Yuxarı
    Bağlamaq

    Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı niyə azalıb? - ARAŞDIRMA

    Reportun Gürcüstan bürosu bunun səbəblərini araşdırıb

    Tbilisi. 6 iyun. REPORT.AZ/ Son illər Gürcüstandan Azərbaycana ixrac olunan minik avtomobillərinin sayı xeyli azalıb. "Report"un Gürcüstan bürosu bunun səbəblərini araşdırıb. 

    Məlum olub ki, minik avtomobillərinin satışının azalmasının bir neçə səbəbi var. Bunlardan biri Azərbaycanda Avro-4 standartlarının tətbiqidir.

    Gürcüstanın Rustavi şəhəri yaxınlığındakı “maşın bazar”ında da bu cür düşünənlər az deyil.

    Bazarın mühafizə xidmətinin əməkdaşı Mixail Talukaşvili deyir ki, əvvəllər bu bazarın alıcılarının 60-70 faizini azərbaycanlılar təşkil edirdilər. Azərbaycanda yeni Avro-4 standartlarının tətbiqindən sonra bu rəqəm 10-15 faizə enib.

    Avtomobilini satmaq istəyən Gürcüstan vətəndaşı Nuqzar Baramişvili deyir: “Azərbaycan Avro-4 standartlarının tətbiq etdikdən sonra qonşu ölkədən gəlib bizdən avtomobil alanların sayı xeyli azalıb. Bunun bir səbəbi bizim təklif etdiyimiz avtomobillərin həmin standartlara cavab verməməsidir. Biz Azərbaycana irad tuta bilmərik. Ölkə rəhbərliyi yəqin ki, əhalinin sağlamlığını, təhlükəsizliyini, ekoloji təmizliyi nəzərə alaraq belə bir qərar qəbul edib. Amma bir məsələdə var, indi azərbaycanlılar Avro-4 standartlarına cavab verən avtomobilləri də az alırlar. Bəziləri deyirlər ki, guya Azərbaycanda buradan alınan avtomobillərin gömrükdə rəsmiləşdirilməsi baha başa gəlir. Bəziləri isə indi azərbaycandakı avtosalonlardan daha keyfiyyətli maşın almaları ilə izah edirlər”.

    Avtomobil alıcısı Kaxa Çobanidze isə avtomobil satışının azalmasının başqa səbəblərindən xəbər verir: “Burada satılan avtomobillərin heç də hamısı yaxşı maşınlar deyil. Məsələn, mən, bu gün 2 ədəd eyni model Mercedes-Benz avtomobilinə baxdım. Eyni ildə - 2008-ci ildə istehsal olunmuş avtomobillərdir. Biri 11 min dollara, digəri isə 16 min dollara. Sual yaranır, görəsən niyə, eyni markadan, eyni ildə istehsal olunan avtomobildə belə fərq var. Araşdırdıq, məlum oldu ki, onlardan biri taksi üçün istifadə olunub və demək olar ki, istismar müddətini başa vurub. Sadəcə olaraq Gürcüstana gətirildikdən sonra təmir olunub, rənglənib, bəzi hissələri dəyişdirilib və avtomobil yaxşı görkəm alıb. Digəri isə inzibati idarədə istifadə olunub və yaxşı vəziyyətdədir. Daha yüksək keyfiyyətli maşın almaq istəsən gərək maraqlanıb, şəxsi istifadədə olanını tapasan. İndi necə edəsən? Hamının imkanı yoxdur ki, araşdırsın və fərqin niyə belə böyük olduğunu və bizə necə avtomobillərin satıldığını ayırd edə bilsin. Burada azərbaycanlıları qınamaq olmur. Onlar da gəlirlər və yəqin ki, belə avtomobilləri aldıqdan sonra peşman olurlar. Bunu görən digər azərbaycanlı təbii ki, daha bura gəlməyəcək”.

    Satıcı Soso Qumişvili də avtomobillərlə bağlı maraqlı faktlar açıqlayıb. O deyir: “Bu gün Gürcüstanda Yaponiyadan, ABŞ-dan, Almaniyadan və digər ölkələrdən gətirilmiş avtomobillər satılır. Bəzi avtomobillər həqiqətən də ilinin təzə olmasına baxmayaraq eyni markadan olan və bir qədər köhnə olan digər avtomobillərdən ucuz satılır. Həmin avtomobillər ABŞ-da, Yaponiyada, eləcə də Almaniyanın özündə və digər ölkələrdə su daşqınları nəticəsində yararsız vəziyyətə düşüblər. Lakin sonra onlar təmizlənib, təmir olunub və satışa çıxarılıb. Təbii ki, belə avtomobillərin ömrü, dözümlülüyü az olur. Ona görə də, belə avtomobillər ucuz satılır”.

    Satıcı deyir ki, bəzən həmin avtomobillərin ucuz satılmasının səbəbi alıcıya izah olunur. Lakin, avtomobili almaqla bağlı qərarı alıcı özü verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi