​Ermənilər haqda uydurmalar puç olur - onlar Dağlıq Qarabağdan da qaçır - ŞƏRH

​Ermənilər haqda uydurmalar puç olur - onlar Dağlıq Qarabağdan da qaçır - ŞƏRH Ermənilərin buralardan qaçması Dağlıq Qarabağ torpaqlarının bu etnik qrupla heç bir əlaqəsi olmadığını bir daha sübuta yetirir
Analitika
6 Aprel , 2016 15:07
​Ermənilər haqda uydurmalar puç olur - onlar Dağlıq Qarabağdan da qaçır - ŞƏRH

Bakı. 6 aprel. REPORT.AZ/ Dağlıq Qarabağda 4 günlük döyüşdə erməni silahlılarının hərbçilərinin döyüş hazırlığı və ruh yüksəkliyinin aşağı olduğu da göründü. Heç şübhəsiz, bir müddət sonra Ermənistan əhalisi özünə belə sualla müraciət edəcək: "Bizim oğullarımız Azərbaycan torpaqlarında niyə və kimin üçün ölür?". Onda həm Ermənistandakı hakimiyyətin, həm də ermənilərdən öz məqsədləri üçün istifadə edənlərin sonunun başlanğıcı olacaq.

Erməni silahlıları arasında mənəvi aşınmaya dair bəzi faktlara nəzər salaq.

Ermənistan ordusu zabitlərinin Dağlıq Qarabağdakı silahlılarla davranışı da erməni hərbçiləri barədə yaradılan mifin əsassız olduğunu təsdiqləyib.

"Report"un xəbərinə görə, ötən ay erməni KİV-i və sosial şəbəkə istifadəçilərinin yaydığı faktlar bunu təsdiqləməkdədir. Erməni silahlıları arasında nizam-intizam, mənəvi tərbiyə haqda yaradılan hayküyün də boşboğazlıq olduğunu təsdiqləyən həmin hadisələrdən də bir neçəsini diqqətinizə çatdırırıq:

- Ermənistandan hərbi xidmətə çağırılan zabit Levon adlı taqım komandiri içki məclisində Qarabağda xidmətin dözülməzliyi mövzusunda mübahisə zamanı yerli erməniləri və kürd əsilli hərbçini təhqir etdiyi üçün kütləvi dava düşüb. Nəticədə bir neçə nəfər xəsarət alaraq tibb məntəqəsinə çatdırılıb. Levonun isə burnu sınıb və o, Xankəndindəki hərbi hospitala yerləşdirilib. Faktla bağlı Yerevandan gələn təhqiqat qrupu araşdırma aparıb.

- Marelyan soyadlı hərbçi tərəfindən amansızcasına döyülən Arman Rambelyan ağır vəziyyətdə tibb məntəqəsinə çatdırılıb.

- İşğal olunmuş Dağlıq Qarabağdan olan erməni komandiri Xron Qulyan tərəfindən şəxsi heyət qarşısında döyülən Ermənistandan çağırılan Yerem adlı hərbi qulluqçunun da səhhətində ciddi problemlər aşkar edilib.

- Albert Saakyan adlı əsgər Qarabağ erməniləri tərəfindən təhqirlər ucbatından altı yerdən damarlarını kəsməklə intihara cəhd göstərib.

- Digər iki nəfər - kəşfiyyatçı Arkadi Matevosyan və əsgər Levon Akopcanyan da xidmətin ağırlığına və təhqirlərə dözməyərək xidmət yerlərini özbaşına tərk ediblər.

- Daha bir fakt isə martın 14-də Noyemberyan rayonu ərazisindəki mövqelərdən birində erməni əsgərin ölümüdür. Aravot.am saytının yaydığı xəbərə görə, əsgər özünəqəsd nəticəsində dünyasını dəyişib. Amma ölüm hadisəsi çox sadə səbəbdən baş verib - yemək zamanı bir banka qablaşdırılmış əti əsgərlər və komandirlər arasında bölə bilmədikləri üçün təhqirlərdən bezən əsgər avtomat silahı ilə özünə atəş açıb.

Ermənistan ordusunda vəziyyət hətta o yerə çatıb ki, qorxudan erməni hərbçiləri tez-tez cəbhə xəttinin sağ və sol cinahlarında olan öz mövqelərini də atəşə tuturlar. Belə hadisələr zamanı ölüm və yaralanma faktları da gizlədilir.

Son günlərdə Ermənistanda əsgər analarının etiraz aksiyaları da bu ölkənin ordusunun vəziyyətini və əsgərlərə münasibəti əks etdirir. Əsgər anaları oğullarının orduda ölümünün səbəbinin araşdırılmasını və günahkarların cəzalandırılmasını bir neçə ildir tələb edirlər. Ancaq onların bu tələblərinə hələ də məhəl qoyan yoxdur.

Ermənistan əhalisində inamsızlığa dair faktı isə erməni ictimaiyyətinin fəalları söyləyir.

Ötən ilin sentyabrında xanımı Karina Martirosyan övladı ilə birlikdə ölkəsindən qaçıb, Azərbaycana sığınan Ermənistan vətəndaşı, Ermənistanın "Milli Azadlıq Hərəkatı" İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Vaan Martirosyanın dediklərini də yada salaq.

O, Bakıda mətbuat üçün açıqlamasında bunları da demişdi:

"- Suriya ermənilərinin bir hissəsindən qruplar yaradılaraq Qarabağ cəbhəsinə göndərilib. Mən özüm bir neçə dəfə Qarabağda olmuşam və onları öz gözlərimlə görmüşəm;

- Ermənistanda bu gün heç kim döyüşmək istəmir;

- Ermənistan ordusu acınacaqlı vəziyyətdədir. Hətta Ermənistan Afrikanın hər hansı bir dövlətinin ordusuna cavab vermək iqtidarında deyil. Gənclərin 90 fazində vətənpərvərlik ruhu yoxdur. Bir çoxları hərbi xidmətdən yayınmağa çalışır;

- Azərbaycan-Ermənistan sərhədi açılarsa, Ermənistandan Azərbaycana qaçqın axını Yaxın Şərq və Afrikadan Avropaya mühacir axını kimi olacaq".

4 günlük döyüşdən sonra ölkə əhalisinin kütləvi şəkildə ölkədən qaçması erməni cəmiyyətinin əhval-ruhiyyəsinin göstəricisi də sayıla bilər.

Ermənistan KİV-i Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Yerevan ofisinə istinadən bildirib ki, ilkin hesablamalara görə, 3 minə yaxın erməni Dağlıq Qarabağ münaqişəsi zonasındakı gərginlik səbəbindən təmas xəttindəki ərazilərdən qaçıblar.

Ermənistan rəsmiləri vətəndaşlarında ruh yüksəkliyini qaldırmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Onlar iddia edirlər ki, Rusiya onlara yardım etmir, təkbaşına döyüşürlər və s.

Son günlər baş verənlər bir daha təsdiqlədi ki, Ermənistan, ermənilər haqda ruh yüksəkliyi və başqa mənəvi-psixoloji hallar barədə yaradılıb, Azərbaycan və bölgə ictimaiyyətinə sırınan fikirlər puç və cəfəngiyyat imiş. Elə işğal altında olan Azərbaycan ərazilərinə yerləşdirilən ermənilərin buralardan qaçması Dağlıq Qarabağ torpaqlarının bu etnik qrupla heç bir əlaqəsi olmadığını bir daha sübuta yetirir. 

Son xəbərlər

Orphus sistemi