkdə” ittiham edən birgə məktubun ən absurd tərəfi ondan ibarətdir ki, konqresmenlər və senatorlar işğal altında qalan 8 Azərbaycan kəndini “erməni kəndi” kimi qələmə veriblər.
“Ermənistanın özünün rəsmi səviyyədə 8 kəndin Azərbaycana məxsus olması barədə mövqeyindən sonra konqresmenlər və senatorların belə açıqlaması istehza doğurur. Amerikan konqresmenləri və senatorlarının zavallı durumuna acıyırıq. Bunu konqresmenlərin və senatorların savadsızlığının, yalançı “Amerikan müstəsnalığı”na əsaslanan təkəbbürünün, Azərbaycanofobiya və islamofobiya mərəzinə tutulmasının bariz nümunəsi kimi dəyərləndiririk. Dünən Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar vasitəsilə əldə edilmiş razılaşma onu göstərir ki, Cənubi Qafqazın amerikan konqresmenləri və senatorlarının savadsız məktublarına heç bir ehtiyacı yoxdur və onlar bölgəyə lüzumsuz geosiyasi rəqabətin gətirilməsi siyasətindən əl çəkməlidirlər”.

Son xəbərlər

Orphus sistemi