Ekspert: "İranın xarici siyasətini sərtləşdirəcəyi gözlənilir" - ŞƏRH

Ekspert: "İranın xarici siyasətini sərtləşdirəcəyi gözlənilir" - ŞƏRH "Bugünkü hücumlardan sonra İran regionda terror qruplaşmalarına qarşı mübarizəni gücləndirəcək"
Analitika
7 İyun , 2017 17:10
Ekspert: İranın xarici siyasətini sərtləşdirəcəyi gözlənilir - ŞƏRH

Bakı. 7 iyun. REPORT.AZ/ Parlamentə və ayətullah Xomeyninin məqbərəsinə bugünkü hücumlar İranda son illərdə törədilmiş ən böyük terror aktlarındandır.

"Report" xəbər verir ki, bu barədə politoloq İlqar Vəlizadə bildirib.

"Bu, birmənalı olaraq terror aktıdır. Buna qədər İranda belə geniş miqyasda terror hücumu olmamışdı. Terrorçular qarşılarına bir məqsəd qoymuşdu: İranda siyasi sabitliyi pozmaq. İranda ilk dəfə belə açıq-aydın terror qığılcımı göründü. Özü də çox həssas nöqtələrdə - parlamentdə və məqbərədə. Dəst-xətt çox şeydən xəbər verir - bu gün İranda heç bir siyasi qüvvə özünü terrorçuların yanında olduğunu göstərməyəcək" - İ.Vəlizadə vurğulayıb.

Onun sözlərinə görə, baş verənlərdən sonra mövcud hökumətin tənqidçiləri çıxış edəcəklər: "Bu yaxınlarda İranda seçkilər keçirilib. Məğlub tərəf, yəni mühafizəkar qüvvələr hazırkı hökuməti tənqid etməyə başlayacaq. Hesab edirəm ki, baş verənlərə sırf daxili kontekstdə baxılmalıdır."

İranın ətrafında yaranan cari xarici siyasi vəziyyət haqqında danışan İ.Vəlizadə qeyd edib ki, hazırda mürəkkəb proseslər gedir.

"İlk növbədə, ABŞ-ın Yaxın Şərq üzrə yeni xarici siyasət doktrinasını göstərməliyik. Bu siyasətə görə, əsas tənqid hədəfi İrandır. Digər tərəfdən, Fars körfəzinin ərəb dövlətləri İranın siyasətindən narazıdır və ABŞ-ın yeni doktrinası ilə sıx bağlıdır. Nəzəri cəhətdən bu qüvvələr İranda sabitliyi pozmaq məqsədilə terror hücumlarının baş verməsində maraqlı tərəf kimi çıxış edə bilər", - politoloq deyib.

Hadisələrin gələcək inkişafından danışan İ.Vəlizadə çox güman, regional təhlükəsizlik konsepsiyasının yenidən nəzərdən keçiriləcəyini vurğulayıb.

"Bu terror aktı təhlükəsizlik konsepsiyasının transformasiyasında detonator rolunu oynayacaq, xarici oyunçular özlərini fərqli, daha radikal, sərt aparacaq", - o söyləyib.

Ekspert İranın təhlükəsizliyi artırmaq üçün ciddi tədbirlər görəcəyini və hətta, ola bilsin, İranın xarici siyasətinin müəyyən dərəcədə sərtləşəcəyini bildirib: "İranın regionda terror qruplaşmalarına qarşı mübarizəni gücləndirəcəyi gözlənilir."

"Regionda oyun çox sərt olacaq. Qətərə qarşı oyun davam etdiriləcək, vəziyyət spiralvari olacaq. Gərginlik artacaq. Regionda sərt, kəskin addımlar gözləmək olar", - politoloq fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi