Ekspert: "Paşinyanın açıqladığı "2050 strategiyası" sırf populizmdir" - ŞƏRH

Ekspert: "Paşinyanın açıqladığı "2050 strategiyası" sırf populizmdir" - ŞƏRH Ernənistanın yeni hökuməti ölkə əhalisinidən də, Qarabağdakı separatçılardan da dəstək umur
Analitika
5 Sentyabr , 2019 13:41
Ekspert: Paşinyanın açıqladığı 2050 strategiyası sırf populizmdir - ŞƏRH

"Ermənistan baş naziri Nikol Paşinyanın 2050-ci ilədək strateji hədəfləri açıqlaması sırf populizmdir və iqtisadiyyatdan çox, siyasi amillərdən irəli gəlir".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun əvvəllərində işğal etdikləri Azərbaycan ərazisindəki mitinqdə çıxışı zamanı 2050-ci ilədək qarşıya qoyduqları “strateji hədəflər”dən söhbət açaraq ölkə əhalisinin 5 milyona çatdırılmasının, 1,5 milyon iş yeri yaradılmasının, yoxsulluğa son qoyulmasının, habelə Ermənistanın sənaye ölkəsinə çevrilməsinin, ÜDM-in 15 dəfə, orta əməkhaqqının 7 dəfə artırılmasının, ölkəyə gələn turist sayının 15 milyona çatdırılmasının və s. vacibliyini diqqətə çatdırmışdı.

İqtisadçı Rəşad Həsənov “Report”a bildirib ki, N.Paşinyanın açıqladığı hədəflər xeyli iddialı olsa da, həyata keçiriləcəyi şübhə doğurur: “Erməni dramının ucuzlaşması, hazırkı inflyasiya səviyyəsi, ÜDM-in azalması nəzərə alınsa, onun hədəflədiyi statistik rəqəmlərin gerçəkləşməsi mümkündür, lakin həqiqi artım sürətindən bəhs etsək, Paşinyanın sadaladığı rəqəmlər xam xəyaldır”.

Ekspert Ermənistanın mövcud hökumətinin hələlik tam oturuşmadığı üçün müxtəlif sahələrdə əhalidən dəstək umduğunu dilə gətirib: “Məhz buna görə həmin strategiya hazırlanarkən baş tutması müşkül, sırf populist hədəflər ortaya qoyulub”.

Ümumiyyətlə, N.Paşinyanın açıqladığı hədəflər arasında qarşıdakı 30 il ərzində ÜDM-ni 15 dəfə artırmaq məsələsi daha çox diqqət çəkir. Ermənilər də daxil olmaq şərtilə əksər ekspertlərin fikrincə, hər hansı iqtisadi əsaslara söykənməyən, beynəlxalq təşkilatların proqnozlarında təsdiqini tapmayan bu hədəf gerçəklikdən uzaq xülyadan başqa bir şey deyil.

"Hədəflər ifrat yüksək qoyulduğu üçün iqtisadiyyatdan çox siyasi amillərə əsaslandığı şübhə doğurmur".

Rəşad Həsənov

İqtisadçı-ekspert

Bu gün Ermənistanda adambaşına ÜDM-nin 2500 ABŞ dollara yaxın olduğunu dilə gətirən R.Həsənov bəzi tədqiqatlara görə, ABŞ dollarının da növbəti 30 il ərzində xeyli zəifləyəcəyi nəzərə alınsa, N.Paşinyanın qarşıya qoyduğu 6,6 min dollar hədəfinin əldə olunacağı inandırıcı gələ bilər.

BVF-nin proqnozuna görə, Ermənistanın xarici ticarətində idxalın ixracı üstələməsi getdikcə daha da artacaq ki, bu da ölkənin sosial-iqtisadi inkişafını əngəlləyən başlıca amildir. Belə ki, 2018-ci ilin statistikasına görə, bu ölkənin ixracatında mədən hasilat sənayesinin xammal və yarımfabrikat məhsullarının payı 23 faiz, təbii daş-qaş və digər metalların payı 12,8 faiz, tütün məmulatlarının 11,2 faiz, içkilərin 9,63 faiz olması iqtisadi modelin nə qədər bəsit olmasına, təbii ehtiyatlardan asılılığı azaltmaq üçün açıqlanan hədəflərin daha çox xəyal olduğuna dəlalətdir.

Ermənistanda yaxın illərdə müxtəlif idman yarışları keçirmək, turizm infrastrukturuna sərmayə cəlb etmək yolu ilə ölkəyə gələn turistlərin sayının 15 milyona çatdırılması hədəfinə gəlincə, elə erməni ekspertlərinin hesablamalarına görə, əcnəbi turist axınının 62 faizi xarici ölkələrdə yaşayan ermənilər təşkil edir. Regionun başqa ölkələrilə müqayisədə Ermənistanın turizm baxımdan cəlbedici olmadığını xatırlasaq, bu hədəfin də həyata keçirmə ehtimalının az olduğu aydınlaşır.

İqtisadçının fikrincə, bir sözlə, sözügedən strateji hədəflər daha çox populist mülahizələrlə hazırlanıb: “Hədəflər ifrat yüksək qoyulduğu üçün iqtisadiyyatdan çox, siyasi amillərə əsaslandığı şübhə doğurmur”.

Son xəbərlər

Orphus sistemi