Bu ilin yazında yenə Afrikada diktatorların xəzanı oldu. Aprelin 2-də etiraz aksiyaları nəticəsində 20 il Əlcəzairdə prezident olmuş Əbdüləziz Buteflika istefa verdi. Əlcəzair Milli Assambleyası ölkənin Millət Şurasının sədri Əbdülqadir bin Salehi müvəqqəti prezident seçdi. O, yaxın 90 gün ərzində prezident səlahiyyətlərini icra edəcək. Əbdülqadir bin Saleh 1941-ci il noyabrın 24-də Əlcəzairin Fellausen şəhərində doğulub. 1997-2002-ci illərdə Milli Assambleyanın sədri olub. 2002-ci ildən Millət Şurasının sədridir. Bununla belə, Əlcəzairdə Buteflikanın devrilməsinə nail olan hərəkat hələ davam edir. Ötən gün Əlcəzairdə yüzlərlə vətəndaş parlamentin Yuxarı palatasının (Millət Şurası) sədri Əbdülqadir bin Salehin müvəqqəti prezident kimi təsdiq edilməsinə etiraz aksiyası keçirib. Parlamentdə deputatların əksəriyyəti onun bu vəzifəyə təyin olunmasına qarşı çıxıblar. Qeyd edək ki, Ə.Buteflika 1999-cu il aprelin 28-dən 2019-cu il aprelin 2-dək ölkəyə rəhbərlik edib. Bir neçə ildir xəstəlikdən əziyyət çəkən 82 yaşlı Buteflika yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyirdi. Onun bu qərarı ölkədə böyük narazılığa və etiraz aksiyalarına səbəb olmuşdu. Nəticədə Buteflika istefa verdi.
Bu arada aprelin 11-də Sudanda ötən ilin dekabrında çörəyin qiymətinin bahalaşmasına qarşı keçirilən aksiyalar 1989-cu ildən ölkəni idarə edən Ömər əl-Bəşirin devrilməsi ilə nəticələndi. Silahlı Qüvvələr onun 30 illik hakimiyyətinə son qoydular. Ömər əl-Bəşirin hazırda ev dustaqlığında olduğu bildirilir. Ətrafı və hökumət üzvləri, habelə hakim siyasi partiyanın rəhbərliyinin də tutulduğu barədə məlumat yayılıb. Sudanın müdafiə naziri və vitse-prezident Avad ibn Auf ölkənin idarə edilməsinə nəzarət edəcək müvəqqəti hərbi şuranın başçısı kimi and içib. Sudan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Kamal Abdul Maaruf isə onun müavini olub. Hər iki ölkədə hakimiyyət 2011-ci ilin ərəb baharından yayınmağa nail olmuşdu. Bunu onlara möhlət kimi də dəyərləndirmək olar. Çünki bu inqilab Tunis, Misir, Liviya və Yəməndə on illərlə hakimiyyətdə olan dövlət başçılarının devrilməsi ilə nəticələndi. Siyasi məhbuslar azad edildi. Əlcəzairdə 19 illik fövqəladə vəziyyət rejimi ləğv edildi. İordaniya kralı etirazların qarşısını Baş nazir və hökuməti istefaya göndərməklə ala bilmədi.
Halbuki Ömar əl-Bəşir 2015-ci ildə keçiriləcək seçkilərdə namizəd olmayacağını elan etməklə vəziyyəti yumşaltmağa çalışmışdı. Oman sultanı Kabus bin Seyid maaşları 2 dəfə artırmaq, hökumətin bəzi üzvlərini istefaya göndərmək, hökumətin tərkibini yeniləmək və parlamentin səlahiyyətini artırmaqla vəziyyətdən çıxmışdı. Səudiyyə Ərəbistanının kralı islahatlar keçirəcəyini vəd etməklə hakimiyyətini devirəcək dalğanın qarısını almağa nail olmuşdu. Suriyada başlayan etiraz aksiyaları hədəflərinə nail olmayıb. Əksinə, ölkəni dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi ilə üz-üzə qoyub. İraqda baş nazir Nuri əl-Maliki növbəti seçkilərdə namizəd olmayacağını elan etdi, bəzi əyalətlərin başçıları istefa verdi. Cibutidə aksiyaçılar dövlət binalarını tutmağa nail olsalar da, bir müddət sonra müxalifət liderləri həbs edildi, beynəlxalq müşahidə qrupu ölkədən qovuldu. Mərakeş kralı xalqa bəzi iqtisadi imtiyazlar verdi. Rüşvətxorluğun qarşısının alınması üçün sərt tədbirlər keçirilməsi barədə qərar qəbul olundu, bir çox məmur həbs edildi, konstitusiyalı monarxiya yaradıldı. Bəhreyndə kral bəzi islahatlar həyata keçirdi, siyasi məhbusların hamısını azad etdi, nazirlərin bəziləri həbs olundu. Livan, Mavritaniyada da etiraz aksiyaları keçirildi. "Ərəb baharı"nın dalğası İrana keçsə də, elə ciddi uğur əldə olunmadı. Əksinə, hakimiyyət aksiyaçıları həbs etdi, təqibləri sərtləşdirdi. Deməli, hələ bu dalğanın davamı olacağını ehtimal etmək mümkündür. Ərəb ölkələrində hakimiyyət və ya rejim dəyişiklikləri qaçılmazdır. Hətta jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib yox edilməsi Krallıqda da ciddi dəyişikliklərin baş verməsinə səbəb ola bilərdi. Lakin bu qətlin layihə olmadığı görünür. Eyni zamanda qatilin sifarişçisinin məlum olduğu deyilsə də, beynəlxalq ictimaiyyət ona qarşı heç bir sanksiya tətbiq etmədi.
Görünür, Sudan və Əlcəzairdə prezidentlərin etiraz aksiyaları nəticəsində devrilməsi indi mümkün olub. Hər iki halda dövlət başçılarının istefası hakim komandanın parçalanması nəticəsində baş tutub. Bəs Afrikada nə baş verir? Niyə orada inqilablar və hakimiyyət dəyişiklikləri tez-tez olur? Bu qitə və ya materik təbii sərvətlərlə zəngindir. Eyni zamanda Afrikanın əhalisi ən gəncdir. Bu qitə uzun illər müstəmləkə əraziləri olub. Onların geyinməsində belə əsas rolu emissarlar oynayıb. Elə həmin emissarların qurduqları dövlətlərdə uzun illərdir sabitlik olmur. Tez-tez silahlı toqquşmalar, hakimiyyət dəyişiklikləri baş verir. Son zamanlar isə İslam adı altında oralarda terror təşkilatlarının fəaliyyət göstərdiyi və törtədikləri hadisələrlə bağlı xəbərlər yayılır.
Ümumiyyətlə, SSRİ-nin süqutu Afrikanın yenidən maraq və nüfuz dairəsinə bölünməsinə səbəb olub. Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib. Həmin il yanvarın 6-da SSRİ ilə bu ölkə arasında diplomatik münasibət qurulub. 1970-ci illərdə bu əlaqələr pozulsa da, 1985-ci ildəki dövlət çevrilişindən sonra yenidən bərpa edilməyə başlayıb. 1991-ci ildə Sudan Rusiyanı SSRİ-nin qanuni varisi olduğunu rəsmi şəkildə tanıyıb. Moskva ilə Xartum arasında münasibət ötən illər ərzində inkişaf edib. Bu ölkə 2014-cü il martın 27-də
Əslində, Sudan çox qarışıq yerdir. Bu ölkənin cənub hissəsi neft və təbii qazla zəngindir. Ötən illər ərzində Sudanın təbii sərvətləri uğrunda mübarizə gedib. 20 ildən artıq davam edən vətəndaş müharibəsi nəticəsində 2011-ci il iyulun 9-da Sudan iki yerə - Cənubi və Şimali Sudana bölünüb. Nəticədə kabohidratlarla zəngin yerlər Cənubi Sudanda qalıb. Neft kəməri isə paytaxtı Xartum olan Şimali Sudanın ərazisindən keçir. Cuba Cənubi Sudanın paytaxtı elan olunub.
Beləliklə, Ömər əl-Bəşirin devrilməsi ilə ölkəsinin müstəqilliyinin tarixində böyük bir dövr başa çatmış olur. Bundan sonra əsas diqqətin sudanlılar arasında əlaqə və münasibətlərə yönələcəyi istisna edilmir. Çünki tərəflər arasında münasibətin normallaşması və münaqişənin başa çatması şimal və cənubun inkişafına xidmət edə bilər. Ancaq Sudanda bəzi siyasilər aprelin 11-də baş verən hərbi çevrilişə ehtiyatla yanaşırlar. Bunu 1989-cu ildə baş vermiş hadisələrin davamı kimi qiymətləndirirlər. Həmin tarixdə Ömər əl-Bəşir hakimiyyətə gəlmişdi. Ancaq son 8 ildə Afrikanın şimalında baş verənlər deməyə əsas verir ki, hadisələr keçmiş SSRİ ilə daha çox əməkdaşlıq edən ölkələrdə hakimiyyət dəyişiklikləri olur. Son illər Rusiyanın Suriya və İraqdakı fəaliyyətinin perspektivdə həmin ərazilərə də keçəcəyi ehtimalı az deyil. Başqa sözlə, Suriyada Bəşşar əl-Əsədin hakimiyyətdə qalmasının əsas səbəbkarının Kreml olduğunu deyirlər. Oxşar hadisələrin başqa ərəb dövlətlərində baş verəcəyi istisna edilmir.
Nəhayət, "Ərəb baharı"nın dalğası 8 ildən sonra Əlcəzair və Sudanda hakimiyyət dəyişikliyinə nail oldu. Bir müdət sonra bu baharın küləyinin Səudiyyə Ərəbistanında əsməyəcəyinə təminat yoxdur. Düzdür, Krallığın vəliəhdi, şahzadə Məhəmməd ibn Salman adından bir sıra islahatlar həyata keçirilir. Ancaq jurnaist Camal Qaşıqçının qətlə yetirilməsi bu prosesin kosmetik olduğunu təsdiqlədi. Ona görə də Afrikanın şimalına yaxın olan ərazilərə bahar yelinin gələcəyi çox da uzaqda deyil. “Ərəb baharı” davam edir.