Fransa uğursuzluqlar ağuşunda: Makronun fransızlardan üzr istəyəcəyi gün yaxındadır - ŞƏRH

Fransa uğursuzluqlar ağuşunda: Makronun fransızlardan üzr istəyəcəyi gün yaxındadır - ŞƏRH BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycana qarşı qətnamə və yaxud qərar qəbul etdirmək istəyi növbəti dəfə fiasko ilə üzləşib. Düzdür, məsələnin ali orqanda müzakirəsi ədalətsiz olsa da, hər halda fövqəldövlətlərin erməni-fransız fitnəkarlığına uymaması
Analitika
17 Avqust , 2023 16:58
Fransa uğursuzluqlar ağuşunda: Makronun fransızlardan üzr istəyəcəyi gün yaxındadır - ŞƏRH

BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycana qarşı qətnamə və yaxud qərar qəbul etdirmək istəyi növbəti dəfə fiasko ilə üzləşib. Düzdür, məsələnin ali orqanda müzakirəsi ədalətsiz olsa da, hər halda fövqəldövlətlərin erməni-fransız fitnəkarlığına uymaması da mühüm nəticə hesab edilə bilər. Bu fiasko Fransa xarici siyasəti üçün çox ciddi uğursuzluq, bu ölkə diplomatiyasının məğlubiyyəti deməkdir. Prezident Emmanuel Makron hakimiyyəti son illər Afrikadan tutmuş, dünyanın bir çox ölkələrində üzləşdiyi uğursuzluqların sırasına daha birini də əlavə edə bilər. Prezidentlik müddətində ölkənin daxili problemlərlə məşğul olmaq əvəzinə, Afrikadan tutmuş Cənubi Qafqaza qədər suları bulandırmaq siyasəti əks effekt verir və proses davam edəcək.

Göründüyü kimi, bu ölkənin rəhbərliyi xarici siyasət sahəsindəki səs-küylü uğursuzluqlardan hələ də heç bir nəticə çıxarmayıb. BMT TŞ-də son müzakirənin yekunu onun Cənubi Qafqazda olub-qalan son nüfuzunu da itirməsi anlamına gəlir. Ermənidən çox erməni olmaq missiyasını üzərinə götürən Makron hökuməti yenidən diqqətini Afrikaya və digər keçmiş müstəmləkələrə yönəltməli olacaq. Oralarda isə vəziyyət, necə deyərlər, "ruscadır". Etirazlar, çevriliş və narazılıqlar pik həddə çatıb. Fransa üçün onların fəlakəti həm də ondadır ki, ölkə ən böyük gəlirlərini itirmək təhlükəsini yaşayır. Nigerdə hərbi çevrilişdən sonra yaşananlar göstərir ki, Afrikanı yenidən kolonial bir rejimin məngənəsinə salmaq uğrunda mübarizə gedir – Fransa da bu mübarizədə mövqelərini itirmək üzrədir. Afrika ölkələrini çoxdan istismar edən Fransa Nigerin və digər Afrika ölkələrinin zəngin təbii sərvətlərini uzun müddətdir ki, mənimsəyir. Təhlükə o həddə çatıb ki, Fransanın Afrikada mövqelərini itirməsini Fransa Senatının 94 deputatı Makron hökumətinə ultimativ formada çatdırıb. Bildiriblər ki, “Afrikadakı mövqeləri itirmək olmaz, bu, yolverilməzdir”.

Senatorların fikrincə, bir sıra Afrika ölkələri - Niger, Mali, Mərkəzi Afrika Respublikası, Burkina Faso Fransanın siyasi, hərbi və iqtisadi təsirindən imtina edib. Parlamentarilər vurğulayıblar ki, Fil Dişi Sahili Respublikası, Seneqal kimi Fransaya yaxın sayılan ölkələrdə Fransaya qarşı kütləvi aksiyalar keçirilir. Bundan başqa, Parisin Əlcəzair, Mərakeş və Tunislə də mürəkkəb münasibətləri var. Dünənki Fransa Afrikası hərbi Rusiya Afrikası, iqtisadi Çin Afrikası və diplomatik Amerika Afrikası ilə əvəzlənir. İngilis dilinin artan populyarlığı ilə əlaqədar olaraq qitədə fransız dilinin rolunun tədricən azalması da vurğulanır.

Deputatlar hesab ediblər ki, Makron hökumətinin Afrikaya baxışına və onun Parislə əlaqələrinə yenidən baxılması zəruridir. Amma deyəsən deputatlar məktubu yazmaqda gecikiblər. İndi elə bir vəziyyət yaranıb ki, Afrika ölkələri Fransanın roluna və onun qitədəki mövcudluğuna getdikcə daha çox meydan oxuyur. Adamı sadəcə heyrətə gətirən XVII-XIX əsrə aid olan müstəmləkə təfəkkürünün, düşüncəsinin ali rəhbərlikdən tutmuş qanunverici orqan üzvlərində qalmasıdır. Əsrlər boyu Afrika ölkələrinə məşəqqət yaşadıblar, təzyiq altında saxlayaraq inkişaflarını boğublar – Fransa da bu çirkin siyasətdə ilk yerdə qərarlaşıb. Onun Afrika ölkələrini müasir sivilizasiyaya daşımaq niyyətləri heç zaman olmayıb, olmayacaq da. Əgər Fransanın belə bir hədəfi olsaydı, 150 illik müstəmləkə dövründə Niger inkişaf etmiş ölkəyə çevrilərdi. Niger və digər Afrika ölkələri demokratik mühitdən, sivil idarəetmədən və inkişafdan uzaq qalıblar.

Bəs, Fransa uğursuzluğunu etiraf edəcəkmi? Makron vətəndaşları qarşısında diz çöküb üzr istəyəcəkmi? Praktika göstərir ki, Qərb ölkələri heç vaxt öz məğlubiyyət və uğursuzluqlarını etiraf etməyib. Vyetnamı xatırlayaq. Axı, amerikalılar heç vaxt orada məğlub olduqlarını etiraf etməyiblər. Əfqanıstan da buna bariz nümunədir. Oradan qaçmaq qoşunların çıxarılması kimi qələmə verildi.

Əksər müşahidəçilər hesab edir ki, Afrika Fransanın təsirindən çıxsa, o zaman Avropada ən əhəmiyyətsiz dövlətə çevriləcək. Çünki Fransaya gələn resursların böyük hissəsi məhz Afrikadan gəlir. Fransa keçmiş müstəmləkələrin praktiki olaraq pulsuz resursları hesabına bunu həyata keçirir. Özü də vəhşicəsinə bunu edir.

Afrika ölkələri ilə bağlı siyasət ABŞ-ın Latın Amerikasına qarşı apardığı siyasətlə nəticə etibarilə oxşardır. Yerlərdəki milli elitanın istənilən “tumurcuqları” hərbi çevrilişlər dalğası ilə məhv edildi və yalnız əhalinin fransızlar qədər nifrət etdiyi kompradorlar qaldı. Əgər Fransa güclü və özünə güvənən bir dövlət olaraq qalsaydı, bir az daha bic olub, yerli elita və əhali ilə işləməyə diqqət yetirsəydi, sonuncunun birincinin hakimiyyəti ilə barışması çox asan olardı. Belə olan halda yaradılmış neokolonial sistem daha bir neçə nəsil davam edəcək, küləyin ilk əsməsindən dağılmayacaqdı. Bəli, əgər hərbi əməliyyat başlasa, Fransa tez bir zamanda son təsir rıçaqlarını itirəcək və milyonlarla qaçqın, dini və qəbilə faktorları ilə bölgədə hamıya qarşı müharibə alovlanacaq.

Reallıq odur ki, yüz illərdir Afrikada mövcud olan, Avropa İttifaqının aparıcı dövləti sayılan Fransanın çöküşü, uğursuzluğu davam edir. Müstəmləkələrdən və təsiri altında olan dövlətlərdən qovulmasının növbəti dalğası baş verir. Onun dünya gücü kimi səhnədən gedəcəyi gün də uzaqda deyil. Dünya ictimaiyyəti özünü “demokratiya mərkəzi” olaraq sırımağa çalışan Fransanın iflasına tarixi şahidlik edir.

Son xəbərlər

Orphus sistemi