“Mitinq keçirməklə Qarabağ probleminin həllinə cəhd göstərilməsi doğru deyil” - RƏY

“Mitinq keçirməklə Qarabağ probleminin həllinə cəhd göstərilməsi doğru deyil” - RƏY Bakı. 29 sentyabr. REPORT.AZ/ “Dağlıq Qarabağ probleminin həlli mitinq vasitəsilə mümkün olmayan məsələdir”.
Analitika
8954
29 Sentyabr , 2018 16:47
“Mitinq keçirməklə Qarabağ probleminin həllinə cəhd göstərilməsi doğru deyil” - RƏY
Report/ Firi Salim

Bakı. 29 sentyabr. REPORT.AZ/ “Dağlıq Qarabağ probleminin həlli mitinq vasitəsilə mümkün olmayan məsələdir”.

Bunu “Report”a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ problemi uzun müddətdir davam edir: “İşğal faktı ilə bağlı bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının son görüşündə Azərbaycan Prezidenti ilə görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın bu vaxta qədər olan sərt ritorikası dəyişdi. Beləliklə, regionda problemin həlli ilə bağlı yumşaq siyasi iqlim formalaşmağa başladı”.

Deputat vurğulayıb ki, mövcud problemin ən qısa müddətdə həlli labüddür: “Bunun üçün Azərbaycan hökuməti və diplomatiyası ən müxtəlif addımlar atır. Azərbaycan ordusu güclənir, beynəlxalq tərəfdaşların sayı artır. Baş verən erməni təxribatına qarşı ciddi cavablar verilir. Təbii ki, problemin həlli mitinq vasitəsilə mümkün olmayan məsələdir. Ona görə də hazırda mitinqlərin keçirilməsi və bu vasitə ilə problemin həllinə cəhd göstərilməsi doğru deyil”.

“Əlbəttə, torpaqlar azad edilməlidir. Beynəlxalq münasibətlər, eləcə də şərtlər imkan verən kimi dərhal Azərbaycan hakimiyyəti ciddi radikal addımlar atır. Biz bunu aprel döyüşləri zamanı da gördük. Azərbaycan ordusu hər an öz torpaqlarını işğaldan azad etməyə hazırdır və bunu edəcək. Hadisələr başlayanda çox sayda mitinqlərin şahidi olurduq. Buna baxmayaraq, problem nə həll oldu, nə də işğal faktının qarşısını almaq mümkün oldu. Ona görə də bu gün başqa vasitələrlə problemi həll etmək lazımdır. Bu istiqamətdə də Azərbaycan hakimiyyəti lazımi addımları atır”, - H.Babaoğlu fikrlərinə əlavə edib.

Hikmət Babaoğlu

Депутат Хикмет Бабаоглу

Deputat Aydın Hüseynov da hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mitinqlərlə həll olunmur.

“Küçələrə və ya hansısa meydana toplaşıb fikir bildirməklə problem həll olunmur. Bu, ölkə başçısı İlham Əliyev siyasəti ilə həll edilir. Paşinyan da keçən ilin aprelindən bu yana münaqişənin həll olunmaması ilə bağlı sərsəm fikirlər səsləndirirdi. Qarabağ separatçılarının da tərəf kimi danışıqlarda iştirak etməsini tələb edirdi. Az müddətdə Prezidentin diplomatik səyləri nəticəsində Paşinyan bu kimi absurt fikirlərindən əl çəkdi. Eyni zamanda, dövlət başçısının siyasəti nəticəsində problemin həlli istiqamətində çox mühüm addımlar atıldı. Müdafiə qüdrətimiz dəfələrlə artırıldı. Odur ki, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində dövlətin apardığı siyasət yaxın müddətdə öz nəticəsini verəcək”.

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov

Qeyd edək ki, bu gün bir qrup ictimai-siyasi fəal tərəfindən Qarabağla bağlı mitinq keçirilir. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") keçirilməsinə razılıq verib.

Son xəbərlər

Orphus sistemi