Venesuela etirazları - dağılmış iqtisadiyyat, ac xalq, etimadı itirmiş rəhbər - ŞƏRH

Venesuela etirazları - dağılmış iqtisadiyyat, ac xalq, etimadı itirmiş rəhbər - ŞƏRH Bakı. 24 yanvar. REPORT.AZ/ Venesuelada baş verənlər dünyanın başqa nöqtələrində cərəyan edən hadisələri az qala iknici plana keçirib. Hazırda beynəlxalq aləmin diqqəti paytaxt Karakasdakı vəziyyətə yönəlib.
Analitika
24 Yanvar , 2019 14:29
Venesuela etirazları - dağılmış iqtisadiyyat, ac xalq, etimadı itirmiş rəhbər - ŞƏRH

Bakı. 24 yanvar. REPORT.AZ/ Venesuelada baş verənlər dünyanın başqa nöqtələrində cərəyan edən hadisələri az qala iknici plana keçirib. Hazırda beynəlxalq aləmin diqqəti paytaxt Karakasdakı vəziyyətə yönəlib. 

Latın Amerikasının, Karib hövzəsinin neftlə zəngin bu dövlətində etiraz aksiyaları səngimək bilmir. Son məlumatlara görə, polis və təhlükəsizlik qüvvələri ilə mitinq iştirakçıları arasında yaranan toqquşmalar nəticəsində 16 aksiyaçı ölüb, 200-dən çox insan həbs edilib.

Bəs əslində Venesuelada nə baş verir? Bunu aydınlaşdırmaq üçün heç də uzaq olmayan tarixə qısa nəzər yetirmək lazımdır:

1999-2013-cü illərdə iki dəfə Venesuela Prezidenti seçilmiş, elə bu vəzifədə olarkən xəstəlikdən vəfat etmiş Uqo Çaves ABŞ-la münasibəti belə xarakterizə edirdi: “ABŞ bizə hücum edərsə, bu,100 illik müharibə olacaq. Biz hazırlıqlıyıq”. O, çıxışlarının birində deyib: “İnsan irqini qurtaraq, ABŞ imperiyasını bitirək”. 

Son 20 ildə bu ölkədə hakimiyyətdə olan siyasi qüvvə U.Çavesin tezisləri əsasında fəaliyyət göstərib. U.Çavesin hökumətində xarici işlər naziri vəzifəsini tutan, 2013-cü ildə isə Prezident olan 56 yaşlı Nikolas Maduro ötən müddət ərzində çoxsaylı etirazlarla qarşılaşıb. Ona qarşı sui-qəsd edilməsi, müxalifətin impiçment cəhdi, ABŞ-ın bu ölkəyə qarşı sanksiyaları həmin proseslərin tərkib hissəsi sayıla bilər. N.Maduro son 6 ildə etirazları yatıra bilib. Ancaq bu dəfəki aksiyalar həm də ölkədəki ağır iqtisadi vəziyyət şəraitində keçirilir.

Hətta paytaxt Karakasın San-Xose bölgəsində Milli Qvardiyanın bəzi hərbçiləri Prezidentə qarşı qiyam qaldırmışdılar. Milli Polisin xüsusi təyinatlı briqadası qiyamın qarşısını alıb. 

Ötən il mayın 20-də Venesuelada prezident seçkisi keçirilib. N.Maduro səslərin 68 faizini toplayaraq qalib gəlib. O, bu ilin yanvarın 10-da ölkənin Ali Məhkəməsində and içib. N.Maduro 2025-ci ilədək Venesuelaya rəhbərlik etməlidir. 

Müxalifətin üstünlük təşkil etdiyi Venesuela Milli Assambleyası (parlament) yanvarın 15-də ikinci müddətə yenidən seçildikdən sonra Prezident vəzifələrinin icrasına başlaması ilə əlaqədar olaraq, N.Maduronun qəsbkar elan olunması ilə bağlı qanun qəbul edib. Parlamentin bu qərarı N.Maduronun Prezident kimi fəaliyyətinin qadağan olunması deməkdir. Qanunverici orqan onun hökumətinin bank hesablarını dondurmaqla bağlı bir sıra dövlətlərə müraciət də edib.

Ötən gün parlamentin sədri, 35 yaşlı Xuan Quaydo Venesuelanın qanuni Prezidenti elan olunub. ABŞ Prezidenti Donald Tramp onu ölkə Prezidentinin səlahiyyətlərini müvvəqəti icra edən şəxs kimi tanıyıb.

“Lima qrupu” yanvarın 4-də N.Maduronu tanımayacaqlarını bildirmişdi. Ötən gün isə qrupun üzvləri - Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Qayana, Sent-Lüsi, Qvatemala və Peru konstitusiya normalarını və N.Maduro rejiminin qeyri-legitimliyini əsas götürərək Venesuela Prezidenti vəzifələrini müvəqqəti olaraq öz üzərinə götürən Milli Assambleya sədri X.Quaydonu tanıdıqlarını və onu tam dəstəklədiklərini bildiriblər.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Venesuelada Prezident seçkisinin azad və ədalətli keçmədiyini, bu səbəbdən, N.Maduroya etimad göstərmədiklərini demişdi. Yanvarın 10-da verdiyi bəyanatda o vurğulamışdı: “Maduro bu gün demokratik keçirilməyən seçki əsasında yenidən vəzifəsinin icrasına başlayır”.

F.Moqerini Venesuela Prezidentini demokratik yolla seçilən institut olaraq müstəqil parlamenti tanımağa və ona hörmət etməyə, siyasi məhbusları sərbəst buraxmağa, qanunun aliliyini dəstəkləməyə, insan hüquqlarına əməl etməyə, əhalinin tələblərini təmin etməyə çağırmışdı. Ali nümayəndə Venesuela əhalisinə humanitar və miqrasiya problemi ilə bağlı yardım etməyə hazır olduqlarını açıqlamışdı. 

Yanvarın 21-də ABŞ Prezidenti D.Tramp Venesuelaya qarşı sanksiya tətbiq edilməsi barədə sərəncam imzalayıb. ABŞ-ın vitse-prezidenti Maykl Pens venesuelalıları etiraz aksiyasına qoşulmağa çağırıb.

D.Trampın Xuan Quaydonu Venesuela Prezidentinin səlahiyyətlərini müvvəqəti icra edən şəxs kimi tanımasından sonra N.Maduro amerikalı diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib. Amma Vaşinqton N.Maduronun legitimliyini tanımadığından buna əməl etməyəcəyini açıqlayıb. Ölkəni tərk etməyəcəkləri təqdirdə, N.Maduro ABŞ səfirliyinin su, işıq və kanalizasiyasını kəsəcəyi ilə hədələyib.

Venesueladakı etiraz aksiyalarının səbəblərindən bir də iqtisadi durumun fəlakətli həddə çatımasıdır. Ekspertlər ölkə iqtisadiyyatını “ölümcül” adlandırırlar. Ona görə də iqtisadiyyat dözənədək onun Prezident postunda qalacağı iddia edilir. Yeri gəlmişkən, ordu hələ də N.Maduronu dəstəkləyir. 

Qeyd edək ki, 2016-cı ilin məlumatına əsasən, Venesuela ABŞ-a 10,3 milyard, Çinə 4,9 milyard, Braziliyaya 1,28 milyard, Argentinaya 706 milyon, Kolumbiyaya isə 613 milyon dollar həcmində mal ixrac edib. Ölkə iqtisadiyyatında yaranan çıxılmaz vəziyyət siyasi özünüməhvə gətirib çıxarır. 2012-ci ildə Venesuela 100 milyard dollarlıq məhsul ixrac edibsə, bu rəqəm 2018-ci ildə 17 milyard dollara düşüb. Başlıca sərmayə fondları 8 dəfə azalıb, iqtisadiyyat 20-ci əsrin 60-70-ci illərinin səviyyəsinə enib. İnflyasiya milyonlarla faiz təşkil edib. Bəzi göstəricilərə əsasən, 2018-ci ildə iqtisadiyyat 35-40 faiz dağılıb.

Maliyyə resrusları olmadığında ölkədəki banklar kredit verə bilmir. Xarici banklar isə Venesula üçün limiti 2016-cı ildə bağlayıblar. Ölkədə qara bazar daha çox inkişaf edib. Bu isə qiymətlərin günü-gündən bahalaşmasına səbəb olur. Şirkətlər iflas edir. Ölkə üzrə işsizlik 50 faizi ötüb.

Venesuelada kriminogen vəziyyət də çox ağırdır və quldurluq, qarət, iqtisadi və sosial anarxiya genişlənir.

Ölkə iqtisadiyyatının 95 faizi xam neftdən asılıdır.  2017-ci ildə neft hasilatını qoruyub saxlamaq mümkün idisə, ötən il bu sahə də dağılmağa başlayıb. 2018-ci ilin sonunda hasilat bir milyon barelədək azalıb. Əvvəllər isə 2,5 milyona yaxın hasil edilirmiş. Onun 1,5 milyon bareli ixracata, qalanı isə daxili bazara yönəlirmiş. İndi isə neft ixracı tam dayanıb, bu sənaye sahəsi məhv olub.

Bunun nəticəsidir ki, ölkə əhalisinin 90 faizindən çoxu yoxsulluq hədindən aşağı səviyyədə yaşayır.

N.Maduro ölkəsində demokratik dəyərləri məhv etməkdə də ittiham olunur. İki il əvvəl o, parlamenti əvəz edəcək Konstitusiya Assambleyası yaratmaq məqsədi ilə referendum keçirəcəyini bəyan etmişdi. Onun ideyası əsasında yaradılacaq yeni qanunverici orqan ölkə konstitusiyasında dəyişiklik etmək səlahiyyətinə malik olacaqdı.

Müxalifət hesab edir ki, N.Maduro hakimiyyəti tək əldə cəmləmək istəyir. Onlar buna görə də N.Maduronun islahatına qarşı çıxmışdılar. Bu referendum qərarından narazı olanların keçirdikləri aksiyalarda polislə etirazçılar arasında baş vermiş toqquşmalar nəticəsində 125 nəfər ölmüşdü.

Bu ölkədəki vəziyyət bir sıra göstəricilərinə görə neft ölkəsi sayılan Suriyanı xatırladır. Bəşşar Əsədin atası Hafiz Əsəd vəfat edəndən sonra Qərb Suriyada hakimiyyətə gələnlərdən islahatlar aparılmasını gözləyirdi. Bu baş vermədi. Rusiya və İranın dəstəyi ilə Bəşşar Əsəd hakimiyyətdə qala bilib. Ölkə isə dağılmış haldadır. Nə iqtisadiyyat var, nə də vahid hakimiyyət. Bu azmış kimi, əhalinin az qala yarısı ölkəni tərk edib. 2011-ci ilin martından davam edən hərbi əməliyyatlar nəticəsində 353 min 935 min nəfər ölüb. Onların 19 811-i uşaq, 12 513-ü qadın olmaqla 106 390-nı dinc sakindir. Bəşşar Əsəd rejiminin 63 820 hərbçisi, habelə Suriya ordusuna xidmət edən 58130 nəfər həlak olub. Bu itkilər qarşılığında Suriyanın gələcəyi hələ də qaranlıqdır. 

N.Maduronun ölkəsində isə dinc aksiya iştirakçıları öldürülür. Qonşu dövlətlər onun hakimiyyətini legitim saymır. Uzaqdan dəstəkləyənlər isə vəziyyəti normallaşdırmağa qadir deyillər. Bundan başqa, onlar Venesuelanın başlıca ticarət tərəfdaşı rolunda da çıxış etmirlər. ABŞ-dan sonra ticarət əlaqəsi daha geniş olan Çindir. Rəsmi Pekin isə son hadisələrə tərəfsiz yanaşdığını, ölkədəki vəziyyətin dinc yolla, xarici müdaxilə olmadan həll edilməsinə tərəfdar olduğunu açıqlayıb.

Düzdür, Suriya ilə müqayisədə ölkəni dağılmaması üçün Venesuelanın üstünlükləri də var. Təəssüf ki, N.Maduro bu üstünlüklərdən istifadə etmək əvəzinə, hiddət və qəzəbə yol açan addımlar atır. Ancaq hakimiyyəti qoruyan hərbçilərin də etirazçıları dəstəkləyəcəkləri, yaxud azından tərəfsiz qalacaqları ehtimalı az deyil. N.Maduronu müdafiə edənlər isə Venesuelanı sovetlər dövrünün Kubasının durumuna salmaq istəməyəcək. Çünki bu, onun əməllərinin məsuliyyətini də bölüşmək deməkdir.

Belə ehtimal etmək olar ki, yaxın zamanda Venesuelada ciddi dəyişiklik olacaq - ya N.Maduro istefa verəcək, ya da hərbi vəziyyət elan olunacaq. Ancaq bunlar ölkənin dağılan iqtisadiyyatına yardım edə bilməyəcək. Axı indiyədək bu ölkənin ölümcül halda olan iqtisadiyyatına dərman verən də olmayıb. 

Son xəbərlər

Orphus sistemi