Pandemiya dövründə informasiya savaşı - ŞƏRH

Pandemiya dövründə informasiya savaşı - ŞƏRH Ətrafda görünən və görünməyənlər informasiya, yaxud onun daşıyıcısıdır. Odur ki, bu mühitdə ehtiyatlı davranılmalıdır. Təbiətin bir canlısının məhv olması, edilməsi boşluq yaradır. Onun əvəzini insanlar ödəyir.
Analitika
13 Aprel , 2020 15:55
Pandemiya dövründə informasiya savaşı - ŞƏRH

Ətrafda görünən və görünməyənlər informasiya, yaxud onun daşıyıcısıdır. Odur ki, bu mühitdə ehtiyatlı davranılmalıdır. Təbiətin bir canlısının məhv olması, edilməsi boşluq yaradır. Onun əvəzini insanlar ödəyir.

COVID-19 da bir informasiyadır. Onun aktivliyi 7 milyardlıq insan üçün ciddi problemlər yaradıb. Ölçüsü belə məlum olmayan bu kiçik varlıq, yaxud informasiya daşıyıcısı insanların öz-özünü könüllü sosial təcridinə səbəb olub. Baş verənlərdən göründüyü kimi bu informasiya daşıyıcısı böyük fəlakətlər yaradır.

Bu gün koronavirus bəlasına qarşı hamı mübarizə aparır. Ön sırada həkimlərdir. Bu pandemiyaya qarşı mübarizəni hökumət orqanları təşkil edir. Xəstələr, həkimlər, hökumətlə cəmiyyət arasında əlaqəni kütləvi informasiyalar vasitələri qurur. Deməli, virusla əlaqədar yaranmış vəziyyətdə məlumatın cəmiyyətə çatdırılmasının məsuliyyəti də böyükdür.

Həkimin pasiyenti müalicə etməsinin, hökumətin pandemiyaya qarşı mübarizəni təşkil etməsinin məsuliyyəti nə dərəcədədirsə, hadisə ilə bağlı məlumatın doğru çatdırılmasının əhəmiyyəti də bir o qədərdir. Elə KİV nümayəndələri də əhalinin məlumatlandırılması üçün 24/7 rejimində çalışırlar.

İnformasiya texnologiyalarının inkişaf etməsi onun sürətlə yayılmasına da təsir göstərib. Bu baxımdan çox saylı mənbələr yaranıb. Belə şəraitdə vəziyyət daha da mürəkkəbləşib.

İnformasiya istənilən cəmiyyətdə xaos yarada bilər. Bu səbəbdən onun yayılmasında bir sıra məsələlər nəzərə alınmalıdır. Burada əsas məsələ dövlətin və millətin təhlükəsizliyidir. Çünki bu qorunmazsa, o informasiyanın yayılmasının əhəmiyyəti yox dərəcəsindədir. Bu, bütün dövlətlərə, millətlərə xas xüsusiyyətdir.

Məsələn, 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror hadisəsi ilə bağlı informasiyaların və görüntülərin yayılmasını xatırlamaq olar. Elə müxtəlif hadisələrlə bağlı Almaniya, Fransa, Böyük Britaniya və s. ölkələri yada salmaq mümkündür.

İnformasiya həm də siyasi ideologiyanın, təbliğatın əsasını təşkil edir. İkinici dünyan müharibəsdən sonra Qərb bloku ilə keçmi SSRİ-nin başçılıq etdiyi sosialist düşərgəsi arasında qarşıdurma informasiya müharibəsi, yaxud “Soyuq müharibə” adlanırdı. Buna bir sıra hallarda “Üçüncü dünya müharibəsi” də deyirlər.

Odur ki, müharibə təkcə silahların atəş açması, çoxsaylı insan ölümü, qaçqınlar ordusunun yaranması və başqa fəlakətlərin meydana gəlməsi deyil. Bu, həm də qarşı tərəflər arasında xəbər savaşıdır. Bununla tərəflər bir-birinin ərazində xaos yaratmağa səy edir, cəmiyyətləri parçalayır, vətəndaşlar arasında etimadsızlıq yaradır. Bu bir dövlətin dağılmasına belə təkan verir. Keçmiş SSRİ-inin dağılmasında informasiya müharibəsinin rolu danılmazdır.

İkinci dünya müharibəsi zamanı döyüşən tərəflər arasında cəbhə bölgələrindəki vəziyyətlə bağlı informasiyaların yayılması barədə tarixi məlumatları da burada xatırlamaq yerinə düşər.

İraq, Suriya, Liviya, Əfqanıstan və dünyanın bir sıra münaqişə bölgələrində baş verənlərlə bağlı yayılan məlumatlarda da müxtəlif maraqlar güdülür.

XX əsrin ən böyük faciələrindən biri də Azəraycanın işğal olunan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarda yaşanıb. Xocalı, Ağdaban və Azərbaycanın başqa bölgələrində Ermənistanın və havadalarının törətdikləri vəhşiliklər barədə yayılan infomasiyaları dünyanın aparıcı gücləri hələ də qəbul edə bilmir. İşğalçının cəzalandırılmaması, torpaqların işğaldan azad edilməməsi sübut edir ki, beynəlxalq gücləri təmin edən erməni təbliğatı hələ də “ayaq tutub yeriyir”. Yaxud bu məlumatlar həmin qüvvələrin mənafeyinə uyğun gəlir.

Torpaqları işğal altında olduğundan Azərbaycanın kütləvi informasiya vasitələrinin daha diqqətli olması məsələsi gündəlikdədir.

Hazırda Azərbaycan müharibə şəraitində yaşayan ölkələrdəndir. Ona görə də informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması KİV üçün də vacib məsələlərdən sayılır. Bu hal milli təhlükəsizliyə informasiyaların ciddi zərər yetirməməsi baxımından olduqca əhəmiyyətlidir.

Torpaqların işğal altında olması artıq Azərbaycanın dövlət və milli təhlkəsilziyini təhdid edir. Odur ki, KİV-in bu baxımdan da fəaliyyəti daha önəmlidir.

Ermənistan işğalçı ordusunun rəhbərliyi təhlükəsizlik və informasiya məsələsinə xüsusi diqqət ayırır.

Bu ölkənin silahlı qüvvələrinin komandanlığı və Müdafiə Nazirliyinin Hərbi Polisi əsgərlər arasında profilaktik tədbir keçiriblər. 2 günlük tədbir nəticəsində bir neçə yüz smartfon aşkarlanaraq götürülüb. Erməni mütəxəsisləri bildirib ki, bu əlaqə vasitəsindən istifadə edilməsi Ermənistanın təhlükəsizliyini təhdid edir. İşğalçı ölkənin hərbi rəsmiləri əsgərləri və onların ailələrini cəbhə xəttində cib telefonlarından istifadə etməməyə çağırıblar.

Odur ki, həm də işğalçı dövlətdən qorunmaq üçün informasiya təhlükəsizliyinin təmin edilməsi sistematik, kompleks yanaşma tələb edir. Ölkəmizdə bu sahədə əlaqədar qurumlar tərəfindən konseptual, təşkilati, elmi-metodoloji, qanunvericilik, maddi-texniki əsasların yaradılması üzrə işlər aparılmaqdadır. Buna baxmayaraq cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri olan tədbirlər kimi beynəlxalq hüquqi mexanizmlərin ciddi araşdırılması, milli normativ-hüquqi bazanın formalaşdırılması, təhlükəsizlik siyasətinin işlənilməsi və reallaşdırılması, xüsusi texnologiyaların tətbiqi, ölkə və korporativ səviyyədə informasiya təhlükəsizliyinin monitorinqi və menecmentinin aparılması, kadr hazırlığı, əhalinin maarifləndirilməsi və vətəndaşlarda informasiya mədəniyyətinin tərkib hissəsi kimi informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması məsələləri aktuallıq kəsb edir.

Müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanın milli təhlükəsizliyinin əsas problemlərindən biri ölkənin vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyinin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi olub. 1998-ci il aprelin 3-də ölkəmizdə ''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' qanun qəbul edilib. Prezident İlham Əliyev tərəfindən "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərmanın imzalanmasından sonra ölkəmizdə milli informasiya təhlükəsizliyi üzrə mükəmməl strategiya yeni mərhələyə qədəm qoyub.

Bu məqsədlə 2018-ci il aprelin 27-də Azərbaycanda informasiya təhlükəsizliyi üzrə yeni qurum yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyev "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb.

Azərbaycan beynəlxalq terrorun mənbəyinə çevrilən dövlətlərdən biri olan Ermənistanla qonşudur və işğal faktı ilə üzləşib. Bu baxımdan Azərbaycan KİV-i zərərli dini-siyasi-sosial-mədəni informasiyaların yayılmamasında və  təhlükəsizlik kimi məsələlərə diqqətli olmalıdır. 

Beləliklə, Azərbaycan KİV dövlətin, millətin, cəmiyyətin təhlükəsizliyi, onun bütövlüyü istiqamətində aparıcı rollardan birinə malikdir. Elə son günlər pandemiya ilə bağlı xəbərlərin ölkə ictimaiyyətinə vaxtaşırı çatdırılması bunu təsdiq edir. Odur ki, etibarlı mənbə həm də dövlətin, millətin və cəmiyyətin dayağıdır.

Son xəbərlər

Orphus sistemi