Erməni cinayətlərinə lal və kar qalan ABŞ: separatizmə dəstək səngimir - TƏHLİL

Erməni cinayətlərinə lal və kar qalan ABŞ: separatizmə dəstək səngimir - TƏHLİL Birləşmiş Ştatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik göstərməkdə, ölkəmizin suveren hüquqlarını təhrif etməkdə davam edir. Erməni lobbisindən yemlənən dairələrin, xüsusilə Konqres üzvlərinin anti-Azərbaycan isterikas
Analitika
2 Oktyabr , 2024 17:02
Erməni cinayətlərinə lal və kar qalan ABŞ: separatizmə dəstək səngimir - TƏHLİL

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik etməkdə, ölkənin suveren hüquqlarını pozmaqda davam edir. Erməni lobbisindən yemlənən dairələrin, xüsusilə Konqres üzvlərinin anti-Azərbaycan isterikası, separatçı sevgisi səngimir. Hər vəchlə Qarabağdan könüllü çıxan keçmiş separatçı rejimin qalıqlarına dəstək verilir.

Bu dəfə ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Rand separatçılara dəstək nümayiş etdirib. O, oktyabrın 1-də Varşava İnsan Ölçüsü Konfransında “Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdən keçirməkdə davam etdiyi” barədə cəfəng fikirlər səsləndirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin sözügedən konfransdakı bəyanatına reaksiya verib. XİN rəsmisi bildirib ki, Azərbaycan ərazilərinin hərbi işğalı zamanı Ermənistan tərəfindən törədilmiş bəşəriyyətə qarşı irimiqyaslı cinayətlər və azərbaycanlılara qarşı qırğınlara baxmayaraq, ABŞ tərəfi beynəlxalq humanitar hüququn pozulması hallarının aradan qaldırılmasının vacibliyinə yalnız indi istinad edir. Halbuki 30 ilə yaxın müddətdə Ermənistanın bu cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb.

Əlavə olunub ki, əgər ABŞ tərəfi qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirsə, ilk növbədə, Ermənistanın indiyədək törətdiyi çoxsaylı cinayətlərin araşdırılmasını, günahkarların qanun qarşısında cavab verməsini tələb etməlidir.

XİN rəsmisi qeyd edib ki, əks halda, bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Ermənistanın təcavüzü zamanı yüzminlərlə azərbaycanlının əsas insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasından diqqət yayındırmaq məqsədi güdən erməni təbliğatı nəticəsində verilən birtərəfli bəyanatdan başqa bir şey deyil.

Qeyd edək ki, bu, ilk belə hal deyil. Bundan əvvəl ABŞ Konqresində Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adlı dinləmələr təşkil olunmuşdu. Erməni lobbisinin sifarişi ilə baş tutan dinləmələrdə çıxış edənlər mövcud faktları açıq şəkildə təhrif edərək Azərbaycana qarşı əsassız fikirlər səsləndiriblər. Qarabağda keçmiş separatçı rejimin nümayəndələrinin iştirakı ilə keçirilən dinləmələrdə Azərbaycana qarşı hədyanlar yağdırılıb.

ABŞ-nin separatçıları gündəmə gətirməsinin müxtəlif hədəfləri var və sözsüz ki, ilk yerdə qarşıdan gələn prezident seçkiləri durur. Noyabrda keçiriləcək seçkilərdə Demokratlar Respublikaçılar üzərində qələbə qazanmağa ümidlidirlər. Bu səbəbdən də hələ bir müddət bu məsələ aktuallığını saxlayacaq.

İkincisi, separatçılara dəstək ABŞ-Rusiya gərginliyi kontekstində də nəzərdən keçirilməlidir. Rusiyanı Cənubi Qafqaz bölgəsindən sıxışdırıb çıxarmağa çalışan ABŞ bu istiqamətdə hər vasitəyə əl atır. Bunlara Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasına cəhd, Moskvanın müxtəlif beynəlxalq təşkilatlardan çıxarılması, anti-Rusiya əhvali-ruhiyyənin gücləndirilməsi, Ermənistanla hərbi təlimlərin artırılması, bu ölkəyə maliyyə yardımlarının ayrılması və s. daxildir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) 2024-cü maliyyə ilində öz təşəbbüsü ilə Qarabağdan könüllü şəkildə köçən ermənilərə 7 milyon dollardan çox humanitar yardım edib. Bununla da ABŞ-nin 2020-ci ilin sentyabrından bəri Qarabağla bağlı Ermənistanı dəstəkləmək üçün ümumi maliyyə yardımı 31 milyon dollara çatıb. Əlavə olaraq, ABŞ Dünya Bankının Ermənistan üçün Qlobal Güzəştli Maliyyələşdirmə Fonduna 5 milyon dollar ayırıb. Bundan başqa, ABŞ Beynəlxalq Maliyyə Korporasiyası kənd təsərrüfatı və sahibkarlığa dəstək məqsədilə sözügedən ölkəyə 50 milyon dollar kredit ayırıb.

Şübhəsiz ki, bu vəsaitin heç də hamısı təyinatı üzrə sərf olunmayacaq. Ölkədə anti-Rusiya çağırışı və hərəkatın güclənməsi prioritet məsələ kimi nəzərdən keçirilir.

ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın çıxışında maraqlı məqamlardan biri də onun ATƏT-lə bağlı fikirlər səsləndirməsi olub. Onun sözlərinə görə, ABŞ ATƏT və digər beynəlxalq səylər çərçivəsində dünyanın müxtəlif ölkələrində ortaya çıxan problemlərin həllində işləri davam etdirəcək.

Otuz ildən artıq Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasını Fransa və Rusiya ilə birlikdə öz üzərinə götürən ABŞ bu illər ərzində hər hansı bir sülh təşəbbüsü ilə çıxış etmədi. Etsə də, bu təşəbbüslər yalnız Azərbaycana qarşı ədalətsizliyi ilə seçildi. Gözlənilirdi ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri ilə separatizmə son qoyan Azərbaycan dəstəklənəcək. Lakin digər həmsədr dövlət Fransa ilə yanaşı, ABŞ tərəfindən ölkəmizə qarşı total hücumlara start verilib.

Digər mühüm məsələ odur ki, ABŞ bu prosesdə Ermənistanın da mövqeyini nəzərə almır. Söhbət rəsmi İrəvanın separatçıların tör-töküntülərinə olan münasibətindən gedir. İndiyə qədər bir dəfə də olsun nə baş nazir Nikol Paşinyan, nə də komandasının üzvləri bu məsələyə toxunmayıb. Belə olduğu halda ABŞ rəsmiləri və qanunvericilərinin “Roma Papasından artıq katolik" olmağa çalışması, sadəcə, riyakarlıqdan və qərəzdən başqa bir şey deyil.

Son söz, təbii ki, erməni xalqınındır. Vəziyyətə düzgün qiymət verməyin, proseslərə doğru yanaşmanın vaxtı çatıb. Əks təqdirdə, revanşist cəhd erməni dövlətinə növbəti fəlakət gətirə bilər.

Son xəbərlər

Orphus sistemi