FİFA və UEFA Superliqaya qarşı - kommersiyalaşan futbol - ŞƏRH

FİFA və UEFA Superliqaya qarşı - kommersiyalaşan futbol - ŞƏRH Deməli, futbolun mahiyyəti dəyişməyə başlayıb
Analitika
192
20 Aprel , 2021 15:54
FİFA və UEFA Superliqaya qarşı - kommersiyalaşan futbol - ŞƏRH

İdman oyunları arasında ən populyarı futboldur. Son illər bu sahədə xeyli qalmaqalların şahidi oluruq. Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Zepp Blatterlə başlayan qarşıdurmada başqa mətləblər də aşkarlandı. Qeyd edək ki, İsveçrə müstəntiqləri onun Dünya Kubokunun yayım hüququ müqaviləsini qanunsuz olaraq pozduğunu və bunun FİFA-ya milyonlarla dollara başa gələcəyini müəyyənləşdirib. Başqa bir polis hesabatında Blatterin FİFA-dakı prezidentliyini qorumaqdan ötrü seçki dəstəyi almaq üçün açıq-aşkar mənfəət və hədiyyə kimi yollardan istifadə etdiyi də məlum olub. Nəticədə 84 yaşlı Blatterə 2021-ci ilin oktyabrına qədər futbol qadağası qoyulub. O, məsələyə şərh verməkdən imtina və uzun müddət pozuntulara yol verdiyini rədd edib.

Əslində baş vermiş neqativ hadisənin yalnız Blatterlə bağlı olduğunu düşünmək sadəlövhlük olardı. Ehtimal etmək olar ki, keçmiş prezident maliyyəçı olduğu üçün futbola da kommersiya kimi baxıb. Ona görə də Blatterin prezidentliyi dövründə bu idman oyununun hədəfi sanki dəyişdi. Futbol oyunları sağlamlığın təbliğatından çox klubların və komandaların daha çox qazanmasını başlıca məqsəd olaraq seçdi. Bundan sonra Avropa klublarının büdcəsi dövlətlərin büdcələrindən çox oldu. Oyunçular 10 milyonlarla dollara və ya avroya satıldı. Az qala 200 milyon dollarlıq futbolçular yetişdi və s.

Deməli, futbolun mahiyyəti dəyişməyə başlayıb. Bu kütləvi idman oyunu bazara, onun şərtlərinə oynamağa başlayıb. Qızğın futbol azarkeşləri yaranmış vəziyyəti anlamağa çalışırlar. Futbola nə oldu? Bundan sonra sevdikləri klubların oyunlarını seyr edə bilməyəcəklər? Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib. “Real Madrid"in prezidenti Florentino Peres Superliqaya prezident, "Yuventus"dan Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezident seçiliblər. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. Oyunların qaydaları da müəyyənləşib. İki qrupda hər birində 10 komanda qarşılaşacaq. Onlar evdə və qonaq meydanında iki oyun keçirəcək. Hər qrupdan 3 klub 1/4 finalda oynayacaq. 4-cü və 5-ci komandalar öz aralarında qarşılaşıb dah iki 4/1 finalçını müəyyən edəcək. 4/1 və yarımfinal oyunları iki qarşılaşmadan ibarət olacaq. Final mayın sonunda tərəfsiz stadionda keçiriləcək. İnfrastruktur, investisiya planlarını dəstəkləmək və koronavirus pandemiyasının təsirini aradan qaldırmaq üçün təsisçilərin təxminən 3,5 milyard avro alacağı bildirilib. Superliqada klublara həmrəylik ödənişlərinin Çempionlar Liqasında əldə etdikləri gəlirləri xeyli üstələyəcəyi gözlənilir. Həmin məbləğ 10 milyard avrodan çox olacaq. Çempionlar Liqasının mükafat fondu isə təxminən 2 milyard avrodur.

Göründüyü kimi, yeni liqa yeni mövsümdə çıxış etməyə hazırdır. Bu isə onların bu prosesə çoxdan hazırlaşdıqlarını deməyə əsas verir. Hələ neçə il qabaq bu məsələ ideya kimi ekspertlər səviyyəsində müzakirə olunurdu. Onada belə layihənin baş tutacağı xəyal kimi görünürdü. Ancaq ideya artıq reallaşmaq üzrədir.

UEFA və FIFA bu turnirin əleyhinə çıxıb. FIFA prezidenti Canni İnfantino deyib: “Biz Superliqanı əsla dəstəkləyə bilmərik, bu şübhəsizdir. Superliqa müvafiq institutlardan, liqalardan, UEFA və FIFA-dan qopmuş qapalı mağazadır. UEFA-nı tam dəstəkləyirik”. O bildirib ki, məqsədi və hədəfi Avropanın idman modelini, klub yarışlarını və milli komandaları müdafiə etməkdir. UEFA-ya üzv olan bütün 55 milli assosiasiya Avropa Super Liqasının yaradılmasına qarşı çıxıb. Dünya liderlərinin də yeni ideyaya münasibəti birmənalı deyil. Böyük Britaniyanın baş naziri Boris Conson klubların azarkeşləri qarşısında məsuliyyət daşıdığını bildirib. Fransa prezidenti Emmanuel Makron isə PSJ-nin liqada olmamasından təəssüflənib. O deyib ki, bu plan idman nailiyyətləri və həmrəylik prinsiplərini təhlükə altına ala bilər. Bu da onu deməyə əsas verir ki, liderlər bu ideyanı birmənalı şəkildə nə pisləmir. nə də təqdir etmirlər. Bu da heç şübhəsiz daha çox seçkilərə hesablanıb. Çünki yeni liqanın oyunlarını hamının izləyib-izləməyəcəyi hələlik tam dəqiqləşməyib. Çünki bu, onların oyunların yayımını satacağı qiymətdən asılıdır.

Beləliklə, futbol idman yarışmasından çox kommersiyalaşır. Bir zamanlar başqa idman oyunları ilə də bağlı oxşar hadisələr baş verib. Hokkeydə peşəkarları dünya çempionatına buraxmırdılar. Yaxud boksda peşəkar döyüşçülər dünya, olimpiada oyunlarında qarşılaşa bilmirdi. Son zamanlar qaydasız döyüş idman növü də yaranıb. Əvvəllər bu da qadağan edilmişdi. Hətta bu idman növü ilə məşğul olanlar cinayətə cəlb olunurdu. Böyük tennis çoxdan kommersiya mahiyyəti alıb. İndi bu və başqa idman oyunları peşəkarlaşaraq həm oyunu, həm də çoxlu pul qazanmağı qarşısına məqsəd qoyub. Yəni “dostluq qalib gəlsin”, “dostluq qazansın” şüarları keçmişdə qalır. Kommersiyalaşan və peşəkarlaşan idman oyunları artıq “sağlam bədəndə sağlam ruh olar” prinsipinə xidmət etmir. İndi prinsip dəyişir: “Yaxşı oyna, çox qazan”. Odur ki, Avropa Super Liqası da sağlamlığı təbliğə deyil, daha çox pul qazanmağa və qazandığını başqası ilə bölüşməməyə hesablanmış layihədir. Nəhayət, futbol bazarına yeni layihə gəlib. Bazar isə tələb-təklif, rəqabət üzərində fəaliyyət göstərir. Ona görə də FİFA və UEFA-nın ASL-a qarşılaşmasında oyunçu aparsın.

Son xəbərlər

Orphus sistemi