İkili standartın yeni təzahürü - separatçını dəstəkləyən beynəlxalq vasitəçilər - ŞƏRH

İkili standartın yeni təzahürü - separatçını dəstəkləyən beynəlxalq vasitəçilər - ŞƏRH Separatçılar, terrorçular böyük dövlətlərə bir-birinə və regionlara təzyiq etmək üçün oyuncaq kimi lazımdır
Analitika
26 Noyabr , 2018 15:01
İkili standartın yeni təzahürü - separatçını dəstəkləyən beynəlxalq vasitəçilər - ŞƏRH

Bakı. 26 noyabr. REPORT.AZ/ Dünyanın ən çox əziyyət çəkdiyi məsələlərdən biri terrorçuluq, o biri isə terrordur. Ermənilər Qafqaza köçürüləndən, Ermənistan dövləti qurulandan bu etnosun Azərbaycana yalnız ziyanı olub. Onların yalnız son 30 ildə həm Ermənistanda, həm də işğal altında saxlanılan Dağlıq Qarabağda isə Azərbaycana və azərbaycanlılara vurduğu maddi, mənəvi ziyan ölçüyə gəlməzdir. Buna son hadisələri nümunə göstərmək kifayətdir. Deməli, 1988-ci ildə 200 mindən çox dinc azərbaycanlı Ermənistandakı öz dədə-baba yurdlarından didərgin salındı. Bu vəhşilikdən gözü doymayan bəhs etdiyimiz etnik qrupun nümayəndələri Qarabağı işğal etməklə yanaşı, yerli azərbaycanlıları soyqırıma məruz qoydular. Təkcə Xocalı soyqırmını xatırlamaq kifayət edər. Bu, onların törətdiyi ən qanlı hadisələrə acı nümunədir. 

Əslində, Ermənistan və bu etnosun təmsilçiləri Azərbaycan və azərbaycanlılara qarşı həm terror edib, həm də separatçılıq fəaliyyəti ilə məşğul olurlar. Separatizm istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyət növüdür. Ötən 30 ildə ermənilər və Ermənistan azərbaycanlılara qarşı terrorla məşğul olub, separatçılıq ediblər. Başqa sözlə, onlar hər iki cinayət əməlini törədiblər. Bir çoxları belə düşünə bilər ki, bu etnik qrup Azərbaycan və azərbaycanlılara qarşı o qədər pisliyi, insanlıqdan uzaq davranışı necə edə bilər? Elə məsələ də burasındadır. Heç şübhəsiz, separatçılıq və terror xaricdən dəstəklənməsəydi, başqa cür ola bilərdi. Yəqin heç ermənilər Azərbaycan və azərbaycanlıların (Azərbaycan türklərinin) düşməni də olmazdılar.

Son həftələr Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki erməni icmasının, separatçı rejimin başçısı Bako Saakyanın Fransa, ABŞ və Rusiyaya etdiyi səfərlərə, ortaya çıxan müxtəlif suallara qısaca cavab verməyə çalışacağıq. Hər halda işgəncəyə və zülmə məruz qalmış sağ qalanlar, şahidlər, ermənilərin etirafları və yaxın tarixdəki faktlar sübut edir ki, azərbaycanlıları Ermənistan ərazisindəki Qərbi Azərbaycandan çıxaran ermənilərə əli silahlı sovet əsgərləri, hərbçiləri yardım ediblər. Çünki bu ordunun və dövlətin türklərin yaşadıqları dədə-baba torpaqlarından silah yolu ilə çıxarılması ilə bağlı təcrübəsi var. II Dünya müharibəsi zamanı və 1950-ci illərdə də Azərbaycan türkləri öz yurdlarından bu sayaq çıxarılmışdı. Deməli, ermənilərin son 30 ildə Azərbaycana qarşı etdikləri zülmün arxasında duranlardan biri o vaxtkı SSRİ olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il fevralın 26-da isə Qarabağdakı terrorçu- separatçılar Rusiyanın 366-cı motoatıcı alayanın yardımı ilə Xocalı soyqırımını törətdi. Yeri gəlmişkən, həmin faciənin iştirakçıları Robert Koçaryan və Serj Sarqsyan sonralar Ermənistana hər biri 8 il prezidentlik etdi. Koçaryan və Sarqsyan Yerevana köçürülməzdən əvvəl Qarabağdakı erməni icmasının başçıları idi. Deməli, Azərbaycan torpaqlarında separatçılıq edib, soyqırım törədənlər Ermənistana prezident seçdirilməklə mükafatlandırılıblar. Dağlıq Qarabağda isə qanlı hadisələr və terror əməlləri nəticəsində separatçı rejim qurulub. Bu rejim həm terrorçu, həm də separatçılıqla məşğuldur.

Düz 26 ildən artıqdır Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsinə beynəlxalq vasitəçi rolunda ATƏT-in Minsk qrupu və onun üç həmsədr ölkəsi - ABŞ, Fransa və Rusiya çıxış edir. Ötən həftə separatçı rejimin başçısı Bako Saakyan işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsində beynəlxalq vasitəçilik missiyasını boynuna götürən bu üç dövlətə səfər edib. O, səfərlərini Ermənistan pasportu ilə bu ölkənin vətəndaşı kimi reallaşdırıb. Bu, azmış kimi, Bako Saakyanın səfər etdiyi ölkələrdə maliyyə vəsaiti toplaması üçün şərait də yaradılıb. “Hayastan” fondunun təşkil etdiyi Ümumavropa telemarafonu nəticəsində 1 milyon 242 min 460 avro maliyyə vəsaiti toplanıb. Bu maliyyə vəsaitinin çoxu Fransada yığılıb. Tədbir noyabrın 14-18-də keçirilib. Bako Saakyan bu marafonda iştirak etmək üçün Fransada səfərdə olub. Həmin maliyyə vəsaitinin Ermənistanın Azərbaycanla sərhədində yerləşən Tavuş rayonuna və Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə xərclənəcəyi deyilir. Fondun təşkilatçılığı ilə noyabrın 22-də Los Ancelosda keçirilən illik telemarafonda 11 milyon 109 min 633 dollar ianə toplanıb. Təşkilatçılar bu maliyyə vəsaitini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndəriləcəyini bildiriblər. Noyabrın 24-də isə separatçıların başçısı Rusiyaya səfər edib. Həmin maliyyə vəsaitlərinin hansı niyyətlə xərclənəcəyi məlum deyil. Çünki bu təşkilatın fəaliyyətində şəffalıq olmayıb. Yeri gəlmişkən, cari ilin iyulunda “Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyan ictimai təşkilatda səlahiyyət həddini aşaraq külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinərək həbs edilib. Bildirilib ki, o, son bir həftədə Fondun bank hesabından qumarxanaya “onlayn” 29 min dollar (14 milyon dram) köçürüb. 2016-2018-ci illərdə isə bu rəqəm 250 min dollardan çox olub. Bir neçə ay əvvəl Helsinki Vətəndaş Assambleyasının Yerevandakı ofisinin rəhbəri Artur Sakunts bildirmişdi ki, Ermənistanın Rusiyadan aldığı 500 milyon dollar kreditin aqibəti məlum deyil. O, Lins Fondunun Ermənistana qoyduğu sərmayənin aqibətinin də məlum olmadığını bildirib. A.Sakunts “Hayastan” Ümimerməni Fondunun fəaliyyətindəki korrupsiya və mənimsəmə hallarından da bəhs edib: “Biz nəticəni - yaxşı yolları, infrastrukturu görməsək də, kreditləri ört-basdır etməyə davam edirik. Belə aydın olur ki, müqavilələr kredit vəsaitini mənimsəmək üçün imzalanırmış. İndi biz onları bütün dünyaya ödəyirik”. Qeyd edək ki, Lins Fondu 1989-cu ildə erməni mənşəli ABŞ biznesmeni Kirk Kerkoryan tərəfindən təsis edilib. Fond 22 il ərzində ABŞ, Ermənistan və Livandakı ermənilərin müxtəlif layihələrinə xeyriyyəçilik məqsədilə 1,1 milyard dollar maliyyə vəsaiti xərcləyib. Deməli, belə çıxır ki, həmin ölkələrdən Ermənistana və Dağlıq Qarabağdakı ermənilərə müxtəlif layihələr adı altında maliyyə yardımları edilir. Bu yardımlar isə onlara Azərbaycan torpaqlarının işğal altında daha uzunmüddətli qalmasına köməklik etməkdir. Dolayı yolla həmin dövlətlər Azərbaycan torpaqlarının işğal altında saxlanılmasında iştirak edirlər. Belə bir vəziyyətdə vasitəçilik edənlər isə münaqişənin dinc yolla həllindən danışır, ədalətli mövqe tutduqlarını göstərməklə “qatığın qara olduğunu” sübut etməyə səy göstərirlər. Yazının əvvəlində verdiyimiz sualın cavabı buradan aydın olur. Ermənilərin və Ermənistanın Azərbaycana qarşı əməllərinə əvvəllər SSRİ kömək edirdirsə, indi bunun miqyası böyüyüb: onların adı beynəlxalq vasitəçilərdir. Vasitəçilər bununla bölgənin təhlükəsizliyinin təhdidinə yardım edir, onun inkişafına, Cənub Qafqaz respublikalarının əməkdaşlığına mane olurlar.

Nəhayət, bir məsələyə də diqqəti yönəltmək istərdik. Orta Asiya ölkələrində və başqa dövlətlərdə ekstremist təşkilatlarda terrorçular tərəfindən döyüşənlər ölkə vətəndaşlığından çıxarılır, onlara qarşı cinayət işi başlanır. Azərbaycan, Rusiya, Fransa və ABŞ-da da oxşar qanunlar mövcuddur. Avropa ölkələrində terror və separatçılıqla məşğul olmuş istənilən şəxs və ya təşkilatın başçısı ABŞ, Fransa və ya Rusiya vətəndaşı kimi Azərbaycanın dövlət sərhədlərini rəsmi olaraq nə keçə, nə də burada telemarafonlar təşkil edib belə tədbirlərə qatıla bilər. Ancaq ABŞ, Fransa və Rusiya Bako Saakyanın ölkə daxilində sərbəst fəaliyyət göstərib hərəkət etməsinə şərait yaratmaqla beynəlxalq hüquqa hörmətsizilk göstərib. 

Fərz edək ki, terrorçu İŞİD-in başçısı əl-Bağdadi Ermənistan vətəndaşı pasportu ilə ABŞ, Fransa və Rusiyaya səfər edir, məsciddə din xadimləri ilə görüşlər keçirir, öz tərəfdarlarına ianə toplayır. Vaşinqton, Paris və Moskva buna yol verərmi?! Əlbəttə, çox doğru olaraq, yol verməz. Bəs onda Azərbaycan üçün təhlükəli olan bir rejimin başçısına niyə belə lütfkarlıq göstərilir? Yaxud başqa bir misal. İspaniyanın Kataloniya muxtar bölgəsinin separatçı keçmiş lideri Karles Puçdemonun Belçikada qalmasına və İspaniyaya qarşı fəaliyyət göstərməsinə imkan yaradılır. Belə bir münasibət İspaniyanın ərazi bütövlüyünün parçalanmasının dəstəklənməsi deyilmi?! Bu qənaətə gəlmək olar ki, separatçılar, terrorçular böyük dövlətlərə oyuncaq kimi lazımdır. Onlar bu əlaltılar vasitəsilə bir-birinə və regionlara təzyiq edə bilirlər. 

Son xəbərlər

Orphus sistemi