Yuxarı

Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya ilk rəsmi səfəri - ortaq tarixə hörmət - ŞƏRH

Mehriban Əliyevanın Rusiyaya ilk rəsmi səfəri - ortaq tarixə hörmət
Azərbaycan Rusiya ilə bütün istiqamətlərdə qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır

Azərbaycan regional əməkdaşlığa böyük önəm verir. Rəsmi Bakı işğalçı Ermənistan istisna olmaqla Rusiya, Gürcüstan, Türkiyə, İran və Qazaxıstanla siyasi, hərbi, ticari və iqtisadi əməkdaşlığı ildən-ilə genişləndirir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Türkiyə-Gürcüstan formatlarında həyata keçirilən əməkdaşlığı buna bariz nümunə saymaq olar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri zamanı da ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı diqqət mərkəzində olub. Birinci vitse-prezident Rusiya Prezidenti Vladimir Putin, bu ölkənin Hökumət sədri Dmitri Medvedev, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə keçirdiyi görüşlərdə, eyni zamanda X Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışı zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticarət, turizm, sosial, humanitar və mədəni və s. sahələr üzrə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. 

“Son illərdə bizim humanitar əməkdaşlığımız əhəmiyyətli dərəcədə fəallaşıb. Təhsil sahəsində əməkdaşlığı xüsusi vurğulamaq istəyirəm. Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanıb. Ölkəmizin 338 məktəbində tədris rus dilində aparılır, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata keçirilir, Azərbaycanın 14 dövlət ali məktəbində rus bölmələri var. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır”, - deyə Mehriban xanım Əliyeva bildirib.

Azərbaycanın Birinci vitse-prezidentinin Moskva şəhərində Kremlin divarı yaxınlığında, Aleksandr bağında Naməlum Əsgərin məzarını ziyarət etməsi də Azərbaycan-Rusiya münasibətlərində vacib məqamlardan sayıla bilər. Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Bu ziyarət iki ölkənin ortaq tarixinə hörmətin göstəricisidir. Birinci vitse-prezident bu ziyarətlə keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycanın Rusiya ilə birlikdə ortaq düşmənə, faşizmə qarşı mübarizədə xidmətlərini yada da salıb. 

Azərbaycan hakimiyyəti Böyük Vətən Müharibəsi iştirakçılarına və onların dul qalan ailə üzvlərinə xüsusi qayğı ilə yanaşır. 9 May - Qələbə Günü Azərbaycanda qeyri-rəsmi iş günüdür. Hər il onlara yardım və hədiyyələr verilir, tibbi yardım göstərilir. 2019-cu il mayın 9-da Azərbaycanda faşizm üzərində qələbənin 74-ci ildönümü qeyd edilib. Qələbə Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçılarına 1000 manat, onların sağ qalmış ailə üzvlərinə, müharibə dövründə arxa cəbhədə fədakar əməyinə görə medala, ordenə layiq görülənlərə və digərlərinə 500 manat birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam 9300 şəxsə, o cümlədən 400 müharibə iştirakçısına şamil edilib. Bunun üçün dövlət büdcəsindən, ümumilikdə, 5 milyon manat ayrılıb. 

Yeri gəlmişkən, 1941-1945-ci illər Böyük Vətən Müharibəsi, demək olar ki, hər bir Azərbaycan ailəsinə toxunub, Bakı nefti isə faşizm üzərində hərbi qələbənin təmin edilməsində mühüm rol oynayıb. Hər 5 Azərbaycan vətəndaşından biri cəbhədə döyüşüb. 1941-ci ildə 3,4 milyon nəfər əhalisi olan Azərbaycan sakinlərindən 681 min nəfəri (onlardan 10 mindən çoxu qadındır) cəbhəyə gedib. Onlardan 250 min nəfəri həlak olub. 400 mindən çox əsgər və zabit döyüş ordeni və medalı ilə təltif edilib, 14 nəfər Şöhrət ordeni kavaleri, 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neft və neft məhsullarının əsas ixracatçısı olub. SSRİ-də həmin vaxt istehsal olunan neft və neft məhsullarının 70 faizdən çoxu Azərbaycanın payına düşüb. Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilib.

Bu məqamda Azərbaycan neftçilərinin və inslarının bu istiqamətdə fədakarlığını təsdiqləyən bəzi faktları xatırlatmaq istərdik: düşmənin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. İkinci Dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80 faizini, sürtgü yağlarının 90 faizini Azərbaycan təmin edib. Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını bilən Hitlerin tapşırığı ilə Almaniyanın I tank ordusu 1942-ci il sentyabr ayının 25-də Bakını zəbt etməli idi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə demişdi: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq". Bu məqsədlə Hitler Xəzər boyunca, Qroznı-Maxaçqala-Bakı istiqamətində hücuma keçmək və hərbi təyyarələrdən desant buraxmaq haqqında tank və aviasiya komandanlarına əmr vermişdi. Lakin 1942-ci ilin avqust ayının sonunda faşist ordu hissələri Şimali Qafqazda Terek çayının sahillərinə çıxsalar da, güclü müqavimətlə üzləşib irəliyə doğru hərəkət edə bilmədilər. Buna baxmayaraq, 1942-ci il sentyabr ayının 16-da SSRİ-nin Dövlət Müdafiə Komitəsinin Bakının müdafiəsi üçün qəbul etdiyi xüsusi qərara əsasən, 1942-ci il sentyabrın 24-də Azərbaycanda hərbi vəziyyət elan edilib. Neft Bakısı uğrunda gedən gərgin döyüşlərdən bəhs edən "Krasnaya zvezda" qəzeti 1942-ci ilin 26 sentyabr sayında yazmışdı: “Üç aydır ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali Qafqaz və Stalinqrad ətrafına yönəlmişdir. Vətənin taleyi, milyonlarla Sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır! Bunu ancaq 1942-ci ilin payızında Moskvanın müdafiəsi ilə müqaisə etmək olar”.

Eyni zamanda Azərbaycandan olan döyüçülər Rusiyanın və ovaxtkı SSRİ-nin paytaxtı Moskvanın müdafiəsində də fədakarlıqlar edib. 1941-ci il dekabrın 8-də Moskvanın şimalında yerləşən Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında döyüşlərdə İsrafil Məmmədov komandiri olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin 9-10 saat ərzində aramsız hücumlarını dəf edərək mövqelərini daha da möhkəmləndirmişdi. Bu döyüşdə İsrafil Məmmədov 70-dən çox faşist məhv etdiyi üçün ona dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi. 1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artilleriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə Moskva səmasına çatmadan geriyə dönməyə məcbur etmişdi. Moskva uğrunda döyüşlərdə 1000 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak etmiş və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilmişdi. Onların arasında tank alayı komandiri Həzi Aslanov, polkovnik Yaqub Quliyev, mayor Muxtar Suleymanov, kapitan İsrafil İsmayılov, mayor Əhəd Şəmsizadə, leytenant Müseyib Allahverdiyev, leytenant Məmmədrəsul Paşayev, kiçik leyntenant Pərviz Tağızadə, çavuş (serjant) Camal Sədrəddinov, pulemyotçu İdris Vəliyev, sıravi Rəhim Kərimov, snayper Ziba Qəniyeva, tibb bacısı Aliyə Rüstəmbəyova və digərləri olublar.

Erməni cəlladı, faşist Qaregin Njdeyə Yerevanda qoyulan "abidə"

Nəhayət, mayın 9-u Böyük Vətən Müharibəsinin başa çatması hər il Azərbaycanda Qələbə və qeyri-iş günü kimi qeyd edilir. 2020-ci ildə bu tarixi hadisənin 75-ci ildönümüdür. Azərbaycanda bu tarixi günlə bağlı genişmiqyaslı tədbirlərin keçiriləcəyi gözlənilir. Azərbaycan bu müharibədə sərvətləri və əhalisi ilə fədakarcasına iştirak edib. Təəssüf ki, faşist Almaniyasına qarşı mübarizə aparmış, SSRİ-nin ərazi bütövlüyü uğrunda canından keçmiş azərbaycanlıların vətəni Azərbaycan Respublikasının bir parçası, Dağlıq Qarabağ bölgəsi bu gün Ermənistanın işğalı altındadır. Azərbaycan öz təbii sərvəti və can itkisi, azərbaycanlılar fədakarlıqları ilə həm də Ermənistanı faşizmdən qoruyub. Ancaq Ermənistan hakimiyyəti keçmiş sovet xalqının bu ədalətli müharibəsinə qarşı döyüşən erməni-faşist Qaregin Njdeyə abidə qoyur. Ermənistanın baş naziri Nikol Paşinyan isə utanmadan bu faşist-ermənini az qala Böyük Vətən Müharibəsinin qəhrəmanı olaraq təqdim etməyə çalışır. Krasnodarda isə bu faşist əlaltısının şərəfinə xatirə lövhəsi qoyulur. Ümid edək ki, Rusiya da faşizmə xidmət etmişlərin qəhrəmanlaşdırılması məsələsinə Böyük Vətən Müharibəsinin 75-ci ildönümü ərəfəsində yenidən baxılacaq. Bu, ermənilər də daxil omaqla faşizmə qarşı mübarizə aparmış insanların xatirəsinə hörmət olar. Təbii ki, işğalçı Ermənistan əvvəllər olduğu kimi, indi də Azərbaycan-Rusiya münasibətlərinin inkişafına qısqanclıqla yanaşır.

Beləliklə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əlyevanın Rusiyaya rəsmi səfəri bir daha təsdiqlədi ki, regional əməkdaşlığa üstünlük verən Azərbaycan tərəfi Rusiya ilə bütün istiqamətlərdə qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır və bu yöndə fəaliyyət göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi