​Gürcü politoloq: "Azərbaycan ordusunun qələbəsi həm də onun diplomatiyasının qələbəsidir"

​Gürcü politoloq: "Azərbaycan ordusunun qələbəsi həm də onun diplomatiyasının qələbəsidir" “Cəbhədə baş verənlər bir daha göstərdi ki, Prezident İlham Əliyev çox düzgün, müdrik siyasət yürüdür”
Analitika
27 Aprel , 2016 14:28
​Gürcü politoloq: Azərbaycan ordusunun qələbəsi həm də onun diplomatiyasının qələbəsidir

Tbilisi. 27 aprel. REPORT.AZ/ "Cəbhə xəttində qazanılan uğurlar təkcə Azərbaycan ordusunun deyil, həm də Azərbaycan diplomatiyasının qələbəsidir. Ona görə ki, indi güc əsas amil deyil". Bunu "Report"a müsahibəsində Gürcüstanın Terrorizm və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, politoloq Badri Natçkebiya deyib.

Politoloqun fikrincə, Cənubi Qafqaz regionunda mövcud olan münaqişələr əslində keçmiş SSRİ-dən miras qalıb: "SSRİ dağıldıqdan sonra kiçik dövlətlər müstəqilliyinə qovuşdu. Lakin müstəqilliyə gedən yol heç də asan olmadı. Bir sıra ciddi problemlərlə üzləşdik. Bəzi qüvvələr kiçik xalqların müstəqillik arzusunu boğmağa çalışdı. Bunun üçün müxtəlif vasitələrdən istifadə olundu".

B.Natçkebiya təəssüflə qeyd edib ki, regionda baş verən problemlər etnik münaqişələr zəminində quruldu: "Azərbaycanda bir, Gürcüstanda isə iki etnik münaqişə ocağı yarandı. Qeyd etməliyəm ki, dövrünün ən görkəmli siyasi liderlərindən biri olan rəhmətlik Heydər Əliyevin müdrikliyi, diplomatiyası və uzaqgörən siyasəti nəticəsində Azərbaycanda digər etnik azlıqlar problemi yaşanmadı. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün də Azərbaycan ikinci etnik problemlə üzləşmir. Bu, təbii ki, Azərbaycan rəhbərliyinin müdrik siyasətinin, böyük diplomatiyasının nəticəsidir. Azərbaycan çoxvektorlu xarici siyasət yürüdür, inkişaf edir, beynəlxalq arenadakı mövqelərini daha da möhkəmləndirir”.

Politoloq deyib ki, Azərbaycandan fərqli olaraq, Gürcüstanda daha ciddi etnik problemlər yaşanıb. Onun sözlərinə görə, bu, həmin dövrdəki Gürcüstan hökumətinin xarici siyasətinin, diplomatiyasının zəifliyi ilə bağlı idi: “O dövrdə hakimiyyətdə olanlar böyük dövlətlərin maraqlarını və digər riskləri nəzərə ala bilmədilər. Düşünürəm ki, Gürcüstan Azərbaycandan çox şey öyrənməlidir, xüsusən də xarici siyasət, beynəlxalq münasibətlər məsələlərində. Gürcüstanın xarici siyasəti bu gün də böyük risk qarşısındadır. Bu istiqamətdə Gürcüstan inkişaf etməsə, öz xarici siyasətini, beynəlxalq münasibətlər sistemindəki mövqeyini dəyişməsə, ərazi bütövlüyünü də həll edə bilməyəcək. Ona görə də fikirləşirəm ki, bu məsələdə Azərbaycanın təcrübəsini öyrənmək vacibdir”.

Regiondakı münaqişələrin həllinə toxunan siyasətçi deyib ki, bu məsələdə də diqqətli olmaq vacibdir. Burada təkcə güc əsas amil deyil: “Son günlər cəbhə xəttində baş verənlər bir daha göstərdi ki, Prezident İlham Əliyev çox düzgün, müdrik siyasət yürüdür. Döyüş bölgəsində əldə olunan qələbə də mənim fikrimcə, təkcə hərbi qələbə deyil, ilk növbədə Azərbaycan diplomatiyasının qələbəsidir. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Cənubi Qafqazdakı digər münaqişələr, Gürcüstandakı müharibə də öz həllini tapacaq. Bu gün isə uzaqda deyil”, - deyə B.Natçkebia vurğulayıb.

Son xəbərlər

Orphus sistemi