​İSAF-ın Əfqanıstandakı taleyi 2015-ci ildən sonraya qalır

​İSAF-ın Əfqanıstandakı taleyi 2015-ci ildən sonraya qalır "8 üzv dövlətdən ibarət komissiyaya Azərbaycan da daxil olacaq"
Analitika
5 Yanvar , 2015 17:24
​İSAF-ın Əfqanıstandakı taleyi 2015-ci ildən sonraya qalır

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ və koalisiya qüvvələrinə Əfqanıstan hakimiyyətinin hələ də ehtiyacı var. Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzayın ABŞ-a səfəri zamanı bu məsələnin aktuallığı bir daha vurğulanıb.

O, ABŞ-ın "CBS" telekanalına müsahibəsində deyib ki, ABŞ-ın və koalisiyanın bu ölkədəki hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması məsələsinə iki ildən sonra baxıla bilər.

Əfqanıstan prezidentinin sözlərinə görə, hərbiçilərin ölkə ərazisindən çıxarılması məsələsinin vacibliyi "yaddan çıxmasa" da, bunu "ehkam"a çevirməyə də ehtiyac yoxdur.

"Sizin mövqeyinizdən prezident Obamanın xəbəri varmı" sualına cavabında Ə.Q.Əhmədzay deyib: "Prezident Obama məni yaxşı tanıyır. Hər şeyi bir-birimizə deməyə ehtiyac yoxdur".

ABŞ prezidenti Barak Obama isə amerikalı hərbiçilərin bu ölkə ərazisindən 2016-cı ilin sonunda yerli qüvvələr Əfqanıstanın təhlükəsizliyini təmin etdikdən sonra çıxarılacağı vədini verib.

Xatırladaq ki, 2014-cü ilin sonunda ABŞ və koalisiya qüvvələrinin əsas hissəsi Əfqanıstandan çıxarılmalı idi. Ölkədə antiterror əməliyyatlarının keçirilməsini dəstəkləmək üçün formal olaraq, əsasən amerikalılardan ibarət beynəlxalq qüvvələrə məxsus 13 min hərbiçi qalıb.

13 il sürən hərbi əməliyyatlarda 50 ölkədən ibarət koalisiyada 130 mindən çox qüvvə iştirak edib.

Qeyd edək ki, Ə.Q.Əhmədzayın Vaşinqtona səfəri öncəsi prezident Barak Obamanın Əfqanıstandan çıxarılması planlaşdırılan ABŞ-a məxsus hərbi texnikanın Ukraynaya verilməsinə etirazla bağlı xəbər də yayılmışdı.

Müzakirə ediləcək mövzulardan birinın də bu olacağı gözlənilir.

Əfqanıstan Prezidenti Administrasiyasının təmsilçisi bildirmişdi ki, bir müddət əvvəl Vaşinqton ABŞ-a məxsus hərbi texnika və silahların əfqan ordusuna və asayiş qüvvələrinə qalacağına təminat verib.

"Bu, Əfqanıstanın cənubunda "Taliban" yaraqlılarına qarşı mübarizədə bizim ordunun döyüş qabiliyyətinin gücləndirilməsinə imkan verərdi", - əfqan rəsmi vurğulamışdı.

Onun sözlərinə görə, Əfqanıstanda yerləşən ABŞ komandanlığı bu məsələnin müzakirəsindən imtina edib: "ABŞ komandanlığından bu məsələ ilə bağlı səlahiyyətin Ağ Evdə olduğunu açıqlayıblar".

Əfqan rəsmisi qeyd etmişdi ki, Ə.Q.Əhmədzay bu səbəbdən 2015-ci ilin yanvarında məsələni Vaşinqton qarşısında daha sərt şəkildə qoymaq niyyətindədir.

Əfqanıstanın keçmiş prezidenti Həmid Karzayi ilə Barak Obama arasında ABŞ və koalisiya qüvvələrinin ölkədə qalması müddətinin uzadılması məsələsində ciddi fikir ayrılığı var idi.

Görünür, ABŞ, NATO və koalisiyanın başqa üzvlərinin Əfqanıstan torpaqlarında qalmasının vacibliyini həm də Suriya və İraqda baş verənlər aktuallaşdırıb. Rəsmi Kabul perspektivdə İŞİD-ə oxşar yaraqlıların Əfqanıstan ərazisində meydana çıxacağından ehtiyatlanır. "Taliban", "əl-Qaidə" və İŞİD-in əməkdaşlığını nəzərə alsaq, ölkə rəhbərliyinin rahatsızlığını boş yerə olmadığı qənaətinə gəlmək olar.

Düzdür, koalisiya qüvvələrinin Əfqanıstandakı komandanı Con Kempell "CBS" telekanalına müsahibəsində əfqan ordusunun güclü olduğunu və orada İraq ssenarisinin təkrarlanmayacağını vurğulayıb. Ancaq Əfqanıstanda və qonşu Pakistanda baş verənlər, eləcə də İŞİD-ə qarşı mübarizənin 3-4 il sürəcəyi haqda ABŞ rəsmilərinin bəyanatı terrorçulara qarşı mübarizədə hələlik ciddi uğur qazanılmadığını deməyə əsas verir.

Bu baxımdan ABŞ və koalisiya qüvvələrinin Əfqanıstanda qalma müddətinin uzadılacağı istisna edilmir.

Belə olan halda Azərbaycan sülhməramlıları da həmin tərkibdə Əfqanıstanla əməkdaşlığı davam etdirə biər.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycan Respublikası da Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində əməkdaşlıq edir.

İki il öncə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən ölkələrin XİN rəhbərlərinin iclasında çıxışında demişdi: "Bizim bu formatda keçirdiyimiz sonuncu görüşdən və müdafiə nazirlərinin bu yaxınlarda keçirdikləri görüşdən sonra iki əsas məsələ prioritet kimi ortaya çıxıb: Əfqanıstanda NATO missiyasının 2014-cü ildən sonrakı fəaliyyəti və qoşunların bu ölkədən çıxarılması".

O qeyd etmişdi ki, NATO-nun etibarlı və sadiq tərəfdaşı kimi Azərbaycan İSAF missiyasını başa çatdırandan sonra potensial əməliyyat tərəfdaşı olmaqla, "təlim, məsləhət və yardım" cəhdlərinə töhfə vermək məqsədilə zəruri maliyyə yardımı ayırıb və bu istiqamətdə zəruri imkanlara malikdir: "Biz bunu faktiki olaraq artıq bir sıra sahələrdə etməyə başlamışıq. Qoşunların Əfqanıstandan çıxarılmasına gəldikdə isə xatırlatmaq istərdim ki, ISAF missiyası üçün qeyri-ölümcül silahların 35%-i məhz Azərbaycan vasitəsilə daşınıb və bu gün ölkəmiz qoşunların çıxarılması üçün özünün zəruri infrastrukturunu ayırıb və bunu gələcəkdə daha da artıra bilər".

Ötən il məsələ ilə bağlı Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişidi ki, Əfqanıstana Azərbaycan üzərindən tranzit dəhlizinin təmin olunması tək hərbi məqsədlərə yox, ümumilikdə təhlükəsizlik və iqtisadi inkişaf məqsədlərinə xidmət edəcək.

Bundan başqa, NATO-nun məsələ ilə bağlı sammitində bildirilmişdi ki, İSAF qüvvələri 2014-cü ildə Əfqanıstanı tərk etdikdən sonra yeni komissiya yaradılacaq. Həmin 8 üzv dövlətdən ibarət komissiyaya Azərbaycan da daxil olacaq. Yeni qurum əsasən ölkədə sabitliyin yaradılması üçün adi vətəndaşlarla işləyəcək.

Xatırladaq ki, Əfqanıstanda İSAF tərkibində həyata keçirilən əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin hərbi kontingenti xidmət edir. 

Son xəbərlər

Orphus sistemi