Ötən həftənin sonunda baş tutan Münxen Təhlükəsizlik Konfransında Azərbaycan tarixi uğura imza atdı. Prezident İlham Əliyevin fevralın 7-də keçirilən növbədənkənar seçkilərdən sonra dəvət aldığı bu beynəlxalq tədbir bir çox məqamına görə tarixi hadisə hesab oluna bilər.
Birincisi, Azərbaycanın guya Qərbdən uzaqlaşdığı, özünü təcrid etdiyi, Avropa ailəsindən uzaq düşdüyü barədə iddialar səslənirdi. Dövlət başçısı bu tədbirdə iştirak etməklə Avropada Bakı ilə bağlı dolaşan şayiələrə, suallara cavab verdi, bölgədəki siyasi reallıqları Qərb siyasətçilərinin diqqətinə çatdırdı. Azərbaycan liderinin keçirdiyi görüşlər, səslənən bəyanatlar bu cəfəng iddiaların üstündən birdəfəlik xətt çəkdi.
İkincisi, Bakının Davos və Münxenə dəvəti bir daha göstərdi ki, bu yalançı təbliğatın heç bir əsası yoxdur. Azərbaycan bundan sonra da öz milli maraqlarına uyğun balanslı siyasətini davam etdirəcək.
Üçüncüsü, seçkilərdə qələbədən sonra Prezident İlham Əliyevin Azərbaycanın Münxen Təhlükəsizlik Konfransına dəvəti, dövlət və hökumət başçılarının, nüfuzlu təşkilat rəhbərlərinin görüş üçün çoxsaylı müraciətləri onların bu seçkilərin nəticələrinə münasibətinin təsbitidir. Əksər dövlətlərin, beynəlxalq təşkilatların rəhbərləri təbrik məktublarında Azərbaycanın tək regionda deyil, dünyada artan nüfuzundan bəhs ediblər. Xüsusi vurğulanıb ki, Azərbaycan artıq “orta güc” ölkələri sırasındadır, o regional yox, qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına töhfəsini verir. Dövlət başçısı onunla görüşən ölkə rəhbərlərinə, beynəlxalq təşkilatların rəsmilərinə açıq şəkildə bildirdi ki, Azərbaycanla münasibətləri ikitərəfli qaydada - Ermənistan faktoru nəzərə alınmadan qursunlar.
Dördüncüsü, beynəlxalq tədbirdə bir daha vurğulandı ki, bu gün Azərbaycanın Ermənistandan başqa, heç bir ölkə ilə problemi yoxdur. Rəsmi Bakının beynəlxalq ictimaiyyətlə münasibətləri artıq Ermənistanla münasibətlər üzərində qurulmayıb, bu problem birdəfəlik həll olunub və bundan sonra Azərbaycan qlobal siyasətdə daha aktiv rol oynayacaq.
Münxendə əldə olunan ən mühüm uğurlardan biri də o oldu ki, Nikol Paşinyan hökumətinin Bakıya qarşı Qərbdə apardığı çirkin kampaniya fiaskoya uğradı. Rəsmi İrəvanın gözləntilərinin əksinə olaraq Qərb dövlətlərinin rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan Prezidenti ilə görüşməyə çalışırdılar. Hətta Ermənistanın şərti sərhəddə həyata keçirdiyi təxribat da onların işinə yaramadı.
Konfrans çərçivəsində Almaniya kansleri Olaf Şoltsun Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün necə çalışdığı da diqqətdən yayınmadı. Müsbət təkliflərə hər zaman önəm verən rəsmi Bakı da bu görüşdən imtina etmədi. Ortada olan bütün problemlər, təkliflər O.Şoltsun özünün də iştirakı ilə müzakirə edildi. Ümid etmək olar ki, bu görüşdən sonra Almaniyanın Azərbaycana qarşı münasibətində qismən yumşalma olacaq.
Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransında 40-dan çox ölkənin dövlət və hökumət başçıları, xarici işlər, müdafiə və digər sahələrə məsul nazirləri, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri və digər dövlətlərarası təşkilatların baş katibləri də dəvət olunmuşdular. Konfransa dəvət almış az sayda dövlət başçıları arasında Prezident İlham Əliyevin də olması ölkəmizin dünyada artan nüfuzundan, ona göstərilən yüksək hörmət və etimaddan xəbər verir. Bir daha təsdiq olundu ki, Azərbaycan Qərb üçün qlobal təşəbbüslərlə çıxış edən regional gücdür. Ölkəmizin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün atdığı addımlar Qərb tərəfindən də müsbət qiymətləndirilir. Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol nəzərə alınaraq Azərbaycan həm də Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasının qarantı kimi qəbul edilir.
Beləliklə, düzgün siyasi kursun gec-tez öz nəticəsini verdiyi bir daha təsdiqini tapdı. Dövlət başçısının Münxen Təhlükəsizlik Konfransına dəvəti bunun təzahürüdür. Azərbaycan dövləti bəşəriyyətə, insanlığa xidmət göstərən addımlar atmaqda davam edəcək.