Yuxarı
    Bağlamaq

    Ekspert: "Azərbaycan qondarma "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində kiberhücumlara məruz qala bilər" - ŞƏRH

    Azərbaycan 24/7 formatında gecə-gündüz bu cür kibertəhlükələrə daim və müntəzəm şəkildə ​reaksiya verməlidir

    Bakı. 16 aprel. REPORT.AZ/ "Azərbaycan zamanla ayaqlaşmalı və kibertəhlükələrə qarşı qabaqlayıcı tədbirlər həyata keçirməyi bacarmalıdır" Bunu "Report"a Azərbaycan İnternet Forumunun (AİF) sədri Osman Gündüz bildirib. 

    "Kibertəhlükəsizliyin təmin olunması məsələsi Azərbaycan üçün çox vacibdir. Azərbaycanda Dövlət Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərir. Həmin agentlik bilavasitə bununla məşğul olur və bu istiqamətdə tədbirlər görür", - O.Gündüz vurğulayıb. 

    Konkret təhlükələrə toxunan ekspert hesab edir ki, aprel ayına təsadüf edən qondarma "erməni soyqırımı"nın 100 illiyi və iyun ayında keçiriləcək I Avropa Oyunları ərəfəsində Azərbaycan kiberhücumlara məruz qala bilər.

    Onun fikrincə, bu gün dövlətin kibertəhlükəsizliyin təmin olunması istiqamətində gördüyü tədbirlər kifayət etmir. 

    "Bu sahədə yaranan problemləri müşahidə edirik, saytlar hücumlara məruz qalır, onlar məhv edilir və ya işləri ləngidilir. Bu da müxtəlif strukturların və müəssisələrin fəaliyyətinə təsir edir", - forumun rəhbəri deyib. 

    Ekspert vurğulayıb ki, bu gün kibertəhlükələrə qarşı mübarizə məsələsində nəyəsə arxayın olmaq mümkün deyil. O əlavə edib ki, bu gün kiberhücumlar peşəkar səviyyədə həyata keçirilir və bir çox dövlətlər, maliyyə qurumları və siyasi qruplar öz tərkiblərində digər dövlətlərə və strukturlara qarşı istifadə etmək məqsədilə xüsusi xaker qrupları saxlayır. 

    "Hər gün yeni texnika, yeni proqramlar yaradılır. Bu nöqteyi-nəzərdən dövlət zamanla ayaqlaşmağı bacarmalıdır. Düşünürəm ki, dövlət strukturları gecə-gündüz bu cür kibertəhlükələrə  mütəşəkkil şəkildə reaksiya verməlidir", - O.Gündüz qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi