İran böhrana doğru - hökumət istefaya göndərilə bilər - ŞƏRH

İran böhrana doğru - hökumət istefaya göndərilə bilər - ŞƏRH Bakı. 12 sentyabr. REPORT.AZ/ Suriya və İraqda, o cümlədən bölgədəki münaqişələrdə iştirak İranda vəziyyətin ağırlaşmasına təsirsiz ötüşməyib.
Analitika
12 Sentyabr , 2018 14:46
İran böhrana doğru - hökumət istefaya göndərilə bilər - ŞƏRH
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ Suriya və İraqda, o cümlədən bölgədəki münaqişələrdə iştirak İranda vəziyyətin ağırlaşmasına təsirsiz ötüşməyib.

Bu fəaliyyət xüsusən də ölkənin iqtisadi vəziyyətini pisləşdirib. Hakimiyyətdaxili qüvvələr isə yaranan vəziyyətə görə günahkar axtarırlar. Hakimiyyətdaxili islahatçı xəttin parlamentdəki “Ümid” fraksiyasının sədri Məhəmmədrza Arif deyib ki, İran Prezidenti Həsən Ruhani Administrasiyasının fəaliyyətinə görə xalqdan üzr istəyirlər: “Hakimiyyətə gətirdiyimiz qüvvələrin islahatçıların nəzərdə tutduqları işləri yerinə yetirmək istəməməsi və ya reallaşdıra bilməməsi səbəbindən yaranmış problemlərə görə biz əhalidən üzr istəyirik”.

M.Arif 2001-2005-ci illərdə islahatçı sayılan Prezident Məhəmməd Xatəminin birinici müavini olub. O, 2013 və 2017-ci illərdə Həsən Ruhaninin prezidentliyə namizədliyini dəstəkləyib. 

Məlumdur ki, İran iqtisadiyyatı son zamanlar ciddi maliyyə problemi ilə üzləşib. Ölkənin milli valyutası rial dörd ayda 300 faiz ucuzlaşıb. Bu isə əhali arasında ciddi etiraza səbəb olub. Hakimiyyədaxili mühafizəkar xətt yaranmış problemə görə H.Ruhanini və başçılıq etdiyi hökuməti tənqid edir. Ekspertlərin fikirncə, islahatçıların nümayəndsi sayılan M.Arifin də prezidenti tənqid etməsi hakimiyyət daxilində ziddiyyətlərin kəskinləşməsinin göstəricisidir. Bunu islahatçıların mühafizəkarlar qarşısında geri çəkilməsi kimi də dəyərləndirmək olar.

Mühafizəkarlar da islahatçılara özünəməxsus “hədiyyə” edib. Bir neçə gün əvvəl İranın Qum Dini-İdeoloji Mərkəzinin 5 din xadimi Prezident Həsən Ruhaniyə etiraz olaraq plakat qaldırdıqlarına görə saxlanılıb. Onlar prezidenti ölümlə hədələməkdə təqsirləndirilirlər. Həmin din xadimləri əllərində “Ey müzakirə edilən adam, hovuz səni gözləyir!” şüarı yazılan plakat tutublar.

Qeyd edək ki, İranın keçmiş Prezidenti Əliəkbər Haşimi-Rəfsəncani 2017-ci ilin yanvarında hovuzda ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilmişdi. Ancaq keçmiş prezidentin qızı Faizə Haşimi atasının ölümünün təbii olmadığını və bu məsələdə müəmmaların davam etdiyini açıqlamışdı. Sağlığında Ə.Haşimi-Rəfsəncani Qərblə əlaqələri inkişaf etdirməyə can atan siyasətçilərdən biri kimi tanınırdı. Ona görə də onun ölümü şübhəli sayılır. Odur ki, din xadimlərinin plakatını hakimiyyətdaxili islahatçılar Həsən Ruhaninin təhdid edilməsi kimi dəyərləndiriblər.

Qarşıdan gələn ayların İran üçün daha çətin keçəcəyinin indidən ehtimal etmək olar.

Bu il noyabrın 5-də ABŞ bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların 180 günlük ikinci mərhələsi qüvvəyə minəcək. Bu mərhələ İranın neft sahsini əhatə edəcək. Artıq bir sıra dövlətlər İslam Respublikasından xam neftin idxalını dayandırb. Məsələn, bu ilin avqust ayında Cənubi Koreya İrandan xam neft idxal etməyib. Məlumata görə, iyulda Cənubi Koreyanın İrandan sutkalıq neft idxalının həcmi 194 min barel təşkil edib ki, bu da ölkəyə Hindistan və Çinlə birlikdə ilk üçlüyə daxil olmağa imkan verib.

Cənubi Koreyanın Energetika İqtisadiyyatı İnstitutunun əməkdaşı Kim Cekunq bildirib: “ABŞ-la yaxşı münasibətlər Cənubi Koreya üçün prioritetdir. Ölkənin milli təhlükəsizliyi ABŞ-la hərbi alyansdan asılıdır. Odur ki, İrandan neft idxalı dayandırılıb”.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei

İranda maliyyə-iqtisadi vəziyyətin ağırlaşmaqda davam etməsi ölkədə siyasi, sosial, mədəni və başqa sahələrə də təsir göstərməkdədir. İran vətəndaşları artıq sosial şəbəkələrdə hakimiyyətdə olan qüvvələr barədə məlumatlar yaymaqdan çəkinmirlər. Elə bu səbəbdən İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei ölkəsinə qarşı mediada hücum təşkil edilməsindən narahat olduğunu bildirib.

Yaranmış vəziyyətdən çıxış yolu Prezident Həsən Ruhani və hökumətinin istefaya göndərilməsi ola bilər. Hətta hökumətin bəzi üzvlərinin həbs edilməsi də gözləniləndir. Ancaq bunların ölkəni böhrandan çıxardacağı isə inandırıcı deyil. Baş verən hadisələr indiki hakimiyyətin payız və qışdan yaza belə asanlıqla çıxmasını çətinləşdirəcək.

Son xəbərlər

Orphus sistemi