Ekspert: "1918-ci il hadisələri Azərbaycan əhalisinin məhv edilməsi planının bir hissəsi idi"

Ekspert: "1918-ci il hadisələri Azərbaycan əhalisinin məhv edilməsi planının bir hissəsi idi" Azərbaycanlıların soyqırımı 20 minlik erməni silahlı qruplaşması tərəfindən həyata keçirilib
Analitika
31 Mart , 2015 19:58
Ekspert: 1918-ci il hadisələri Azərbaycan əhalisinin məhv edilməsi planının bir hissəsi idi

Bakı. 31 mart. REPORT.AZ/ Ermənilər Qafqazda azərbaycanlıların məhv edilməsi layihəsi çərçivəsində regiona nəzarət etmək üçün bir neçə muxtariyyət və ya dövlət qurumu yaratmaq niyyətində olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı Rizvan Hüseynov 31 mart 1918-ci il hadisələrini şərh edərkən bildirib. 

"Qeyd edim ki, bu, Qafqazın müsəlman, türk, o cümlədən azərbaycanlı əhalisinin məhv edilməsi planının bir hissəsi idi. Bir sıra Avropa ölkələri, o cümlədən o zamanlar bolşevik Rusiyası tərəfindən dəstəklənən bu layihə çərçivəsində bir neçə erməni muxtariyyəti və ya dövlət qurumunun yaradılması nəzərdə tutulurdu.  Həmin qurumlar vasitəsilə regiona, ilk növbədə neftlə zəngin Bakıya və Xəzəryanı bölgələrə nəzarət olunmalı idi", - R.Hüseynov deyib. 

O qeyd edib ki, azərbaycanlıların qırğını I Dünya müharibəsində Avropa ölkələri və Rusiyanın yardımı ilə Osmanlı Türkiyəsinə qarşı Qafqaz cəbhəsində döyüşən 20 minlik erməni silahlı qruplaşması tərəfindən həyata keçirilib.

"Bu müharibənin yekununda Türkiyə daşnak rəhbərlərinin və erməni  kilsəsinin iddia etdiyi ərazilərin bir hissəsini qoruya bildi. Bu böyük qruplaşmalar Azərbaycanda geniş səlahiyyətlərə malik Bakı komissarı Şaumyanın vasitəsilə I Dünya müharibəsi cəbhəsindən Qafqaza, Azərbaycana göndərilib, baxmayaraq ki, bu insanların bizim ölkəmizə heç bir aidiyyəti yoxdur", - tarixçi qeyd edib.

Onun sözlərinə görə, ilk öncə Türkiyə erməniləri Türküstanda, yəni Mərkəzi Asiyada vəhşiliklər törədiblər. Burada bu dəstələr çoxsaylı dinc əhalini qətlə yetirib, qadın və uşaqlara işgəncə verib, cəsədləri təhqir ediblər. 

Bundan sonra həmin eşalon Azərbaycana qayıdıb, yerli ermənilərlə birgə Azərbaycanda - istər Cənubi, istərsə də Şimali Azərbaycanda, o cümlədən İrəvan quberniyası, Gəncə, Quba, Salyan, Şamaxı, Dərbənddə həmin vəhşilikləri törədiblər", - R.Hüseynov vurğulayıb. 

O, erməni millətçilərinin 1918-ci ildə və Qarabağ müharibəsi zamanı törətdikləri vəhşiliklər arasında müqayisələr aparıb. 

"Bunların hamısı göstərir ki, dünyada və regionda ciddi siyasi kataklizmlər və müharibələr baş verir, erməni diasporu dünyanın aparıcı ölkələrinin dəstəyi ilə müsəlman, türk əhalisinə qarşı vəhşiliklər törədir. Yəni regionda ölkənin sərhədlərini dəyişdirən istənilən ciddi kataklizmin erməni millətçilərinin əli ilə müsəlman, türk əhalisinin qırğınına başlamaq üçün istifadə olunmasını nəzərə almaq, buna hazır olmaq lazımdır. Buna hazır olmaq və bu istiqamətdə bütün planlar və irəliləyişlər haqqında əvvəlcədən xəbərdar olmaq lazımdır ki, əhalimizin qəsdinə duranların qarşısını ala bilək", - tarixçi deyib. 

Xatırladaq ki, 30 mart və 3 aprel 1918-ci il tarixində Bakı, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və ölkənin digər rayonlarında Bakı Soveti və erməni-daşnak silahlı birləşmələri azərbaycanlılara qarşı soyqırımı həyata keçirib. 

Ən qanlı hadisə 31 mart 1918-ci ildə həyata keçirilib. Rusiyada baş verən fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər bolşevik bayrağı altında öz planlarını həyata keçirməyə müvəffəq olublar. 1918-ci ilin mart ayından Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən planlarını həyata keçirməyə başlayıb.  

Son xəbərlər

Orphus sistemi