Fransanın hakim zümrəsində erməni sevgisi tükənmir. Ölkədəki çoxmilyonluq erməni lobbisi, elektorat, maliyyə hakimiyyət, vəzifəyə can atan istənilən şəxsi özünə cəlb edir. Hər seçki yaxınlaşdıqca da "erməni kartı"ndan geniş istifadə olunması artıq ənənəyə çevrilib. Sonra da, necə deyərlər, istifadə olunub bir kənara atılırlar. Qarabağa "humanitar yük" şousunu da bu "istifadənin" tərkib hissəsi adlandırmaq olar.
Prezident Emmanuel Makronun ölkənin üzləşdiyi çoxsaylı problemləri bir kənara ataraq Qarabağda bir qrup separatçıya dəstək nümayişi də bura daxildir. Daxili və xarici uğursuzluqlar belə bu “sevgini” unutdurmağa qoymur, o, hər vəchlə məsələni gündəmdə saxlamağa çalışır. Fransa prezidentindən tutmuş deputatlara, şəhər merlərinə kimi erməni lobbisindən yemlənən zümrə Qarabağda bir ovuc separatçı üçün əldən gedirlər. Bu ünsürlər unudurlar ki, hər halda 30 il Azərbaycanla Ermənistan arasında sülhün yaranması üçün yaradılan ATƏT-in Minsk qrupuna həmsədrlik etmiş dövlətin nümayəndəlidirlər. Riyakar, ikiüzlü siyasətlərini davam etdirməklə yanaşı, reinteqrasiyanın baş tutmaması üçün var gücləri ilə çalışırlar.
Prezident Emmanuel Makronun çirkin kampaniyasına qoşulanlar arasında nə qədər qəribə və təəccüblü səslənsə də, Parisin 62 yaşlı meri Ann İdalqo da var. Görünür, yenə də prezident seçkilərinə qatılmağa hazırlaşır. Anlayır ki, qalib gəlmək üçün erməni icması ona müəyyən maddi və mənəvi dəstək verə bilər. İdalqonun həyasızlığı o həddə çatıb ki, hətta separatçıların lideri Araik Arutyunyana zəng edir, “hərtərəfli yardımlar” belə təklif edir. Dünən də Zəngəzura gəlib, separatçıların lideri Araik Arutyunyanla onlayn mətbuat konfransı keçirib, Azərbaycana qarşı hədyanlar yağdırıb. Bu da təəccüblü deyil. Belə ki, onun müavinlərindən biri - Anuş Toronyan ermənidir. Fransadakı erməni təşkilatlarının koordinasiya şurasının rəhbəri Ara Toronyanın qızıdır. İdalqo hələ 2015-2018-ci illərdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb, Fransa ermənilərinin təşkil etdiyi tədbirlərdə iştirakı qaçırmır. Qondarma erməni soyqırımı ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ilə də ad çıxarıb. Yəni, Fransa hakimiyyətinin qatı ermənipərəst siyasətinin ən fəal təbliğatçısıdır.
Yeri gəlmişkən, Azərbaycan XİN Paris şəhərinin meri Ann İdalqonun səfəri ilə bağlı bu ölkənin Bakıdakı səfiri Ann Buayonu Xarici İşlər Nazirliyinə çağırılıb. Mer daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında “Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası səfirə təqdim edilib.
Birmənalı şəkildə deyə bilərik ki, qadını İrəvana və Azərbaycanla sərhədə gətirən sözsüz ki, seçkilərdir. O, böyük ehtimalla Fransa tarixinə ilk qadın prezident kimi düşməyə ümid edir.
Lakin 2014-cü ildən Parisə rəhbərlik edən bu xanım mer ziddiyyətli fəaliyyəti ilə seçilir.
Ermənipərəst mövqeyini bir kənara qoyub, onun mer kimi fəaliyyətinə nəzər salaq. Məhz yarıtmaz fəaliyyətinin nəticəsidir ki, Paris bu gün Avropanın ən qeyri sabit, islamofob, ekoloji problemlərin baş alıb getdiyi şəhərə çevrilib. Dünya və yerli media dəfələrlə şəhərdə tullantıların toplanıb qalması, pis qoxu yaranması və gəmiricilərin artması barədə reportajlar hazırlayıb. Dəfələrlə tullantıların yaratdığı vəziyyətdən bezən sakinlər şəhər meriyasının tədbir görməsini tələb etsələr də, çağırışları cavabsız qalıb. Çünki, merləri şəhərin problemləri maraqlandırmır. Min kilometrlərlə kənardakı bir qrup Xankəndi ermənisi ona daha “əzizdir”.
Parisdə olan turistlərin səfər təəssüratlarına nəzər salaq. Onlar üçün paytaxt böyük zibil qabını xatırladır. Tullantılarla bağlı vəziyyəti Parisətrafı qəsəbələrdəki üç zavodun işləməməsi, zibillərin çeşidlənməmiş yandırılması daha da ağırlaşdırır. Mer cavabında hansı tədbiri görür? "Siçovullarla birlikdə yaşamaq" üzrə işçi qrup yaradır. Bu xanım da gələcəkdə Fransa prezidenti olmaq istəyir. “İndiki şəhər əsl zibil yığnağıdır. Şəhər meri nə danışdığını bilmir. Parisi merinə mənim adımdan deyin ki, psixiatra getsin. O, xəstə adamdır”, - deyə turistlərdən biri mer haqqında deyib. Əksəriyyət şəhərdə dövlət xidmətləri sferasının deqradasiyaya uğradığını xüsusi vurğulayır. “Xankəndi sevdalısı”nın cavabı da maraqlıdır. Bəyan edib ki, bu şəhərdə 3 milyona yaxın insan yaşayır və hər gün təmizlik işləri aparmaq böyük işdir.
Sual olunur, görəsən nədən mer aclıq və səfalət içində çapalayan Fransanın keçmiş müstəmləkələrinə səfər etmir? Nədir, bəlkə onlar ermənilərdən əskik xalqdırlar? Axı bugünkü vəziyyətlərinin günahkarı, məhrumiyyətləri Fransaya görədir.
Mer uğursuz mer olmaqla yanaşı, həm də uğursuz siyasətçi kimi də məşhurdur. Onun Ukrayna ilə bağlı vaxtilə söylədiyi fikirlər hələ də gündəmdir. “Le Fiqaro”nun səhifələrində onu rişxənd edir, lağa qoyurlar. Məsələn, Ukraynadakı münaqişənin kökü barədə sualın cavabında bildirib ki, müharibə faydalı qazıntılar səbəbindən başlayıb. “Bu, çox axmaq bəyanatdır. Paris meri sadəcə geosiyasətdən baş çıxarmır”, - deyə qəzet səhifələrində dərc olunan şərhlərdən birində bildirilib. Xanım geosiyasətlə məşğul olmaq əvəzinə, Parisdəki siçovullar problemi ilə məşğul olsa yaxşı olardı. Onun səviyyəsi budur. Çox güman ki, növbəti gülünc bəyanatı da Qarabağa bağlı olacaq. Günlərin birində desə ki, Qarabağda heç zaman azərbaycanlı olmayıb, təəccüblü olmaz.