Ekspertlər: "Ermənistan tərəfi Kazan prosesinin əsaslarını, sülh danışıqlarına inamı alt-üst etdi" - RƏY

Ekspertlər: "Ermənistan tərəfi Kazan prosesinin əsaslarını, sülh danışıqlarına inamı alt-üst etdi" - RƏY "Azərbaycan hələ də danışıqlar masasındadır, amma masada qarşı tərəf yoxdur"
Analitika
27 Aprel , 2016 17:50
Ekspertlər: Ermənistan tərəfi Kazan prosesinin əsaslarını, sülh danışıqlarına inamı alt-üst etdi - RƏY

Bakı. 27 aprel. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyanın "Bloomberg" verdiyi müsahibəni şərh edən ekspertlər hesab edir ki, Ermənistan tərəfi Kazan prosesinin əsaslarını, sülh danışıqlarına inamı alt-üst etdi və artıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün "yol xəritəsi" hazırlamaq lazımdır.

"Ermənistan aprel hadisələrində Azərbaycandan yaxşı dərs aldı, erməni əsgərlər güc-bəlayla qaçıb canını qurtardı, işğal olunmuş torpaqların bir hissəsinə nəzarəti itirdi. Görünür, onlar indi ictimaiyyəti yanıltmağa çalışır və açıq-aydın yalanla məşğuldurlar. Belə ki, Kazan görüşü zamanı qəbul edilmiş qərarlar yenilənmiş Madrid prinsipləri əsasında idi", - deyə politoloq Fikrət Sadıxov "Report"a açıqlamasında bildirib.

Politoloq Azərbaycan diplomatiyasının dünyanın aparıcı dövlətləri - ABŞ, Rusiya, eləcə də beynəlxalq təşkilatların münaqişənin həlli məsələsində Ermənistanın inadkar mövqeyinə diqqətini çəkməsi, Azərbaycanın heç bir halda torpaqlarının işğal altında olmasıyla barışmadığını, aprel hadisələrinin göstərdiyi kimi, öz ərazilərini nəyin bahasına olursa olsun, düşmən tapdağından azad edəcəyini onların nəzərinə çatdırması üçün bu istiqamətdə fəallaşmasının zəruriliyini qeyd edib.

Öz növbəsində, politoloq Tofiq Abbasov Serj Sarqsyan və onun komandasının artıq uzun müddətdir danışıqlar prosesində olmadığını söyləyib.

O, Ermənistanın sülh prosesinə sadiqliyini sübut etməli olduğunu xüsusi vurğulayıb. "İş ondadır ki, Ermənistan münaqişənin tərəfi kimi sülh prosesinə tamamilə hazır deyil və bütün gücü və hərəkətləri ilə bunu təsdiqləyir. Çünki sülh, danışıqlar istəyən və kompromisə getməyə hazır olan ölkə öz hərəkətləri ilə bunun həqiqətən belə olmasını təsdiq etməlidir", - deyə politoloq bildirib.

Ekspert Ermənistan tərəfinin Kazan prosesinin əsaslarını, sülh danışıqlarına inamı alt-üst etdiyini vurğulayıb: "Ermənilərin kompromisə getməməklə bağlı qəti istəyi faktiki olaraq rəsmi Yerevanın üç ölkənin - Azərbaycan, Ermənistan və Rusiyanın prezidentlərinin üçtərəfli formatda keçirdiyi onlarla görüşün dəyərini sıfıra endirdiyini göstərir".

Onun sözlərinə görə, Ermənistan prezidentinin "Bloomberg" agentliyinə müsahibəsində səsləndirdiyi sözləri bir daha onun Dağlıq Qarabağ münaqişəsində müharibə partiyasının ən qızğın və aydın nümayəndəsi olduğunu təsdiq edib.

T.Abbasov qeyd edib ki, Azərbaycan hələ də danışıqlar masasındadır, amma masada qarşı tərəf yoxdur. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkünlüyü barədə danışan ekspert sülh prosesinin yenidən başlaması üçün heç bir əsas görmədiyini vurğulayıb. Eyni zamanda, politoloq tərəflərin gec-tez danışıqlar prosesinə geri dönəcəyini bildirib. O, "müharibələr fəaliyyət meydanlarında başlayır, danışıqlar masası ətrafında barışıq əldə olunmasıyla sona çatır" deyib.

Rusiyalı hərbi politoloq, G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev isə hesab edir ki, rəsmi Yerevan müharibə istəmir, çox güman, onlara baş verənləri anlamaq üçün fasilə lazımdır.

Hərbi ekspert S.Sarqsyanın "Bloomberg" agentliyinə müsahibəsində rəsmi Yerevanın mövqeyinin - yaranmış vəziyyətin status-kvo halında saxlanılması ideyalarının göründüyünü bildirib. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ münaqişəsinin həllinin gedişatı barədə danışmaq çox tezdir.

"Dağlıq Qarabağ münaqişəsinin uzun illər davam etməsinə baxmayaraq, əslində, hər şey hələ yenicə başlayır. Çünki bu gün baş verənlər göstərir ki, son 23 ildə münaqişənin həlli ilə bağlı proses faktiki olaraq bir addım belə irəli getməyib", - deyə dosent qeyd edib.

Ekspert Dağlıq Qarabağ münaqişəsinin həlli üçün "yol xəritəsi"nin yaradılmasının zəruriliyini qeyd edib. "Qarşılıqlı, bir daha qeyd edirəm, qarşılıqlı kompromis olmadan, münaqişənin nizamlanmasının hər hansı variantı yoxdur, müharibə isə əbədi davam edə bilər", - deyən A.Perenciyev güzəştlərin eyni anda, bərabər əhəmiyyətli və razılaşdırılmış olmasının zəruriliyini bildirib.

Onun fikrincə, müharibə nə Azərbaycana, nə Ermənistana, nə də Rusiyaya hər hansı dividend gətirməyəcək. "Lakin Cənubi Qafqazda müharibə yanğınının olmasını, bununla da öz əllərini isidib Rusiyanı zəiflətmək, maliyyə və imic kapitalını artırmaq istəyənlər var", - deyə ekspert fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi