Fransa Qafqazı “barıt çəlləyi”nə çevirməyə çalışır - ŞƏRH

Fransa Qafqazı “barıt çəlləyi”nə çevirməyə çalışır - ŞƏRH Fransa Ermənistana yüz milyonlarla dollar məbləğində silah-sursat verməklə Cənubi Qafqazı Suriyaya, Ukraynaya çevirmək kimi təhlükəli planını reallaşdırmağa çalışır. Riyakarlıq, ikiüzlülük bununla kifayətlənmir. Yaxın Şərqdə İsraillə-HƏMAS arasında sülh t
Analitika
25 Oktyabr , 2023 16:49
Fransa Qafqazı “barıt çəlləyi”nə çevirməyə çalışır - ŞƏRH

Fransa Ermənistana yüz milyonlarla dollar məbləğində silah-sursat verməklə Cənubi Qafqazı Suriyaya, Ukraynaya çevirmək kimi təhlükəli planını reallaşdırmağa çalışır. Yaxın Şərqdə İsraillə-HƏMAS arasında sülh təşəbbüsü ilə çıxış edən Fransa prezidenti Emmanuel Makron digər bir regionda Ermənistanı sürətli silahlandırmaqla onu yeni müharibəyə sövq edir. Bölgəyə silah-sursat göndərən rəsmi Paris yeni münaqişələr üçün zəmin yaradır. Halbuki, Azərbaycan bölgədə sülh təşəbbüsləri ilə çıxış edir, separatizmə son qoyur.

Ermənistana gəldikdə, bir tərəfdən sülhü təmin etmək barədə danışır, digər tərəfdən Fransanın Qafqaza müdaxiləsinə şərait yaradır. Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransada həmkarı Sebastyan Lekornla görüşü və müdafiə sahəsində əməkdaşlığa dair imzalanan saziş ən çox müzakirə olunan məsələlər sırasındadır. Bəlli olduğu kimi, Paris Ermənistanla birgə hərbi təlimlərlə kifayətlənmir, eyni zamanda bu ölkəyə müxtəlif texnikalar, o cümlədən zenit-raket kompleksləri verir. Söhbət ümumi məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdən gedir.

Fransanın Ermənistanı ən müasir silahlarla təchiz etməsinin, onu revanşist addımlar atmağa sövq etməsinin arxasında çox çirkin hədəflər gizlənir. Hətta iş o yerə çatıb ki, Rusiya mediası belə Fransanın Cənubi Qafqazda aktivləşməsinin səbəblərinin arxasında təhlükəli məqamların gizləndiyini etiraf edir. Məsələn, nüfuzlu “İzvestiya” yazır ki, bu səbəblər sırasında ilk yerdə Fransadakı erməni diasporunun güclü mövqeyi (500 minə yaxın etnik erməni yaşayır - müəl.), Fransanın Afrikada keçmiş koloniyalarından biabırcasına qovulması və s. faktorlar var. Sözsüz ki, Parisi özündən çıxaran mühüm cəhətlərdən biri də Rusiyanın qara qitədə aktivliyinin artmasıdır. Məsələn, Fransanın əsas gəlir mənbəyi hesab olunan Nigerdə son etirazlar zamanı Fransa bayraqları ayaqlar altına atılıb, əvəzində də Rusiya bayraqları qaldırılıb. Niger də bu məsələdə tək deyil, məsələn, analoji hal Qabonda da təkrarlanıb. Fransa isə Rusiyadan qisasını Ermənistanda çıxmağa çalışır.

Fransanın Rusiyanı Cənubi Qafqazda əvəz edə biləcəyinə gəldikdə, bu, gözlənilən deyil. Rusiyanın Ermənistanda hərbi bazasının olması, İrəvanın Avrasiya İqtisadi İttifaqına üzv olması kimi faktorlar var. Bu faktorlar da Ermənistanın mövcudluğunun əsasıdır. Bəs Fransa əvəzində nə vəd edə bilər? Silah-sursatmı? Rusiyalı politoloq Artur Atayevin bu xüsusda səsləndirdiyi fikirlər maraqlıdır. O hesab edir ki, Fransa Cənubi Qafqazın problemlərini həll etməyə hazırlaşmır: “Nə tarixi ənənə, nə siyasi iradə var. Əvəzində biz bilirik ki, Avropa İttifaqı və ABŞ dağıtmağı, hər hansı bir səyi məhv etməyi yaxşı bacarırlar. Mən hesab edirəm ki, hazırkı durumda Paris regionda imic qazanmağa çalışır. Hər şey də bununla məhdudlaşır”.

Burada başqa, bir maraqlı məqam da var; Qərb, xüsusən də NATO və ABŞ Türkiyəni Rusiyadan silah almasına görə sanksiyalarla hədələdiyi halda, analoji addımı Fransaya qarşı həyata keçirmir. İş o yerə çatıb ki, hətta amerikalı ekspertlər belə dilə gəlib. Fransanın Ermənistanı silahla təchiz etməsinə Birləşmiş Ştatların xarici siyasət üzrə eksperti Brenda Şafferin sərt reaksiyası bu mənada maraq doğurur. Onun sözlərinə görə, NATO üzvləri Türkiyənin Rusiya istehsallı S-400 hava hücumundan müdafiə raketlərini almasından hiddətləndiklərini bildirdilər. Lakin NATO və ABŞ Alyans üzvü olan Fransanın Ermənistana hava hücumundan müdafiə vasitələri verməsinə qarşı çıxmır, narazılıqlarını ifadə etmir. Halbuki, Ermənistan Rusiyanın himayəsi ilə qurulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Önəmli olan odur ki, Ermənistanda Fransa ilə imzalanan silah sövdələşməsinin heç də ölkənin rifahına gətirib çıxarmayacağını düşünənlərin sayı artır. Məsələn, politoloq Suren Surenyants erməni mediasına açıqlamasında erməni-fransız silah sövdələşməsi ətrafında qaldırılan səs-küyü başa düşmədiyini bildirib. Onun qənaətincə, bunun effektiv verəcəyini gözləmir: “Ermənistanın Fransadan alacağı GM200 radiolokasiya sistemləri kəşfiyyat xarakterli olub, məhdud imkanlara malikdir. Bu sövdələşmə özlüyündə təhlükələri də ehtiva edir. Mən bilmirəm bu silahlar nə vaxt Ermənistana çatacaq, bizim müdafiə qabiliyyətini necə artıracaq”.

Beləliklə, Ermənistan Fransanın əlində oyuncağa çevrilib. Fransa və Rusiyanın arasında qalan Ermənistan qul psixologiyasından əl çəkə bilmir. Təqdir olunası hal odur ki, tək Azərbaycan deyil, regional dövlətlər - İran və Rusiya da açıq şəkildə Qərbin Ermənistan üzərindən bölgəyə gəlməsinə etiraz edir. Ermənistan isə yenə də kiməsə ümid edir, vaxtilə işğal etdiyi torpaqları təkrar geri qaytaracağına ümid edir. Anlamır ki, (daha dəqiq ifadə etsək, anlamağa qoymurlar-müəl.) Fransa, eləcə də, bəzi Qərb dövlətləri onu şirnikləndirib növbəti fəlakətə sürükləyir. Növbəti cəhd isə onun bir dövlət kimi yer üzündən silinməsi ilə nəticələnə bilər.

Son xəbərlər

Orphus sistemi