Yaponiyalı ekspert: "G20 sammiti ÜTT-də islahatların həyata keçirilməsinin müzakirəsi üçün platforma olacaq"

Yaponiyalı ekspert: "G20 sammiti ÜTT-də islahatların həyata keçirilməsinin müzakirəsi üçün platforma olacaq" Yaponiyanın Osaka şəhərində iyunun 28-29-da keçiriləcək G20 sammiti ABŞ və Çin arasındakı ticarət müharibəsi, Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatların aparılması kimi mühüm beynəlxalq ticari-iqtisadi məsələlərin müzakirəsi üçün platforma olacaq.
Analitika
27 İyun , 2019 12:45
Yaponiyalı ekspert: G20 sammiti ÜTT-də islahatların həyata keçirilməsinin müzakirəsi üçün platforma olacaq

"Yaponiyanın Osaka şəhərində iyunun 28-29-da keçiriləcək G20 sammiti ABŞ və Çin arasındakı ticarət müharibəsi, Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatların aparılması kimi mühüm beynəlxalq ticari-iqtisadi məsələlərin müzakirəsi üçün platforma olacaq".

"Report"un Tokioya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə professor, Yaponiyanın Keyo Universitetinin İqtisadi Tədqiqatlar İnstitutunun Beynəlxalq İqtisadiyyat Mərkəzinin direktoru Fukunari Kimura bildirib.

O hesab edir ki, iki böyük iqtisadiyyatın ticarət müharibəsi nisbətən uzun müddət davam edərsə, bu, ümumilikdə digər ölkələr üçün də heç də yaxşı olmayan nəticələrə gətirib çıxaracaq. Onun sözlərinə görə, iki böyük iqtisadiyyatın döyüşünə digər ölkələrin müdaxilə etməsi olduqca problemlidir.

"Eyni zamanda G20 sammiti dialoq platforması kimi müsbət təsir göstərə bilər. Zirvə görüşü fəal müzakirələr üçün çətin ki, yer olsun, amma sammitdə bu məsələlərin müzakirə olunacağı bir sıra mühüm görüşlər keçiriləcəyini gözləmək olar", - ekspert vurğulayıb.

Onun sözlərinə görə, ABŞ bir sıra ölkələrə qarşı rüsumlar tətbiq etməklə ÜTT qarşısındakı öhdəliklərini pozur, eləcə də ÜTT-nin Apellyasiya Orqanına yeni hakimlərin təyin edilməsinə mane olur.

İştirakçı ölkələrdən gələn bütün şikayətlərə baxılan ÜTT-nin Apelyasiya Orqanında 7 hakim var. Hər il onların bəziləri yenidən seçilməlidir. Hazırda Orqanda ticarət mübahisələrinə baxmaq hüququ olan 7 yox, cəmi 3 hakim var. Bu, hər hansı məhkəmə işini nəzərdən keçirmək zəruri olan minimal kvorumdur. Eyni zamanda, bu 3 hakimdən 2-nin səlahiyyət müddəti bu il başa çatacaq. Beləliklə, yeni hakimlər seçilməzsə, 2020-ci ilin əvvəlində ÜTT-də mübahisəli halların araşdırılması tamamilə dayandırıla bilər.

Ekspert bildirib ki, ən pis ssenarinin həyata keçməsi halında mübahisəli məsələlərin həllinə cavabdeh olan ÜTT strukturunun işinin bu cür bloklanması ümumilikdə təşkilatın gələcək fəaliyyətini sual altına salır.

Onun sözlərinə görə, ÜTT dünya ticarətində bir növ zəmanətdir, məsələn, tariflərin müəyyən edilməsi məsələsində və ÜTT-nin olmaması daha çox inkişaf etməkdə olan ölkələr tərəfindən hiss olunacaq: "ÜTT-ni saxlamaqla sistemi qoruyacağıq. Hazırda vəziyyət son dərəcə təhlükəlidir. ABŞ ÜTT-dən, onun mübahisələrin həlli üzrə strukturundan istifadə edən ölkələrdən biridir".

Son xəbərlər

Orphus sistemi