Osmanlıya asi olan ermənilər - İran və Rusiyaya atmağa hazırlaşan Ermənistan - ŞƏRH

Osmanlıya asi olan ermənilər - İran və Rusiyaya atmağa hazırlaşan Ermənistan - ŞƏRH Ermənistan Cənubi Qafqazda etimad və etibar mühitinin yaranmasına mane olaraq qalır.
Analitika
11 Sentyabr , 2023 15:13
Osmanlıya asi olan ermənilər - İran və Rusiyaya atmağa hazırlaşan Ermənistan - ŞƏRH

Ermənistan Cənubi Qafqazda etimad və etibar mühitinin yaranmasına maneə olaraq qalır. Regionda Azərbaycanla münasibətləri normallaşdırıb sərhədləri müəyyənləşdirərək sülh müqaviləsinin bağlanması istiqamətində fəaliyyət göstərməkdənsə, müharibəyə və təxribatlara hazırlaşır. Rusiya və İran kimi müttəfiqinə, tərəfdaşına qarşı fəaliyyət göstərir.

Bu gün, sentyabrın 11-də Ermənistanda ABŞ-la birgə hərbi təlimlər başlayıb. “Eagle Partner 2023” adlı tədbir sentyabrın 20-dək davam edəcək. Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yönəlik ittihamlarından sonra bu tədbirin keçirilməsi ilk növbədə Moskvaya qarşı çıxmaqdır. Odur ki, İrəvanın ABŞ-la birgə təlimi Rusiya və İranın narazılığı ilə qarşılanıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “G20”nin zirvə toplantısının yekunlarına dair mətbuat konfransında bu təlimlə bağlı məsələyə də toxunaraq qeyd edib ki, Ermənistan müttəfiqliklə bağlı öhdəliklərini yerinə yetirəcək və bu, rəsmi İrəvanın xarici siyasətində üstünlük təşkil edəcək: “Biz təcavüzkar NATO ölkəsinin Cənubi Qafqaza nüfuz etmək cəhdində yaxşı bir şey görmürük. Bunun Ermənistan da daxil olmaqla kiməsə xeyir gətirəcəyini düşünmürəm”. O, rəsmi İrəvanın fəaliyyətinin Rusiyada təəssüf doğurduğunu da qeyd edib. Rusiya XİN başçısı bildirib ki, Ermənistanın iki ildir KTMT təlimlərində iştirakdan imtina etməsi fonunda ABŞ-la təlimi qəribə görünür. Rusiyanın müttəfiqinin KTMT-dən çıxması ilə bağlı çağırışlara da toxunan Sergey Lavrov deyib: “Ermənistanda Rusiyaya qarşı kifayət qədər təkəbbürlü bəyanatlar verməyə imkan verən çoxlu siyasətçilər var. Biz bunun dünən başlamadığını da görürük”. Sergey Lavrovun açıqlamasından da göründüyü kimi, Ermənistan Rusiya ilə müttəfiqlik şərtlərini pozur. Çünki Rusiya Ukrayna, Suriya, İraq və s. ölkələrdə ABŞ-a, onun NATO-dakı müttəfiqlərinə qarşı müharibə edir. Rəsmi İrəvan isə bu ölkə ilə birgə hərbi təlimlər keçirir. Bundan başqa, Ermənistan ərazisində RF-nin hərbi bazası var. Ermənistan bu tədbir vasitəsilə Rusiyanın həm ölkə, həm də regiondakı maraqlarına qarşı çıxmış olur. Bunun isə Ermənistanda və Cənubi Qafqazda vəziyyətin silahlı əməliyyatlaradək gərginləşəcəyinə yol aça biləcəyi ehtimalı artır.

Yeri gəlmişkən, Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Tehranın “Amerikaya ölüm!” şüarı ABŞ-İran münasibətinin göstəricisidir. İran ABŞ-la NATO-nun fəaliyyətini dünyada və regionda ciddi şəkildə izləyir. Odur ki, Ermənistanın keçirdiyi məlum hərbi təlimə rəsmi Tehran sərt reaksiya verib. İranın vitse-prezidenti Məhəmməd Cəmşidi telefon danışığının detallarını açıqlayaraq qeyd edib ki, Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir. Onun sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir.

Əslində, İran regiona kənar qüvvələrin gətirilməsi taktikasının iflasa uğradığını da iddia edir. Rusiyanın hərbi bazasının yerləşdiyi və İranla sərhədi RF sərhədçilərinin mühafizə etdiyi vəziyyətdə ABŞ regiona cəlb edilərsə, deməli, Ermənistan bölgəyə daha bir ölkənin, yaxud NATO-nun hərbi-siyasi maraqlarını gətirir. İranla sərhədyanı bölgəyə Avropa İttifaqının “mülki müşahidə missiyası” adı altında hərbçiləri yerləşdirməklə rəsmi İrəvan artıq anti-İran və anti-Rusiya fəaliyyətinə start vermişdi. Manevrlər isə bu istiqamətdə işlərin genişləndirilməsinə xidmət edir. Bununla da İran və Rusiya dost və qardaş adlandırdıqları Ermənistandan daha bir zərbə almış olur. Bu təlimlərin daha çox İranın maraqlarına qarşı olduğu və onu təhdid etdiyi qənaətinə gəlmək olar. NATO, Avropa İttifaqı və ABŞ-ın regionda fəaliyyətini gücləndirməsi həm də Ermənistanın İrana qarşı kəşfiyyat məntəqəsinə çevrilməsi deməkdir. İranın Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe bir sıra detalları ilə gizli deyil. Ermənistan baş nazirinin xanımı Anna Akopyanın Kiyevə səfəri və orada keçirdiyi görüşlər də rəsmi İrəvanın anti-İran fəaliyyətinin davamı sayıla bilər. A.Akopyanın bu səfəri də Tehran tərəfindən açıq şəkildə narazılıqla qarşılanmışdı.

Azərbaycan-İran münasibətlərinin gərgin qalmasını ən çox arzulayan və bu istiqamətdə fəaliyyət göstərən qüvvələrdən biri də Ermənistandır. Bu ölkənin təbliğat maşını Güney Azərbaycan türkləri ilə Azərbaycan Respublikası arasında-mədəni münasibətlərdən Bakı-Tehran əlaqələrinin gərginləşməsi üçün istifadə edir. Son günlər Ermənistanda müharibə ovqatı yaranıb. Bu işğalçı ölkənin informasiya vasitələri İranın Azərbaycanla sərhədə guya hərbi qüvvələr yığması barədə məlumatlar yayıb. Heç şübhəsiz, Ermənistanın hədəfi Azərbaycan-İran münasibətlərinə xələl gətirmək olub.

Bakıda səfərdə olan İran Silahlı Qüvvələri Baş Qərargahının İdarə rəisi general-mayor Məhəmməd Əhədi İranın Azərbaycanla sərhədə guya hərbi qüvvələr yığması haqqında yayılan məlumatların yalan olduğunu bəyan edib. O, Sepahın da Azərbaycan-İran sərhədində dəstələrinin olmadığını bildirib. İdarə rəisi təlim keçmək üçün isə səbəb olmadığını vurğulayıb.

Hazırda region üçün ən təhlükəli ölkə Ermənistandır. Bu işğalçı ölkənin ərazisində bir-birinə zidd və Tehran hakimiyyətinə qarşı olan qüvvələr cəmləşib. Ona görə də İranın Ermənistandan ehtiyatlanaraq onunla sərhəd bölgəsinə əlavə hərbi qüvvə yeritməsi daha məntiqli olardı.

Bu gün ABŞ-da baş vermiş faciəli hadisədən 22 il ötür. Rəsmi Vaşinqton və başqa dövlətlər bu hadisəni terror aktı kimi dəyərləndirib. Ermənistan da Azərbaycan ərazisində çoxsaylı terrorlar, qətliamlar və soyqırımıları törədib. Ona görə də müharibə canisidir. Belə cinayətləri törədən rəsmi İrəvanla birgə manevr keçirmək, onunla hərbi sahədə müttəfiqlik etmək üçün cəhd göstərmək çox sadəlövhlükdür. Rusiyanın, İranın onlar üçün etdikləri yaddan çıxmayıb. Həmin yaxşılıqların üzərindən xətt çəkib əks qütblə əməkdaşlıq edən ermənilər belə davranışları ilə heç vaxt etibarlı tərəfdaş ola bilməyəcəklər. Görünür onların Osmanlı imperiyasına asi olmasından başqaları dərs çıxarmayıb. İndi növbə Rusiya və İranındır. Bu, onunla birgə manevr keçirib “missiya” göndərənlərə də tarixi yaddaşdır. Keçmiş və indikinə əsasən demək olar ki, Ermənistan ipinin üstünə odun yığılacaq dövlət, millət deyil.

Son xəbərlər

Orphus sistemi