Koçaryanın azadlığı - Paşinyanın Putinə hədiyyəsi - ŞƏRH

Koçaryanın azadlığı - Paşinyanın Putinə hədiyyəsi - ŞƏRH Rəsmi Yerevan onu həbsdə saxlamaqla Moskvaya qarşı çıxış edən, özünü onun təzyiqlərinə müqavimət göstərən kimi aparır
Analitika
6 Sentyabr , 2019 14:17
Koçaryanın azadlığı - Paşinyanın Putinə hədiyyəsi - ŞƏRH

Ermənilər hələ də elə bilirlər ki, indiki Ermənistan ərazisi onların torpağı, eyniadlı dövlət də müstəqildir. Yaxın 200 illik tarixə nəzər yetirsələr, bütün qaranlıq məsələlərə aydınlıq gələr. İndiki hallarına, torpaq və dövlət sahibi olduqlarına görə dünya erməniləri, əsasən, Rusiyaya borcludurlar. Azərbaycan türklərinin Ermənistandakı dədə-baba yurdlarından sıxışdırılıb çıxarılmasında, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında da onlara Rusiya və onun sələfi keçmiş SSRİ yardım edib. Kəsəsi, Rusiya erməniləri Qafqaza yerləşdirərək Azərbaycan torpaqlarının hesabına onlara dövlət qurub. İndi onlar xeyirxahlarına qarşı mübarizə aparır, guya Kremlin buxovundan xilas olmaq istəyirlər. Bu da son zamanlar özünü müxtəlif sahələrdə açıq-aşkar göstərir.

Bunların bəzilərini diqqətinizə çatdırmaq istərdik. Ermənistanın keçmiş prezidenti, Xocalı soyqırımının müəlliflərindən biri Robert Koçaryanın həbsdə saxlanılması Yerevanla Moskvanın münasibətlərini gərginləşdirən amillərdən sayılır. Bu günlərdə Ermənistanın Konstitusiya Məhkəməsi onun barəsində seçilən həbs qətimkan tədbirinin ləğvi barədə qərar qəbul edib. Məsələyə Ermənistan hökumətinin münasibəti birmənalı deyil. Ölkənin ədliyyə naziri Rüstəm Badasyan birmənalı olaraq bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı əsasında o, həbsdən azad edilə bilməz. Nazir iddia edib ki, qərarın müzakirəsi şəraiti şübhəlidir. Ermənistan hökumətinin mətbuat katibi Vladimir Karapetyan Konstitusiya Məhkəməsinin qərarına qarşı heç bir addım ata bilməyəcəklərini söyləyib. O, bu məsələni hüquqşünasların öhdəsinə buraxıb.

Belə çıxır, Koçaryanın azadlığı məsələsi adi hadisə deyil. Bu, Ermənistanın müstəqilliyinin, varlığının göstəricisi sayıla bilər. Hər kəsə gün kim aydındır ki, o, keçmiş SSRİ-nin və Rusiyanın adamıdır. Onun prezidentliyi dövründə Ermənistanda iki qanlı hadisə baş verib: 1999-cu il oktyabrın 27-də və 2008-ci il martın 1-də. Hələ ikinci hadisə ilə bağlı cinayət işi araşdırılır. Birinci iş isə hələ qalır. Koçaryanla bağlı məsələyə Rusiya rəsmiləri, KİV və ictimai-siyasi xadimlər müdaxilə edir. Bu, keçmiş prezidentin güvənc yerini göstərir. Rəsmi Yerevan onu həbsdə saxlamaqla Moskvaya qarşı çıxış edən, özünü onun təzyiqlərinə müqavimət göstərən kimi aparır. Hətta Rusiya vətəndaşına siyasi sığınacaq verməklə müstəqil olduğunu göstərir. Qeyd edək ki, bu günlərdə Rusiyanın Kaluqa şəhərindəki “rus yürüşü”nün təşkilatçısı, rus milliyyətçisi, Rusiya vətəndaşı Vitaliy Şişkinə Ermənistan sığınacaq verib. O, Rusiyada qadağan olunan “Ruslar: etnosiyasi birliyi”nin Kaluqa bölməsinin keçmiş sədri olub. Vitali Şişkin 2015-ci il fevralın 13-dən 2019-cu il yanvarın 10-dək həbsdə olub. O, “kütləvi iğtişaşa çağırış”, “düşmənçilik və nifrət yaymaqda” ittiham olunub.

Belə ehtimal etmək olar ki, rəsmi Yerevan Koçaryanı həbsdə saxlayıb Şişkin vasitəsilə Moskva ilə alver etməyə səy göstərir. Belə çıxır ki, Ermənistan hökuməti onu barələrində axtarış elan etdiyi keçmiş müdafiə naziri Mikael Arutyunyan və məhkəmə aktlarının icrası xidmətinin keçmiş rəisi Miqran Poqosyanla dəyişmək niyyətindədir. Ermənistan KİV-i də Konstitusiya Məhkəməsinin Korçaryanla bağlı qərarına birmənalı münasibət bildirməyib. Bəziləri onun azadlığının Rusiya-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcəyini vurğulayıb. Bir sıra informasiya vasitələri isə özünməxsus şəkildə Ermənistanın müstəqilliyinin qayğısına qalıb. İkinci qrupa daxil olan KİV Koçaryanla Rusiya prezidenti Vladimir Putinin dostluğunu vurğulayaraq ölkələrarası münasibətlərin yüksək səviyyədə olduğunu bildiriblər. Bu qrupa daxil olanlar Nikol Paşinyan hökumətinin də Rusiyaya münasibətdə öhdəliklərini yerinə yetirdiyini, sadəcə, rəsmi Yerevanın əlaqələrdə problemlərin mövcudluğunu dilə gətirdiyini, hökumətin Moskva qarşısında suverenlik məsələsini irəli sürdüklərini qeyd edirlər.

“Rusiyanın məmurları və yarırəsmi dairələri, o cümlədən erməniyönlü ekspertlər Ermənistana qarşı ənənəvi siyasət irəli sürürlər. Yerevanda keçirilən Avrasiya İqtisadi İttifaqının forumlarının birində Ermənistan tərəfi Rusiyanın baş naziri Dmitiri Medvedev qarşısında müttəfiqliyin səmərəliliyi məsələsini qaldırmağa cəhd etdi. O isə Ermənistanı meyvə və tərəvəz yetişdirilməsi sahəsinə fəallığı artırmağa çağırdı”, - “1in.am” saytı Rusiya-Ermənistan münasibətlərinə həsr etdiyi yazıda vurğulayıb. Müəllif bildirib ki, Rusiya Ermənistandakı indiki hakimiyyətə etibar etmir: “Sual doğur: Rusiyanı əsəbləşdirməmək üçün Ermənistan suverenliyi və iqtisadi inkişafın perspektivindən imtina etməlidir”. Müəllif hesab edir ki, indiki hakimiyyət Ermənistanın müstəqilliyinin güclənməsinə çalışır: “Bir sıra siyasi-ekspert dairələr isə hökumətə məhz bu məsələdə təzyiq edirlər. Onlar Moskvaya donos ötürür, yardım istəyirlər”. Yeri gəlmişkən, məqalə müəllifi 1920-ci illərdə ermənilərin Ermənistandan Moskvaya 8 milyon donos göndərdiyini etiraf edib.

Ermənistan mətbuatı bildirir ki, ölkə Avrasiya İqtisadi İttifaqına qoşulmaqla Rusiyanın 5-ci kolonuna çevirilib: “Ermənistanda hakimiyyətdə kimin olmasının Moskva üçün fərqi yoxdur. Əsas məsələ Ermənistanın suverenliyinin inkişafına yol verməməkdir”. Erməni mətbuatı dolayı yolla iddia edir ki, ölkədə Koçaryan kimilər olduqca suverenliyi inkişaf etdirmək mümkün olmayacaq. Ermənistanyönlü olması ilə tanınan Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin də Moskva-Yerevan münasibətlərini gərginləşdirən amillərdən danışıb. O, Ermənistan sürücülük vəsiqəsinin Rusiyada və əksinə istifadə edilməməsini mənfi hal sayıb. Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin sürücülük vəsiqələrinin istifadəsi bir-birinin ərazisində yararlıdır. Ancaq Rusiya bu məsələdə bir şərt qoyub: rus dili ikinci dövlət dili olmayan üzv ölkələrin sürücülük vəsiqələri federasiyada etibarsızdır. Ermənistan yeganə ittifaq üzvüdür ki, rus dilinin dövlət statusu yoxdur.

Beləliklə, Nikol Paşinyan hökuməti üçün Robert Koçaryanın həbsdə saxlanılıb 2008-ci ilin mart hadisələrinə görə cəzalandırılması təkcə suverenliklə bağlı deyil, prinsipial məsələdir. Çünki bu həbs onu hakimiyyətə gətirən başlıca amillərdəndir. Paşinyanın başçılıq etdiyi hakimiyyət çevrilişindən az qala dərhal sonra, 2018-ci il iyulun 27-nə keçən gecə saat 00:15 radələrində Yerevan birinci instansiya məhkəməsi Ermənistan İstintaq Xidmətinin vəsatətini təmin edərək ölkənin sabiq prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçdiyini elan etdi. Robert Koçaryan iki ay müddətinə həbs olundu. Bu, Koçaryanın həbsinin Ermənstandakı gələcək proseslər və Paşinyan üçün əhəmiyyətinin göstəricisi idi.

İndi isə vəziyyət dəyişib. Paşinyan ilyarım müddət ərzində dəfələrlə soyuq duş alıb. Belə ehtimal etmək olar ki, Ermənistanın hökumət başçısı indi Koçaryanı Moskvaya baha satmağa hazırlaşır. Ancaq bu alver perspektivdə Ermənistanın və hökumətin gələcəyinə qarşı işləyə bilər. Məsələ Koçaryanın şəxsiyyətində deyil. Sadəcə, Xocalı soyqırımının müəlliflərindən birinin həbsdə saxlanılması da Kremlə ağır gəlir. Bu, Rusiyanın “özümüzküləri darda qoymuruq” prinsipinə də uyğun gəlmir. Koçaryan amili həm də Ermənistandakı Rusiyayönlülər deməkdir. Moskva onu azad etməklə bu dəstəyə fəaliyyət göstərmələri üçün stimul və impuls verəcək. Odur ki, xocalıların canisinin sərbəst buraxılması üçün Kremlin Yerevana təzyiqlərinin davam edəcəyi gözlənilir.

Belə ehtimal edilir ki, Vladimir Putin ötən ilin payızında Ermənistandakı hakimiyyətin yürütdüyü siyasətə etiraz olaraq Yerevana səfərini təxirə saldı. Bu, Moskvanın Paşinyan hökumətinə etimad etmədiyinin nümunəsi idi. Oktyabrın 1-də Avrasiya İqtisadi İttifaqının Yerevanda sammiti keçiriləcək. Bu toplantıya Vladimir Putinin də qatılacağı gözlənilir. Ancaq o, Koçaryanın həbsdə qalmasına, deməli, Rusiyayönlülərin fəaliyyətinə göz yumub Yerevana səfər edəcəkmi? Fikrimizcə, Moskva və Yerevan gərginliyin azaldılması üçün onun azadlığa çıxmasına birlikdə səy göstərə bilərlər. Putinin etimadını qazanmağa Paşinyanın böyük ehtiyacı var. Bunun üçün Koçaryanı müəyyən şərtlər daxilində sərbəst buraxa bilər. Əsasən, Rusiyayönlülər Ermənistanda müxalifətdədir. Moskva onlara “oturun yerinizdə” komandası verə bilər.

Deməli, Paşinyanın Koçaryana Putinin şərəfinə azadlıq hədiyyə edəcəyini ehtimal etmək olar. Əksi, Rusiyanın etibardan düşməsi, Ermənistanın yeni etiraz dalğasıyla üzləşməsi ilə nəticələnə bilər. 

Son xəbərlər

Orphus sistemi