Generalların həbsi: Serj Sarqsyan aprel məğlubiyyətini mərhələ-mərhələ etiraf edir - ŞƏRH

Generalların həbsi: Serj Sarqsyan aprel məğlubiyyətini mərhələ-mərhələ etiraf edir - ŞƏRH Ermənistan prezidenti generalları işdən azad edib, onlar barəsində cinayət işi qaldırmaqla hakimiyyətinin ömrünü uzatmağa çalışır
Analitika
31 May , 2016 17:44
Generalların həbsi: Serj Sarqsyan aprel məğlubiyyətini mərhələ-mərhələ etiraf edir - ŞƏRH

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində dördgünlük döyüşlər Ermənistanın gücünü, daha doğrusu gücsüzlüyünü, o cümlədən işğalçı ordunun vəziyyətini gün işığına çıxardı, ermənilər barədə yaradılan mifləri dağıtdı. Aprel döyüşlərindən sonra Ermənistan hakimiyyəti və onun havadarları erməni ictimaiyyətində ruh yüksəkliyi yaratmaq üçün müxtəlif üsullardan istifadə edirlər.

Bu məsələdə ilk növbədə ordu rəhbərliyi tənqid olunur. Ermənistan rəhbəri Serj Sarqsyanın son zamanlar yüksək rütbəli zabitləri işdən azad etməsi və onlar barədə cinayət işinin başladılması bunu təsdiq edir.

Mayın 30-da Ermənistan ordusunun Silahlandırma İdarəsinin rəisi, general Mels Çilingəryan, polkovniklər Mqer Papyanla Armen Marqaryan da həbs olunublar. Onlar barəsində ordu üçün aşağı keyfiyyətli malların alınması və bir sıra hallarda isə alınan malların qiymətinin şişirdilməsi faktları üzrə iki cinayət işi başladılıb. Mayın 12-də isə Ermənistan İstintaq Komitəsinin Hərbi istintaq idarəsi rəhbər vəzifəli şəxslərə qarşı səhlənkarlıq faktı üzrə cinayət işi açaraq, Silahlı Qüvvələrin Avtomobil xidməti bölməsinin başçısı, polkovnik David Abramyan həbs edilib.

Qeyd edək ki, S.Sarqsyanın aprelin 26-da imzaladığı fərmana əsasən, Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi, general-mayor Komitas Muradyan və Baş Qərargahın kəşfiyyat idarəsinin başçısı Arşak Karapetyan vəzifəsindən azad edilib.

Ermənistan mətbuatı həmin həbsləri ölkənin baş prokuroru Gevorq Kostanyanın antikorrupsiya sxemi üzrə həyata keçirildiyini yazıb. Erməni KİV-ləri bunu S.Sarqsyanın orduda "sanitar təmizliyi" adlandırıb. Prosesin Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən aprel döyüşlərindən əvvəl başladığı ehtimal olunur. Bu baxımdan baş prokurorun sxemi üzrə həbs həm də S.Sarqsyanın müdafiə naziri Seyran Ohanyana etibar etməməsi kimi dəyərləndirilir.

Qeyd edək ki, bu il fevralın 19-da "Transparency International"ın Antikorrupsiya Mərkəzi Ermənistanın Müdafiə Nazirliyində yoxlama aparıb.

Mərkəzin yaydığı hesabatda bildirilib: "Müdafiə naziri və nazirliyin ayrı-ayrı əməkdaşları maliyyə fəaliyyəti şəffaf olmayan bir sıra ticarət mərkəzlərinin sahibidir, yaxud səhmlərdə payları var". Qurum vurğulayıb ki, nazir S.Ohanyanın ailə üzvləri, yaxınları və nazirliyin başqa məsul işçiləri yoxlama aparan məmurları "dilə tutur", onlardan qanun pozuntularına göz yummalarını istəyirlər.

Mayın 16-də Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Serj Sarqsyan arasında keçirilən görüşdən iki gün əvvəl Yerevanda keçirilən etiraz aksiyasında xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturyan, onun müavini Aykaz Baqmanyanın istefası tələb edilmişdi.

Bundan başqa, Ermənistan müdafiə naziri Seyran Ohanyan dörgünlük döyüşün nəticələrindən danışanda "Azərbaycanın heç bir strateji mövqeni almadığını" iddia etmişdi.

Belə bir ölkənin Azərbaycan torpaqlarını özbaşına, təkbaşına işğal altında saxlamağa maddi-mənəvi gücünün olmaması bir daha təsdiqlənir.

Daha bir neçə nümunə göstərmək istərdik.

Ermənistanda hərbçilərə ayrılan 72 min dram (220 manat) məbləğində sosial müavinətin hamısı verilmir. Onlara bu məbləğin yarısı çatır. 

Ermənistan ordusunda yağışdan qorunmaq üçün istifadə edilən çadır-plaş çatışmır.

Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün "Facebook" səhifəsində etiraf edib ki, aktiv fəaliyyət zamanı plaş-çadır islanır, növbəti növbətçiliyədək isə onlar qurumur: "Biz artıq bir neçə gündür bu vəsaitin sayının artırılması və ordunun təchizatındakı başqa bu kimi çatışmazlıqların aradan qaldırılması ilə məşğuluq".

Ermənistan KİV-i istefada olan general, parlamentin deputatı, "Yerkrapa" Könüllülər Birliyinin İdarə Heyətinin sədri Manvel Qriqoryanın da böyük məbləğdə varidat sahibi olduğu haqda məlumatlar yayıb.

Beləliklə, baş verənlər bir daha bunları təsdiqləyir:

- Ermənistan adlı bir dövlət mövcud deyil;

- Başqaları yardım etməzsə, ermənilərin Azərbaycan torpaqlarını işğal altında saxlamağa qüdrəti çatmaz;

- Dağlıq Qarabağdakı ermənilər xarici qüvvələrin və Ermənistandakı "hakimiyyət"in girovudur;

- Azərbaycan vətəndaşı olan həmin ermənilərdən xarici qüvvələr və rəsmi Yerevan bölgədə öz hikkə və maraqlarını təmin etmək üçün alət kimi istifadə edir;

- Serj Sarqsyan generalları işdən azad edib, onlar barəsində cinayət işi qaldırmaqla hakimiyyətinin ömrünü uzatmağa çalışır, bununla da sudan quru çıxmağa səy göstərir, başqa sözlə, həbs edilən və işdən qovulan yüksək rütbəli zabitlər "günah keçisi"dir;

- Ermənistanda hazırda iqtidarda olanlar bununla ölkədə islahat apardıqları görüntüsü yaradırlar;

- Serj Sarqsyan onun hakimiyyəti üçün problem yaradanları aradan götürür;

- Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olub, Ermənistanda hakimiyyətdə təmsil olunanların xərclənməsi mərhələsi başlayır, yaxud Sarqsyan öz yerlilərini satır və s.

Son xəbərlər

Orphus sistemi