Yuxarı

Ötən ay evlərin qiymətində ciddi artım olmayıb - ARAŞDIRMA - VİDEOREPORTAJ

​Ötən ay evlərin qiymətində nə kimi dəyişikliklər olub?

Hər ay daşınmaz əmlak bazarında nəzərə çarpan tendensiyalar iqtisadçılar və əhali arasında ən çox müzakirə olunan mövzulardan biri olur.

"Report” noyabr ayında daşınmaz əmlak bazarında gedən proseslərin yaşayış və qeyri-yaşayış sahələrinin qiymətinə necə təsir etdiyini, bazarda tələb və təklif balansının hansı səviyyədə olduğunu araşdırıb.

Mövzu ilə bağlı “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Report”a verdiyi açıqlamada bildirib ki, hər il sentyabr-oktyabr aylarından başlayaraq ilin sonuna qədər olan müddət daşınmaz əmlak bazarı üçün aktiv dövr hesab olunsa da, bu il vəziyyət fərqli olub: "Belə ki, noyabr ayı üzrə daşınmaz əmlak bazarının ümumi vəziyyəti qeyri-dinamik qiymətləndirilir. Bu ayda daşınmaz əmlak bazarında oktyabr ayı ilə müqayisədə qiymətlərin nisbi artımı müşahidə olunub. Lakin bu dinamik artım hesab olunmur".

R.Osmanlı hesab edir ki, bütövlükdə daşınmaz əmlak bazarının bütün seqmentləri üzrə demək olar ki, oxşar göstəricilər qeydə alınıb. 

"Ay ərzində köhnə mənzillərin qiyməti sabit qalıb, yeni mənzillərin qiymətində təqribən 1,3% artım olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təkrar mənzil bazarında qiymətlər 9,1%, ilkin mənzil bazarında isə, təqribən, 14,7% artıb. Mənzil bazarının ayrı-ayrı seqmentləri üzrə ay ərzində qiymət dəyişmələri demək olar nisbi olub. Əvvəlki aylarda daha dinamik qiymət artımı müşahidə olunan torpaq bazarında da qiymətlərin kəskin artımı müşahidə olunmayıb. Ay ərzində torpaqların orta qiymətindəki artım təqribən 0,9% qeydə alınıb", - ekspert qeyd edib. 

Onun sözlərinə görə, qeyri-yaşayış obyektlərində, həmçinin kirayə mənzil bazarında da qiymətlər sabit qalıb: "Rayonlar üzrə götürsək, paytaxtın Nəsimi, Xətai, Nərimanov və Binəqədi rayonlarında mənzillərin qiyməti artıb. Yasamal, Səbail və Nizami rayonlarında qiymətlər nisbi ucuzlaşıb. Digər rayonlarda isə ay ərzində dəyişiklik nəzərə çarpmayıb". 

R.Osmanlı bildirib ki, fərdi yaşayış evlərinin də qiymətində kəskin artım olmayıb: "Hətta bir sıra bağ sahələrinin qiymətində ucuzlaşma olub. Ay ərzində fərdi yaşayış evlərinin orta qiyməti, təqribən, 0,4-0,5%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 8,4% artıb. Gələcək dövrlərdə fərdi yaşayış evlərinin də qiymətinin artacağını düşünürəm. Çünki yaxın gələcəkdə hökumətin Bakı və ətraf ərazilərdə sənədsiz fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı qərar verəcəyi gözlənilir. Bu da fərdi yaşayış evlərini bahalaşdıracaq.

Növbəti il mənzil bazarında qiymətlərin dinamik şəkildə artacağını və ikirəqəmli olacağını ehtimal edirəm. Baxmayaraq ki, bazarda alıcı sayı artmayıb və ümumi iqtisadiyyatda ciddi dinamik proseslər getmir, gələn il qiymət artımı şərtləndirəcək bir neçə önəmli amil var. Bunlardan biri və ən əsası şəhərsalma, xüsusilə çoxmənzilli binaların inşası ilə bağlı xüsusi qaydaların tətbiqi, konkret desək kafsentlər məsələsidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi