Ekspertlər: "ABŞ siyasətini proqnozlaşdırılan və adekvat formaya dəyişməlidir" - RƏY

Ekspertlər: "ABŞ siyasətini proqnozlaşdırılan və adekvat formaya dəyişməlidir" - RƏY "ABŞ-ın reabilitasiya yolu mövqeyini dəyişməkdən keçir"
Analitika
11 Noyabr , 2016 14:20
Ekspertlər: ABŞ siyasətini proqnozlaşdırılan və adekvat formaya dəyişməlidir - RƏY

Bakı. 10 noyabr. REPORT.AZ/ "ABŞ qüvvələrini yenidən qruplaşdırmalı, siyasətini proqnozlaşdırılan və adekvat formaya dəyişməlidir."

Bunu "Report"a müsahibəsində ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini şərh edən ekspertlər bildiriblər.

"Gözəl deyim var: ABŞ ilə savaşmaq çətindir, amma onunla dostluq eləmək daha çətindir. Bu deyim güclü fiqur, aktyor, ölkə ilə münasibət qurmağın necə çətin olduğunu göstərir. Güclü hüququndan istifadə edərək ABŞ çoxlu qeyri-adi addımlar atır, mövcud reallıqlara uyğun olmayan qərarlar qəbul edir", - deyə "Report"a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.

Ekspert nümunə kimi, Dağılıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti göstərib: "Bilirik ki, demokratlar bütün əvvəlki vaxtda açıq-aydın ermənipərəst mövqe tutub və bu işdə ABŞ-dakı erməni təşkilatlarının iştirakı görünürdü. Hətta ABŞ-ı ATƏT-in Minsk qrupunda təmsil edən Ceyms Uorlik də erməni diasporu, Yerevan tərəfə müəyyən pərəstiş göstərməkdən çəkinmir. Bütün bunlar deməyə əsas verir ki, onların bu münasibəti Azərbaycanı ABŞ-a lazım olanda geri çəkilməyə məcbur etmək kimi qızğın trend yaradır. Ağ Evin yeni sahibi isə problemə yeni mövqelərdən baxmalı olacaq, yanaşmasını bərabərlik prinsipi əsasında tətbiq edəcək."

Onun sözlərinə görə, ABŞ dünya arenasında daha layiqli, ağıllı davranmaq üçün böyük güc imicini bərpa etməlidir.

"Reabilitasiya yolu onların öz mövqelərini dəyişməsindən keçir" - ekspert vurğulayıb.

ABŞ-ın Yaxın Şərq siyasəti mövzusuna toxunan politoloq bu siyasətin hərəkətsizlik və uğursuzluqlarla zəngin olduğunu qeyd edib.

"Heç bir münaqişə - nə ölü nöqtədən tərpədilə bilinməyən Fələstin-İsrail münaqişəsi, nə Vaşinqtonun İraqda təşkil etdiyi İŞİD terror qruplaşmasına qarşı səs-küylü kampaniya çərçivəsində mübarizə, nə də amerikalıların terrorçularla yox, qanuni şəkildə seçilmiş hökumətlə mübarizə apardığı Suriya münaqişəsi həllini tapmayıb. Diplomatik təsərrüfatda hər şeyi qaydaya salmaq üçün ona yeni nəfəs vermək, prosesə alternativ fəaliyyət planları olan yeni simalar, şəxslər cəlb etmək lazımdır. Bu olmasa, həll edilməmiş problemlərin yükü artmaqda davam edəcək. Bu isə ümumi asayişin pozulmasına gətirib çıxara bilər" - T.Abbasov söyləyib.

Rusiya-ABŞ münasibətlərindən danışan politoloq Rusiyanın öz sözü, çəkisi, fikri olan güclü ölkə olduğunu bildirib.

"Moskva və Vaşinqtonun maraqları toqquşursa, bundan yalnız bu dövlətlər yox, digər ölkələr, o cümlədən Azərbaycan əziyyət çəkir. Ölkəmiz həm ABŞ-ın, həm də Rusiyanın tərəfdaşıdır. Biz postsovet məkanının subyektiyik və bu ölkələrin münasibətlərinin qaydasında olmasını, iki nəhəngin münasibətlərinə aydınlıq gətirdiyi zaman üçüncü tərəfin maraqlarını qurban verməməsini istəyirik" - o deyib.

Onun sözlərinə görə, amerikalıların Donald Trampa səs verməsi onların özlərinin də ölkənin həm daxili, həm də xarici siyasətindən yorulduğunu göstərir.

Öz növbəsində, qırğızıstanlı politoloq, siyasi elmlər namizədi Sergey Kojemyakin Donald Trampın qələbəsindən sonra ABŞ-ın xarici siyasətində fundamental dəyişiklik görmədiyini deyib.

Ekspertin fikrincə, ABŞ-ın hakimiyyət sistemi yalnız prezidentdən ibarət deyil.

"Postsovet ölkələrinin əksəriyyətindən fərqli olaraq, orada qanunvericilik və məhkəmə orqanları həqiqi təsir qüvvəsinə malikdir və onlar dövlət başçısına klassik tarazlıq təşkil edirlər. Eyni zamanda, böyük biznes, o cümlədən hökumət vasitəsilə öz maraqlarına lobbiçilik edən hərbi-sənaye kompleksi əhəmiyyətli rol oynayır" - S.Kojemyakin bildirib.

O vurğulayıb ki, hətta D.Tramp ABŞ siyasətini əsrlər boyu mövcud olan özüllərini dağıtmağı qarşısına məqsəd qoysaydı belə, həmin tarazlıq qüvvələri onun hərəkətlərini tarazlayardı.

"ABŞ-ın yeni prezidenti çətin ki, ciddi dəyişikliklər etsin. O cümlədən də xarici siyasətdə. Məncə, bir çox jurnalistlərin və ekspertlərin namizəd Trampın çıxışları əsasında prezident Trampı mühakimə etməsi yanlışdır. Başqa bir yanlış isə Trampın təşviqat baqajında bir-birinə təzadlı fikirlərdən "lazım olanlar"ı seçməkdir" - politoloq vurğulayıb.

Onun sözlərinə görə, seçkiqabağı kampaniya mərhələsində Trampın yeganə məqsədi Hillari Klinton və demokratlara maksimum zərər vurmaq olub: "Bu məqsədlə Ağ Evin Rusiya ilə bağlı mövqeyi tənqid olunurdu. Vladimir Putin güclü oğlan kimi zəif Barak Obamaya nümunə göstərilirdi. Amma bu bəyanatlar elə seçki kampaniyasında qalacaq. ABŞ-ın Moskvaya qarşı siyasətinin dəyiçəcəyinə heç inanmaq olmur, məncə, yenə də sərt siyasət kursu davam edəcək. Rusiyanı öz sərhədləri daxilinə təcrid edib onu geniş sahəyə çıxmasının qarşısını almağa çalışacaqlar. Trampın komandasının heyətinin təhlili bunu deməyə əsas verir. Belə ki, vitse-prezident Mayk Pens klassik ABŞ "qırğı"sıdır. O, kiçik Corc Buş və Barak Obama administrasiyalarının bütün hərbi əməliyyatlarını dəstəkləyib. Elə dövlət katibi postuna əsas namizəd sayılan Nyut Qinqriçi də rusiyameyilli adlandırmaq olmaz".

Yaxın Şərq haqqında danışan politoloq ABŞ-ın D.Trampın rəhbərliyi altında bu regionda strategiyasını dəyişməklə bağlı hansısa ani qərarlar qəbul etməyəcəyini söyləyib: "Vaşinqtonun əsas müttəfiqləri elə İsrail və Səudiyyə Ərəbistanı olaraq qalacaq. ABŞ hökuməti Suriya hökumətinin devirilməsi ideyasından da əl çəkməyəcək. Eyni zamanda, İrana qarşı mövqe daha da sərtləşə bilər. Çünki indi Ağ Ev və Konqresin hər iki palatasına nəzarət edəcək respublikaçılar həmişə bunu tələb edib. Yeni administrasiyanın məqsədi bölgədə təkcə Tehranın yox, həm də Pekin və Moskvanın nüfuzunun artmasının qarşısını almaq olacaq. Bunun üçün müxtəlif səbəblərdən istifadə oluna bilər. Lakin mahiyyəti eyni olaraq qalacaq - ABŞ hegemonluğunun təşviqi və qorunması".

Son xəbərlər

Orphus sistemi