​Erməni iddiaları: Azərbaycan torpaqlarının işğal faktını gizlətmə cəhdi - ŞƏRH

​Erməni iddiaları: Azərbaycan torpaqlarının işğal faktını gizlətmə cəhdi - ŞƏRH Ermənilərin hədyanlarını yayan və onları dinləyənlər Azərbaycanın ərazisinin BMT tərəfindən tanındığını da bilirlər
Analitika
13 Aprel , 2016 13:42
​Erməni iddiaları: Azərbaycan torpaqlarının işğal faktını gizlətmə cəhdi - ŞƏRH

Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 2-5-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində atəşkəsin ermənilər tərəfdən pozulması nəticəsində baş vermiş döyüşdə verdikləri itkiləri Ermənistan rəsmiləri müxtəlif vasitələrdən istifadə edərək, gizlətməyə çalışırlar.

Bu məqsədlə onlar müxtəlif xarici KİV-də Azərbaycana qarşı təbliğat aparır, şəhidlərimizin sayı barədə fantastik rəqəmlər açıqlamaqdan belə çəkinmirlər. Ancaq şəhidlərimizin dəfn mərasimi Azərbaycan ictimaiyyətinin iştirakı ilə keçirildiyindən onların sayının gizlədilməsi də mümkün deyil.

Ermənistan Müdafiə Nazirliyi isə həmin döyüşdə itirdiyi silahlılar barədə hər gün yeni siyahı təqdim edir.

Erməni KİV-in məlumatına görə, təmas xəttində vəziyyətin kəskinləşməsi nəticəsində Ermənistan tərəfinin itkiləri rəsmi açıqlanan rəqəmlərdən dəfələrlə çoxdur. Onların yaydığı xəbərə əsasən, öldürülmuş erməni hərbçilərinin sayı 300-dən çoxdur.

"Son günlərdə baş verən döyüşlərin nəticəsində Ermənistan tərəfindən 29 nəfərin ölməsi, 28 nəfərin itkin düşməsi, eləcə də 14 tank, 4 PDM-in məhv edilməsi barədə rəsmi bəyanat yayılıb. Əlbəttə, ölkə rəhbərliyi arzuladıqlarını reallıq kimi təqdim etməklə siyasi sabitliyi və ölkədəki hakimiyyəti qorumağa çalışır. Amma məntiqli düşünsək, xeyli sual yaranır. Məsələn, zirehli texnikaların ekipajları (hər birində azı 3 nəfər), artilleriya qurğularına cavabdeh olanlar və ön cəbhədə olan şəxsi heyət hara yoxa çıxıb? Bu kimi suallar real rəqəmlər haqqında düşünməyə vadar edir", - deyə Ermənistan KİV-i yazıb.

Ötən gün Ermənistanın "panarmenia" və "Novosti Armeniya" saytlarında ermənilərin itkiləri barədə iki müxtəlif məlumat yayılıb. Bu özlüyündə rəsmi Yerevanın itkiləri barədə məlumatı dünya və ölkə ictimaiyyətindən gizlətmək cəhdlərindəndir. Yaxud ölkə rəsmilərinin bununla bağlı hələ də vahid bir rəqəm müəyyənləşdirə bilmədiklərinin göstəricisi sayıla bilər.

Ermənistan mətbuatı ölkə Müdafiə Nazirliyinə qarşı sərt tələblə çıxış etməkdədir: "Azərbaycan Müdafiə Nazirliyi öz itkiləri haqda açıqlama ilə çıxış etdi. Biz də öz itkilərimiz haqda dəqiq məlumat əldə etmək istəyirik. Ancaq əlimizdə olan məlumatlar tam deyil. Erməni jurnalistləri tibb mərkəzlərindən, kilsələrdən, təsadüfi şahidlərdən məlumat almaq məcburiyyətindədir. Hadisə şahidləri isə dəhşətli şeylər danışır: yaralıları daşımaq üçün helikopterlərin kifayət etmədiyi, yaralıların avtobillərlə daşındığı, qardaşlarımızın yolda öldüyü, xəstəxanaların yaralıları qəbul etmək üçün kifayət qədər həkimi və dərmanları olmadığı bildirilir.

Ermənistanın Müdafiə Nazirliyi niyə rəsmi açıqlama vermir? Yoxdur. Kabinet siçovulları ağızlarına su alıblar".

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, razılıq əldə ediləndən sonra düşmən tərəfi həlak olan hərbçiləri barədə mütəmadi olaraq məlumatlar verməklə Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırmağa cəhd göstərir: "Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azərbaycan tərəfi tam riayət edir.

Qarşı tərəfin itkilər barədə davamlı məlumatlar verməsinin iki səbəbi ola bilər. Onlar ya gizlədə bilmədikləri əsgər meyitlərini bir-bir ortalığa çıxarmağa məcbur qalıblar, ya da cəbhədə bir neçə gün davam edən döyüş toqquşmaları, gərginlik nəticəsində düşmən ordusunda yaranmış hərc-mərclik, intizamsızlıq və psixoloji stresslər ucbatından baş verən ölüm hallarının sayı artıb".

Ermənistanın başqa bir iddiası isə Azərbaycan hərbçilərinin işğal altında olan torpaqlarını azad etmək üçün istifadə etdiyi texnika ilə bağlıdır.

Bununla erməni rəsmiləri, onları təbliğ edən KİV və havadarları bununla özlərini çox gülünc vəziyyətə salıb. Axı, rəsmi Bakı torpaqlarını nəyin bahasına olursa, olsun azad edəcəyini heç vaxt gizlətməyib. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə də tərəfdar olduğunu dəfələrlə bəyan edib.

Bəs, belə bir halda ermənilər nə istəyir? Onlar Azərbaycan torpaqlarını işğal altında saxladıqlarını niyə demir? Erməni tərəfi işğal faktını, Azərbaycanın ərazilərinin azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini dünya ictimaiyyətinin diqqətindən yayındırmağa çalışır. Ona görə də Azərbaycanın döyüşdə verdiyi itkilər haqda ağlasığmaz rəqəmlər, istifadə etdiyi hərbi texnika ilə bağlı yersiz iddialar açıqlayır.

Fakt isə budur - Ermənilər Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğal edib və o torpaqları azad edərək, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün hüquqi, qanuni, siyasi, tarixi, mənəvi və maddi haqqı var. Ermənilərin hədyanlarını yayan və onları dinləyənlər Azərbaycanın ərazisinin BMT tərəfindən tanındığını da bilirlər. 

Son xəbərlər

Orphus sistemi