Yuxarı
    Bağlamaq

    Lukaşenkodan erməni liderlərə dərs - Paşinyanın batan səsi - ŞƏRH

    Ermənistanın halı bataqlıqla tələ arasındadır

    Bakı. 17 dekabr. REPORT.AZ/ Ermənistanda hakimiyyətə gələn yeni siyasi qüvvə yönümünü müəyyənləşdirə bilmir. Bir yandan onlar üçün dövlət qurmuş, Azərbaycan torpaqlarında yerləşdirmiş Rusiyadan qopmağa çalışır, o biri yandan da bunun qarşılığında Qərbdən daha çox yardım almağa cəhd göstərir. Başqa sözlə, Rusiya ilə Qərb arasında çabalayır. Belə bir vəziyyət isə yeni hakimiyyətin ciddi qüvvə olmadığı təsirini bağışlayır.

    Belarus Prezidenti Aleksandr Lukaşenkonun dekabrın 14-də keçirdiyi mətbuat konfransında Ermənistanın indiki və keçmiş dövlət başçılarına tutduğu iradlar, əslində, rəsmi Yerevana dərs kimi də dəyərləndirilə bilər. Keçmiş prezident Serj Sarqsyana işğal etdikləri Azərbaycan torpaqlarından çıxması ilə bağlı dedikləri Ermənistandakı hakimiyyətin qorxaqlığını təsdiqləyir. Bu hal rəsmi Yerevanda davam etməkdədir. Ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın işğal altında olan Azərbaycan torpaqlarına səfərləri də bu halın davam etməsini təsdiqləyir. Belarus lideri Ermənistanın indiki liderlərini qorxaqlıqda açıq şəkildə ittiham edərək Azərbaycana daha çox silah satan ölkənin Rusiya olduğunu söylədiyini vurğulayıb: “Belarus isə bu siyahıda 4-cü, ya da 5-ci yerdədir. Mən Nikol Paşinyana dedim ki, buna görə niyə Rusiya Prezidenti Vladimir Putini tənqid etmirsən? Dilin çıxmır. Qorxursan?” Nikol Paşinyan hələlik Belarus liderinin bu ittihamlarına cavab verməyib. Belə baxanda, Ermənistan və Belarus Rusiya ilə eyni yaxınlıqdadır. Bunlar arasındakı fərq Rusiyadan aldıqları təbii qazın qiymətindədir. Belarus min kubmetr qazı 129 dollar alır. Qiyməti ucuzlaşdıraraq 70 dollardan almaq istəyir. Ermənistan isə bu həcmdə “mavi yanacaq” üçün 150 dollar ödəyir, onu ucuz almağa cəhd göstərir. 2019-cu il üçün isə bu istiqamətdə yeni müqavilə hələ imzalanmayıb. Ermənistanı Belarusdan fərqləndirən başlıca cəhətlərdən biri də ikincinin ərazisindəki Rusiya hərbçilərinin cinayətdə ittiham edilməməsidir.

    Deməli, dekabrın 3-də Ermənistanın Gümrü şəhərində küçə süpürən 1961-ci il təvəllüdlü qadın Cülyetta Qazaryanı Rusiyanın 102 saylı hərbi bazasının hərbçisi xüsusi qəddarlıqla döyərək öldürüb. Bildirilib ki, yaralı çoxsaylı bədən xəsarətləri, qapalı kəllə-beyin, qapalı döş boşluğu travmaları ilə xəstəxanaya aparılıb. Ancaq həkimlər 57 yaşlı qadının həyatını xilas edə bilməyiblər. Cületta Qazaryan xəstəxanada ölüb. Rusiyalı hərbçinin saxlanıldığı yerlə bağlı Ermənistanın Baş Prokurorluğu, habelə ədliyyə naziri səlahiyyətlərini icra edən Artak Zeynalyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan da susublar. Hərbçinin vəkili Narine Rştuni bildirib ki, müvəkkili 102 saylı hərbi hissənin ərazisində saxlanılır: "Hərbçi özünü təqsirli bilmir. O, Şirak vilayəti məhkəməsinin qərarı ilə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən tutulub. Bundan sonra Rusiya tərəfinə təhvil verilib”. Bu vəziyyət bir neçə ilə əvvəl baş vermiş hadisəni yada saldı. Belə ki, 102 saylı hərbi hissənin hərbçisi Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirmişdi. Uzun danışıqlardan sonra Ermənistan məhkəməsi onu mühakimə edə bildi. Ancaq Permyakovun cəzasını Rusiyada çəkdiyi bildirilir. Rusiya onu qətllə bağlı deyil, fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilib.

    Yeri gəlmişkən, Ermənistandakı vətəndaş cəmiyyəti 102 saylı hərbi hissənin ölkədəki fəaliyyətindən xəbərsiz olduqlarını bildirirlər. Onların təmsilçisinin sözlərinə görə, rusiyalı hərbçilərin iştirakı ilə baş verən cinayət halları isə davam edir. Vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistandakı vəziyyətin bir adamdan - Nikol Paşinyandan asılı olmasından narahatlıqlarını ifadə ediblər. Onların qənaətincə, ölkədə hamının bir nəfərə inanması çox təhlükəlidir. Vətəndaş cəmiyyətinin təmsilçiləri "inqlab"ın baş verməsindən peşmançılıqlarını da gizlətmirlər. Bu təbəqənin nümayəndəsi bildirib ki, heç kim Serj Sarqsyanın yerinə Nikol Paşinyanın gətirilməsini istəməyib: “Biz qanunun aliliyinin təmin olunmasını istəyirik”. Bu cəmiyyətin təmsilçiləri dekabrın 9-da keçirilən seçkini də klassik seçki saymırlar: “Bu, sadəcə olaraq, siyasi proseslərə etmad göstərilməsini əks etdirirdi”. Bununla da ölkədə yeni diktaturanın yaranmasından narahatlıq gizlədilmir.

    Bu arada Aleksansdr Lukaşenkonun dediklərini ikinci plana keçirmək üçün Ermənistan KİV-ləri dəridən-qabıqdan çıxır. Onlar Belarus liderinin dediklərinin təsirini azaltmaq üçün Moskvanı, keçmiş hakimiyyəti ittiham edir, hətta Qarabağ kartından belə yararlanmağa səy göstərirlər. Erməni siyasətşünasları bildirirlər ki, Qarabağ problemini Lukaşenko həll edə bilməz. Axı o, məlum çıxışında bu iddiada olduğunu deməyib. Əslində, Belarus lideri bu məsələ ilə bağlı hamının bildiyi həqiqəti təkrarlayıb: "Ötən illər ərzində beynəlxalq vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin gerçək həlli istiqamətində heç bir iş görməyiblər". İş o yerə çatıb ki, erməni siyasilər Rusiyanı ərazi bütövlüyünün pozulması ilə də hədələyirlər. Paşinyanyönlü Respublika Partiyasının Siyasi Şurasının sədri Aram Sarkisyan bildirib: “Biz Moskavaya Rusiyanın bizə lazım olduğundan iki dəfə artıq lazımıq. Əks halda, Rusiyanın sərhədi Krasnodar diyarından keçəcək”.

    Nəhayət, baş verənlərdən belə təəssürat yaranır ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr hansısa kənar qüvvənin qarşısında öhdəlik götürüb. Bu öhdəliyin əsasını Rusiyanın təsir dairəsindən çıxmaq, 102 saylı hərbi bazanın fəaliyyətinə etiraz etmək, Qarabağın işğal altında qalmasını uzatmaq kimi məsələlər təşkil etməkdədir. Yerevanın bu kimi iddiaları həyata keçirmək üçün isə resursu yoxdur. Odur ki, Ermənistandakı şəraiti bataqlığa düşənin vəziyyəti ilə müqayisə etmək olar. Bataqlığa düşənə tərpənməz qalmaq məsləhət görülür. Əks halda, o, tez batacaq. Bir də rəsmi Yerevan özünü çoxbilmiş kimi göstərməyə cəhd edir. Bu vəziyyət üçün də deyiblər: “Çoxbilmiş quş dimdiyindən tələyə düşər”.

    Beləliklə, Ermənistanın halı bataqlıqla tələ arasındadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi